[b]Robert Prosineçki: Qurbanın hansı sirri olduğunu görəcəyik...[/b]
08.12.2016 - 12:18
[b]Robert Prosineçki: Qurbanın hansı sirri olduğunu görəcəyik...[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Bakı Olimpiya Stadionunda jurnalistlərin suallarını da cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə xorvatiyalı çalışdırıcı maraqlı fikirlər səsləndirib.

 

- Son vaxtlar nəsə probleminiz var idi? Oyunlara da gələ bilməmişdiniz...

- Futbola gəlmək istəmirdim (gülür). Zarafat edirəm, mənə möhkəm soyuq dəymişdi. Buna görə də, evdən çıxa bilmirdim. İndi isə hər şey qaydasındadı. Mən hər oyunu izləyirəm.

 

- Millinin növbəti təlim-məşq toplanışının vaxtı dəqiqləşib?

- Yox, hələ bilinmir.

 

- Ümumiyyətlə, yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulubmu?

- Belə bir planımız var idi. Amma çətin olacaq. Çünki klublar təlim-məşq toplanışında olacaqlar. Yanvarın sonunda çempionat yenidən davam edəcək. Uyğun vaxt tapa bilmirik ki, 3-4 gün bir yerdə olaq. İkincisi, həmin vaxt yoldaşlıq görüşü keçirmək üçün komanda da tapa bilmərik. İnanmıram ki, yoldaşlıq oyunu keçirək. Millinin oyunçuları klubların tərkibində olacaq, biz onları ordan ala bilmərik. Buna görə də, qışda yığmanın yoldaşlıq oyunu keçirməsi inandırıcı görünmür.

 

- Bu gün “Qarabağ”ın Avroliqada həlledici oyunu var. Bu matçdan nə gözləyirsiz və görüşü izləyəcəksizmi?

- “Qarabağ”ın bundan öncəki oyunda əla şansı var idi. Bu gün çox çətin olacaq. Rəqib “Fiorentina”dı, amma futbol elə oyundu ki, hər komandanın şansı var. Biz də ümid edirik. Lakin “Fiorentina” kimi komandaya qalib gəlmək çox çətin olacaq. Onu nəzərə alaq ki, Maksim, Miçel oynamayacaq. Rəşad Sadıqov uzun müddətdi normal məşq etmir. Reallıq onu göstərir ki, “Qarabağ” üçün çətin olacaq.

 

- Çempionlar Liqasında hamı “Beşiktaş”dan qələbə gözləsə də, əksinə oldu. “Qarabağ” – “Fiorentina” matçından öncə hansı taktiki dəyişikliklər olmalıdı ki, biz də Ağdam klubunun qələbəsinə ümid edək?

- “Beşiktaş”ın qapısına olmayan penalti təyin edildi, oyunçusuna qırmızı vərəqə göstərildi. Nəticədə matçın gedişi dəyişdi. 10 oyunçu ilə qalanda sözsüz ki, vəziyyətin çətin olur. Futbolda hər şey mümkündü. Taktiki baxımdan danışmaq istəmirəm. Qurban Qurbanov güclü məşqçidi, komandaya necə motivasiya vermək lazım olduğunu yaxşı bilir. Onu da deyim ki, “Fiorentina” Bakıya əsas heyəti ilə gəlib. Onlara da xal lazımdı, matça ciddi yanaşırlar. Yəqin ki, Qurbanın taktiki baxımdan hansı sirri olduğunu görəcəyik. Amma “Qarabağ”ın işi çətin olacaq.

 

- Millinin hər oyunundan öncə heyəti qorxmadan açıqlayırsız. Amma digər məşqçilər eyni cür davranmırlar. Bu nədən irəli gəlir?

- Səbəbini bilmirəm. Mən qorxmuram heyəti açıqlamadan. Rəqib həmkarım heyətimizi bilir, bilsin, bundan çəkinmirəm. Həmişə bunu etmişəm. Bu, növbəti oyunlarda da davam edəcək.

 

- “Qəbələ”nin kapitanı Cavid Hüseynovun hazırkı durumunu necə dəyərləndirirsiz?

- Bu suala cavab vermək çətindi. Bir neçə oyun keçirib. Onun barədə fikir bildirmək hələ tezdi. 14 ay oynamayan futbolçunun 1-2 aya forma yığması mümkün deyil. Cavidə vaxt lazımdı. Qış fasiləsində “Qəbələ” ilə hazırlıq keçəcək. Bu ona kömək olacaq.

 

 

0