[b]“Qarabağ” bizə çətin anlar yaşatdı” – Nikola Kaliniç[/b]
09.12.2016 - 18:42
[b]“Qarabağ” bizə çətin anlar yaşatdı” – Nikola Kaliniç[/b]

“Bu qələbə sayəsində pley-off mərhələsinə qrup lideri kimi vəsiqə qazandıq. İndi 1/16 finaldakı rəqibimizi gözləyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın hücumçusu Nikola Kaliniç deyib.

 

Avropa Liqasının son turunda “Qarabağ” üzərində səfər qələbəsi (2:1) qazanan Florensiya təmsilçisi J qrupunu lider kimi başa vurub. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın son 40 dəqiqəsində mübarizə aparan Kaliniç “Qarabağ” haqda da xoş fikirlər səsləndirib.

 

Xorvatiya millisinin forvardı UEFA-nın rəsmi saytına açıqlamasında, xüsusən də, ağdamlıların müdafiə xəttini fərqləndirib: “Qələbə qazanmağımıza baxmayaraq, çox əziyyət çəkdik. “Qarabağ” bizə çətin anlar yaşatdı. Meydan sahibləri müdafiədə dəqiq, səhvsiz oynayırdılar. Bizə, demək olar ki, boş zona buraxmırdılar. Meydançanın durumu ideal durumda deyildi. Amma hər iki komanda üçün şərait eyni idi. Peşəkar futbolçu belə nüansları səbəb göstərməməlidi. Əsas odu ki, qələbə qazandıq. Ancaq qol vurmamağım faktı məni o qədər də narahat etmir”.

 

Qeyd edək ki, “Fiorentina”nın İtaliyada “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etdiyi görüşdə “bənövşəyilər”in qollarından birinin müəllifi məhz Kaliniç olmuşdu.

0