[b]“Zirə”nin baş məşqçisi: Xal qazana bilməyəndə...[/b]
30.09.2016 - 17:23
[b]“Zirə”nin baş məşqçisi: Xal qazana bilməyəndə...[/b]

“Komandama ikinci hissədə sərgilədiyi oyuna görə təşəkkür edirəm. Bizim üçün kritik vəziyyət idi. Mütləq qalib gəlməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının VII turu çərçivəsində “İnter”lə qarşılaşan paytaxt təmsilçisi 1:1 hesablı heç-heçə edib.

 

Matçdan sonra mətbuat konfransı keçirən Şükürov nəticəni belə şərh edib: “İlk hissədə rəqib, ikinci hissədə biz yaxşı oynadıq. Hazırda hücum xəttində problemlərimiz var. Çalışacağıq ki, fasilədə bu çatışmazlığı aradan qaldıraq”.  

 

- Sanki futbolçular arasında anlaşılmazlıq var. Oyun zamanı bir neçə dəfə söyüş səsləndi...

- Futbol hisslərlə oynanılır. Buna görə də, belə şeylər olur. Ancaq olmamalı idi.

 

- “Zirə” ötənilkindən zəif təsir bağışlayır...

- Komanda öz potensialını tam göstərə bilmir. Sərgilədiyimiz futbola baxanda görürük ki, heç bir komandadan zəif deyilik. Sadəcə, oyun üslübumuzu dəyişdiyimizdən, bir qədər çətindi. Gələn turlarda vəziyyətin düzələcəyinə ümid edirəm.

 

- Sizin üçün kritik oyun olduğunu dediz. Rəhbərlik tərəfindən təzyiq var?

- Xeyr. Kritik vəziyyət futbolçular arasındadı. Xal qazana bilməyəndə futbolçular arasında həyəcan yaranır.

 

- Fasilə “Zirə”yə necə təsir göstərəcək?

- Məncə, xeyrimizə olacaq. Çalışacağıq ki, heyətdə olan çatışmazlıqları həll edək.

 

- Legionerlərin heyətə tam uyğunlaşmaması normaldı. Bəs Murad Səttarlı ilə bağlı problem nədi?

- O hələ ki, tam hazır deyil. Bu gün ilk hissədə zəif təsir bağışladığına görə, Şemonayevlə əvəzlədim. Belə olduğu halda, Təmkin Xəlilzadəni müdafiədən yarımmüdafiə xəttinə çəkdim. Futbolçularda eniş dövrü olur. Ümid edirəm ki, tezliklə əsl formasını bərpa edəcək.

0