[b]ÇL: Azərbaycan klubları mübarizəyə başlayır[/b]
13.12.2016 - 15:16
[b]ÇL: Azərbaycan klubları mübarizəyə başlayır[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, mükafatlar uğrunda 9 ölkənin 16 klubu mübarizə aparacaq.

 

Yarışda Azərbaycan 2 komanda ilə təmsil olunacaq. Bunlar birbaşa qrup mərhələsində iştirak hüququ qazanan Super Liqanın qalibi “Azərreyl” və vitse-çempion “Telekom”du. Təmsilçilərimizin son illərlə müqayisədə bu dəfə mükafatlara iddia etməsi belə gözlənilən deyil. Çünki çempionatımızın zəifləməsi komandalarımızı da “geriyə addımladır”.

 

Belə ki, Bakı klublarından mövsümə öncə “Telekom” start verəcək. Super Liqanın gümüş medalçısı dekabrın 14-də I tur çərçivəsində İtaliya A seriyasının qalibi “Konegliano” ilə qüvvəsini sınayacaq. Trevizoda baş tutacaq görüşdə rəqib aşkar favoritdi desək, yanılmarıq. Təmsilçimizlə müqayisədə italiyalıların heyətində kifayət qədər tanınmış sima var. Onlardan artıq tarixin yaddaşına köçən “Rabitə” ilə Azərbaycan çempionu olan Katarjina Skorupa, “Bakı”nın Super Liqada bürünc medal qazanmasında xüsusi rolu olan Karolina Kostaqrande, həmçinin Serena Ortolani, Silviya Fori, Robin de Kryoyf və Cenni Barazzanın da adını çəkmək olar.

 

Zoran Qayiçin rəhbərlik etdiyi “Telekom” isə əsasən gənc voleybolçulara güvənəcək. Bu səbəbdən də hazırda çempionatımızın liderinin səfərdən 1 xalla qayıtması da onlar üçün uğur sayılacaq.

 

“Telekom”dan bir gün sonra “Azərreyl” nəyə qadir olduğunu nümayiş etdirəcək. Ötən illərlə müqayisədə zəif təsir bağışlayan “dəmiryolçular” Polşanın “Dabrova Qornitsa” klubu ilə qarşılaşacaqlar. Rəqibin ölkəsinin güclülərindən olmaması və təsnifat mərhələsindən qrupa yüksəlməsi Famil Ağayevin komandasının şansını artırır. Bununla yanaşı, son mövsümü 4-cü pillədə bitirən “Dabrova Qornitsa”da cəmi 4 legioner yer alır ki, onlardan da Reqan Hud, Katlin Ueiss və Yael Kastilyon Bakı klublarının şərəfini qoruyublar. Hər halda, təmsilçimiz bu görüşdə xal itirərsə, növbəti turlarda onlara heç də asan olmayacaq. Super Liqa kimi Çempionlar Liqasında da məğlubiyyətlər gənc çalışdırıcının istefasına da səbəb ola bilər. Amma doğma divarlar komandamıza kömək edə bilər.

 

Qeyd edək ki, reqlamentə əsasən, 4 qrupun qalibi, həmçinin 3 ən yaxşı 3-cü yerin sahibi pley-offa yüksələcək. Bundan sonra “Dördlər finalı”nın ev sahibinin adına aydınlıq gələcək, həmçinin 6 komanda ona rəqib olmaq üçün 3 cütə bölünəcək. Qaliblər yarımfinalda iştirak hüququ qazanacaqlar.

 

 

Qrup mərhələsi

A qrupu

 

14 dekabr

23:30. “Telekom” (Azərbaycan) - “Konegliano” (İtaliya)

 

15 dekabr

21:00. “Ximik” (Polşa) - “Modena” (İtaliya)

 

B qrupu

 

13 dekabr

20:00. “Dinamo” (Krasnodar, Rusiya) - “Volero” (İsveçrə)

 

14 dekabr

20:00. “Dinamo” (Moskva, Rusiya) - “Alba” (Rumıniya)

 

C qrupu

 

15 dekabr

18:00. “Azərreyl” (Azərbaycan) - “Dabrova Qornitsa” (Polşa)

23:30. “Sen-Rafael” (Fransa) - “Fənərbaxça” (Türkiyə)

 

D qrupu

 

14 dekabr

20:00. “VakıfBank” (Türkiyə) - “Uralochka” (Rusiya)

22:00. “Dresdner” (Almaniya) - “Əczaçıbaşı” (Türkiyə)

 

0