[b]“Qəbələ” Bakını tərk edir[/b]
29.08.2016 - 17:55
[b]“Qəbələ” Bakını tərk edir[/b]

“Qəbələ”nin Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı dəqiqləşib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, UEFA Avropa Liqasının pley-off mərhələsinin “Maribor”la (Sloveniya) avqustun 25-də səfərdə keçirilən cavab oyunundan (0:1) sonra istirahətə buraxılan futbolçular ayın 31-də bir araya gələcək.

 

“Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Odessa şəhərində hazırlıq keçəcək komandamız sentyabrın 7-dək bu ölkədə qalacaq. Roman Qriqorçukun yetirmələri toplanış müddətində “Çernoye More” otelində məskunlaşacaq. Hazırlıq prosesi çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Sentyabrın 4-də baş tutacaq qarşılaşmadakı rəqibin adı hələ dəqiqləşməyib. “Qəbələ” təlim-məşq toplanışını tam heyətlə keçirməyəcək. Milli komandaların düşərgəsində olan futbolçular – Sergey Zenyov Estoniya, Nika Kvekveskiri Gürcüstan, Teo Uiks Liberiya yığmasının düşərgəsində olduğu üçün hazırlıqlarda iştirak edə bilməyəcək. Azərbaycan millisinin heyətində olan Məhəmməd Mirzəbəyov, həmçinin U-21 yığmasının toplanışına qatılan Elvin Camalovla Sadiq Quliyev də Ukrayna səfərində iştirak etməyəcək.

 

Qeyd edək ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 10-da keçirəcək. “Qəbələ” Topaz Premyer Liqasının IV turunda səfərdə “Neftçi” ilə görüşəcək.

 

 

0