[b]Səfir Əbu-Dabidə Bakı Şəhər Həlqəsinin rəhbərliyi ilə görüşdü - FOTOSESSİYA[/b]
28.11.2016 - 01:40
[b]Səfir Əbu-Dabidə Bakı Şəhər Həlqəsinin rəhbərliyi ilə görüşdü - FOTOSESSİYA[/b]

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Bakı Şəhər Həlqəsinin rəhbərliyi ilə görüşüb. Apasport.az saytının məlumatına görə, Əbu-Dabidə baş tutan görüşdə “Formula-1” yarışı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Şükürov öncə BƏƏ və burada yaşayan həmyerlilərimiz barədə danışıb. Ardınca Əbu-Dabidə Yas Marina trekindən söz açan səfir bildirib ki, burda “Formula-1”ə xüsusi maraq var. O, həmçinin yarışın təsnifat mərhələsini izlədiyini və təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edib.

 

Görüşdə iştirak edən Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkətinin icraçı-direktoru Arif Rəhimov diqqət üçün səfirə minnətdarlığını bildirib. O qeyd edib ki, Bakıda keçirilən Avropa Qran-prisi artıq “Formula-1” ailəsində özünə lazımı yer edib və yarış ildən-ilə daha yüksək səviyyədə təşkil olunacaq. Rəhimovun sözlərinə görə, 21 mərhələdən birinin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanınmasına, həmçinin paytaxtımıza turistlərin gəlişinin artmasına hesablanıb.

 

Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə Avropa Qran-prisinin digər mərhələlərdən geri qalmadığını vurğulayıb. O bildirib ki, paytaxtımızda baş tutan yarış özünəməxsusluğu ilə seçilib. Yarışın dünya mətbuatında geniş işıqlandırıldığını açıqlayan Apadarai turnirin Azərbaycan üçün faydalarından da söhbət açıb. Onun sözlərinə görə, “Formula-1” ölkəmizdə tezliklə ən çox sevilən idman növlərindən birinə çevriləcək.

 

Sonda BƏƏ-də yarışın təbliğatı, həmçinin bu ölkənin vətəndaşlarının Bakı trekini izləməsi üçün atılacaq addımlar müzakirə edilib. Qərara alınıb ki, yarış öncəsi səfirlikdə baş tutacaq görüşlərdə Azərbaycan Qran-prisinin təbliğatı da aparılsın.

0