[b]“Uğur əldə etmək heç də asan deyil” – Namiq Quliyev[/b]
12.09.2016 - 00:15
[b]“Uğur əldə etmək heç də asan deyil” – Namiq Quliyev[/b]

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının VIII turunda kişilərdən ibarət ikinci millimiz Finlandiyanı 3:1 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, dördüncü lövhədə mübarizə aparan Namiq Quliyev Tommi Luukkoneni məğlub etməklə komandamızın qələbəsində böyük pay sahibi olub.

 

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibəsində Namiq Quliyev ilk öncə çıxışını dəyərləndirib: “Olimpiadada məhsuldar çıxış edirəm. Hesabımda 2 qələbə və 1 heç-heçə var. Dördüncü lövhədə mübarizə aparmağım komandamızın kapitanı Emil Sutovskinin qərarı idi. Onun fikrincə, sonuncu lövhədə komandaya maksimum dərəcədə faydalı oluram. Təbii ki, sona yaxınlaşdıqca müəyyən qədər yorğunluq da olur. 7-ci turda venesuellalı Daniel Pullvetlə görüşdə üstünlük mənim tərəfimdə olsa da, sonda heç-heçə ilə kifayətləndim”.

 

Qrossmeyster qeyd edib ki, olimpiadada ilk “onluğ”a düşmək çətin olacaq: “Sona 3 tur qalıb. Hər görüşdə bütün gücümüzü ortaya qoyuruq ki, lazımi nəticəni qazanaq. Aydın məsələdir ki, olimpiadada ən güclülər mübarizə aparır və uğur əldə etmək heç də asan deyil. Onu da nəzərə almaq lazımdır ki, ikinci komandamızın heyətinin əsasını gənclər təşkil edir”.

 

Namiq Quliyev Azərbaycanın nüfuzlu turnirə ev sahibliyi etməsinin sevindirici hal olduğunu söyləyib: “2006-cı ildə Turində keçirilən olimpiadada çıxış etmişəm. Bakıdakı turnir möhtəşəm təşkil edilib. Yarış çox yüksək səviyyədə keçir. Qonaqların təəssüratları yüksəkdir. Bu cür mötəbər yarışın məhz ölkəmizdə keçirilməsi sevindirici haldır”.

0