[b]6-cı “sambaçı”[/b]
29.12.2016 - 18:45
[b]6-cı “sambaçı”[/b]

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün verdiyi açıqlamada braziliyalı Riçard Almeydanın millidə oynamaq perspektivinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, yığmada çıxışı real görünən “Qarabağ”ın yarımmüdafiəçisi komandanın tarixinə 6-cı braziliyalı kimi düşəcək.

 

Belə ki, bu günə qədər millidə 5 “sambaçı” çıxış edib. Almeydaya debüt etmək nəsib olsa, o, 6-cı olacaq.

 

Onlar arasında rekordçu Leandro Qomeşdi. Cənubi amerikalı 18 matça çıxıb. Lakin hücumçu bu görüşlərdə qola həsrət qalıb.

 

Fabio Luis Ramim isə oyun sayında 2-ci, qol sayında 1-cidi. Sonradan Ramim adından imtina edib, milli tərzdə “Ramin” olan yarımmüdafiəçi 16 görüşdə 4 dəfə fərqlənib.

 

Müdafiəçi Ernani Pereyranın hesabında isə 12 oyun var. O, həmyerlisi Andre Ladaqanı 1 oyun qabaqlayır. Lakin sonuncu braziliyalıların yığmamızdakı ilk qolunun müəllifidi.

 

Yığma karyerası qısa olan Markus Ferreyra isə 2 dəfə meydana çıxıb.

 

Bir sözlə, millinin 24 illik tarixinə düşən 5 braziliyalı ümumilikdə 59 matçda 5 qol vurublar.

0