[b]“Uduzmasanız, sağ getməyinizə zəmanət verə bilmərəm” - LAYİHƏ[/b]
30.12.2016 - 17:22
[b]“Uduzmasanız, sağ getməyinizə zəmanət verə bilmərəm” - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. Layihənin on birinci yazısı 22 il əvvəl keçirilmiş və qalmaqalla yadda qalmış "Turan" - "Neftçi" matçına həsr olunur.

 

1993/94 mövsümünü Azərbaycan futbol tarixində ən yaddaqalan mövsümlərdən adlandırmaq olar. Əvvəla, məhz həmin mövsümün gedişatında AFFA Avropanın futbol qurumu UEFA-nın üzvü kimi təsdiqlənib. Bu isə o demək idi ki, çempion olacaq komanda tarixdə ilk dəfə Azərbaycanı avrokubokda təmsil edəcəkdi. Digər məqam isə 1993/94 mövsümünün həm də qalmaqallarla yadda qalmasıdı. Bunların sırasında “Turan” və “Neftçi” arasında keçirilmiş oyun da var.

 

Çempionluğa iddialı 2 komandanın qarşılaşmasının gərgin keçəcəyi öncədən gözlənilən idi. Çünki əvvəlki turda “Kəpəz”in qonağı olan “Turan”ın bəzi oyunçularına fiziki təzyiq göstərilmişdi. Tovuz komandasının bunun əvəzini “Neftçi” ilə matçda çıxacağı haqda söz-söhbətlər gəzirdi. Stadiona 15 min azarkeşin toplaşması da matça olan böyük maraqdan xəbər verirdi.

 

Fasiləyə qonaq komandanın 1:0 hesablı üstünlüklə yollanması matçın gərginliyini bir qədər də artırır. Bərabərlik qolunun axtarışına çıxan “Turan” 85-ci dəqiqədə istəyinə çatır. Məhz bundan sonra ara qarışır, məzhəb itir. Belə ki, “Neftçi” tərəfi qol epizodunda qapıçı Elxan Həsənova qarşı kobud oyunun olduğunu əsas gətirməklə, etirazını bildirir. Lakin matçın baş hakimi Orucəli Durmuşov qolu hesaba alaraq, mərkəz xəttini göstərir. Bundan sonra qonaqlar meydanı tərk etmək istəyirlər. Lakin buna nail olmayınca, etiraz əlaməti kimi, ikinci qolu “Turan”a “hədiyyə edirlər”.

 

Matçın protokolu

 

"Turan" - "Neftçi" - 2:1

Qollar: Musa Qurbanov, 85; Rövşən Əhmədov, 90 - Mirbağır İsayev, 21

“Turan”: Nizami Sadıqov, Tofiq İsmayılov, Eldar Bədəlov, İlham Məmmədov, Nizami Ocaqverdiyev, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov, Vidadi Rzayev, Rövşən Əhmədov, Qurban Qurbanov, Musa Qurbanov

“Neftçi”: Elxan Həsənov, Aydın Ələkbərov, Samir Xairov, Mirbağır İsayev, Kamil Bayramov, Xaqani Məmmədov, Yunis Hüseynov, Yaşar Vahabzadə, Ərani Beydiyev, Bəxtiyar Musayev, Samir Ələkbərov

Vərəqə: yoxdu

Baş hakim: Orucəli Durmuşov (Bakı)

10 aprel, 1994-cü il. Tovuz. Şəhər stadionu, 15000 tamaşaçı

 

“Topu kənara vuranda meydandan çıxmırdı”

Qalmaqallı matçın təfərrüatlarını oyunun iştirakçıları dilə gətirəcəklər. Həmin vaxt “Neftçi”nin heyətində ən təcrübəli futbolçulardan sayılan Yaşar Vahabzadə ilk həmsöhbətimizdi. Azarkeşlərin meydançaboyu xəttin yanında düzüldüyünü deyən keçmiş yarımmüdafiəçi narazılığın bərabərlik qolundan sonra pik həddə çatdığını bildirib: “İlk hissəni 1:0 hesabı ilə öndə bitirdik. Hakimlərə azarkeşlər tərəfindən təzyiq var idi. O vaxt stadionlarda təhlükəsizlik hasarları yox idi. Azarkeşlər meydançaboyu yan xətt hakimlərinin arxasında dayanmışdılar. Hətta topu kənara vuranda meydandan çıxmırdı. Vəziyyət elə idi ki, biz öz məşqçilərimizi belə, görə bilmirdik. Onlar azarkeşlərin arxasında qalmışdılar. Oyunun sonlarında "Turan" qol vurdu. O epizodda qapıçımız Elxan Həsənov və müdafiəçimiz Samir Xairovu itələyib yıxdılar. Yəni qayda pozuntusu idi, amma hakim qolu hesaba aldı. Biz hakimin üstünə qaçdıq ki, niyə belə edirsən? Həmin vaxt meydana yanında polis işçiləri olan rəis və şəhərin komendantı daxil oldu. Onlar nalayiq sözlər işlədərək, bizim üstümüzə gəldilər".

 

“Komendantı çağırdım ki, camaatı çək, gedək”

Bu zaman Yaşar Vahabzadə ilə polis rəisi və şəhərin komendantı arasında dialoq yaşanıb. Komendant “Neftçi”nin təcrübəli üzvünə uduzmalı olduqlarını, əks təqdirdə, azarkeşlərin qabağını kəsə bilməyəcəklərini deyib. Nəticədə topu rəqibə verən “Neftçi”nin futbolçuları meydançada hərəkətsiz dayanaraq, “Turan”ın ikinci qolu vurmasına şərait yaradıblar: “Meydanda ən yaşlı futbolçu mən idim. Polis rəisi və komendant üstümüzə gələndə dedim ki, sizə yaraşmaz belə, söyüş söyürsüz, nalayiq sözlər deyirsiz. Komendant qayıtdı ki, Yaşar, biz səni tanıyırıq, amma burda vəziyyət belədi; camaat ayağa qalxıb, siz bu oyunu uduzmasanız, sağ getməyinizə zəmanət verə bilmərəm. Uşaqlarla meydanda məsləhətləşdik. Dedim yaxşı, siz camaatı sakitləşdirin, biz nəsə edərik ki, meydandan sağ-salamat çıxıb gedək. Azarkeşləri meydandan qırağa çəkdilər. Mən də uşaqları başıma yığdım ki, nə edək, burdan sağ-salamat getməliyik. Yəni komendantın sözündən belə çıxdı ki, uduzmalısız. Dedim oyuna mərkəzdən başlayıb topu verək onlara, sonra çəkilib, hamımız bir qıraqda dayanaq, rəqib qol vursun, biz də çıxaq gedək. Gəldik mərkəzə, Yunisə dedim ki, topu ver mənə. Topu atdım onlara, dedim gedin, qol vurun. Beləcə qol vurdular, hakim mərkəzi göstərdi. Biz oyuna mərkəzdən başlamadıq. Komendantı çağırdım ki, camaatı çək, paltardəyişmə otağına gedək. Gəldi camaatı araladı, bizi yola saldılar. Otaqdan paltarlarımızı götürüb, avtobusa oturduq".

 

“Hər şey baş verə bilərdi"

Vahabzadə həmin vaxt hadisələrin o cür cərəyan etməsinin səbəbini izah edib: “Bir tur öncə Gəncədə “Turan”a qarşı təzyiqlər olmuşdu, hətta futbolçuların bəzilərini döymüşdülər. Biz Tovuza çatanda azarkeşlər avtobusu dövrəyə alıb, cürbəcür sözlər deyirdilər. Çox gərgin oyun idi. Yenə deyirəm, top meydandan çıxmırdı. Hakimləri də qınamaq istəmirəm. Çünki heç kəs döyülmək istəməzdi (gülür). Meydançanın özümüzə aid hissəsindən qapıçı ilə təkbətəkə doğru gedirdik, yan xətt hakimi ofsayd qeydə alırdı. Ona da arxadan təzyiqlər olurdu, məcburən bayrağı qaldırırdı. Həmin oyunu uduzmasaydıq, bilmirəm nə ola bilərdi. O vaxt ölkədə vəziyyət pis idi, müharibə şəraitində yaşayırdıq. Bir sözlə, hər şey baş verə bilərdi".

 

“...yekə kişisən, kostyum geyinib qalstuk taxmısan, dediyin sözlərə bax”

“Neftçi”nin sabiq üzvü azarkeşlərlə yanaşı, polis rəisi və şəhərin komendantı tərəfindən də söyüldüklərini bildirib: "Söz-söhbətlər getdi ki, guya biz oyunu satdıq. Məndən o vaxt müsahibə almışdılar. Dedim necə oyun satırdıq ki, bərabərlik qoluna kimi stadion bizi söyürdü. Əgər oyunu satmışdıqsa, niyə söyülürdük, elə matçın əvvəlindən mübarizə aparmazdıq da. Dedim ki, görmədiz, necə qollar vurdular? Bunlar boş sözlər idi. Komendant polis rəisi ilə birlikdə bizə elə nalayiq sözlər deyirdi ki... Qayıtdım ki, ayıbdı sənin üçün, yekə kişisən, kostyum geyinib qalstuk taxmısan, dediyin sözlərə bax. Mənim bu sözlərim onu bir az tutdu. Dedim bütün stadion ana, bacımızı söydü, azarkeşlərə "ayıbdı, onlar da azərbaycanlı uşaqlardı" demək əvəzinə, meydana girib siz də bizi söyürsüz. Komendant qayıtdı ki, vəziyyət belədi, bizim uşaqları Gəncədə pis döyüblər. Doğrudan da, "Turan"ın bəzi futbolçularını pis döymüşdülər. Amma onlar elə döyülmüşdülərsə, bizim nə təqsirimiz var idi?". 

 

“Bizi alqışla yola saldılar”

Oyundan sonra isə azarkeşlər “Neftçi”nin futbolçularını alqışlayıblar: “Bizi soyunub-geyinmə otağına təmtəraqla yola saldılar. Heç elə bil həmin azarkeşlər deyildilər. Matçdan sonra mənfi mənada heç nə olmadı. Nə oldusa, oyun vaxtı baş verdi. Tovuzdakı görüşə hətta Gürcüstanın futbol mütəxəssisləri də baxmağa gəlmişdilər. Onlar deyirmişlər ki, bizdə də belə hallar olur, amma bu dərəcədə yox. Bildiyimə görə, Çivadze də həmin oyuna stadiondan baxırdı”.

 

“İlk həyəcan siqnalını oyundan öncə bildirmişdik”

Növbəti həmsöhbətimiz həmin vaxt “Neftçi”nin baş məşqçisi olmuş Vaqif Sadıqovdu: “O vaxt çempionluq uğrunda 4 komanda mübarizə aparırdı. Belə bir vəziyyət yaranmışdı ki, mart-aprel aylarında iddialı klublar bir-birləri ilə qarşılaşdırdılar. Çox yaxşı yadımdadı ki, "Turan" bizimlə oyundan öncə Gəncədə "Kəpəz"lə qarşılaşdı. "Turan"ın heyətində elə futbolçu var idi ki, "Kəpəz"lə matçda sarı vərəqə almışdı və limiti doldurduğuna görə bizimlə görüşü buraxmalı idi. Amma protokolda bu, öz əksini tapmamışdı. Gəncədəki oyun elə keçmişdi ki, hər şey protokola qeyd olunmamışdı. Təsadüfi deyil ki, adını açıqlamaq istəmədiyim həmin futbolçu bizimlə matçda da meydana çıxmışdı. İlk həyəcan siqnalını hələ oyundan öncə bildirmişdik. "Turan"la matç həlledici görüş idi. Mənim üçün daha önəmli idi, çünki gənc məşqçi idim. Qələbə qazanacağımız halda, çempionluğa yolumuz açılacaqdı. Belə ki, sonrakı oyunlarda "Kəpəz" istisna olmaqla, iddialı olmayan komandalarla qarşılaşmalıydıq”.

 

“Hakimlər imkan vermədilər ki...”

"Turan"la oyundan öncə hər hansı bir təzyiqlə qarşılaşmadıqlarını deyən Sadıqov böyük ajiotaj olduğunu sözlərinə əlavə edib: “Stadion vaxtından tez azarkeşlərlə dolmuşdu. Bunu hələ soyunub-geyinmə otağına daxil olanda hiss etdik. Ancaq komandamız qələbəyə köklənmişdi. Tovuzda ən yaxşı oyunlarımızdan birini keçirdik. İlk hissədə Mirbağır İsayev hesabı açdı. Ondan sonra bir neçə qol şansını əldən verdik. Bəzi epizodlarda isə hakimlər imkan vermədilər ki, qol vuraq. Bu oyunda mən hər şeyi - öz meydançamızdan təkbətək çıxan bir məqamda oyundankənar vəziyyətin qeydə alındığını, bərabərlik qolunda rəqib futbolçuların tamamilə ayrı idman növünün fəndlərindən istifadə etdiyini gördüm. Bundan sonra oyundan çıxmağı qərara aldıq. Amma heyif ki, meydançanı tərk edə bilmədik".

 

“...məğlub olan vaxtda meydançadan çıxa bilərsiz”

Vaqif Sadıqovun dediyi kimi, bərabərlik qolundan sonra meydançadan çıxmaq istəsələr də, buna nail olmayıblar. Məşqçilər Komitəsinin sədri bu məsələyə də aydınlıq gətirib: “Azarkeşlər matçın sonlarında oturacaqlardan aşağı düşmüşdülər. Demək olar ki, bizim yanımızda qərarlaşmışdılar və meydançanı tərk etməyə imkan vermədilər. Təbii ki, söyüşlər səsləndirirdilər. Fasiləyə 1:0 hesabı ilə öndə yollananda bəzi adamlar soyunub-geyinmə otağına daxil olmaq, hədə-qorxu gəlmək istəyirdilər. Bizim kimi, "Turan" üçün də vacib oyun idi. Qalib gəlsəydilər, demək olar ki, çempionluğa yolları açılırdı. Çünki bu oyundan öncə "Qarabağ" və "Kəpəz"ə qalib gəlmişdilər. "Turan"a çempionluq mübarizəsində mane ola biləcək yeganə komanda "Neftçi" qalmışdı. Bərabərlik qolunu buraxanda son dəqiqələr gedirdi. Etiraz əlaməti olaraq, meydançanı tərk etmək istədik. Tapşırıq verildi ki, hamımız topu rəqibə verib dayanırıq, qol buraxdıqdan sonra meydanı tərk edirik. Çünki bizə hədə-qorxu gəlməklə bildirmişdilər ki, məğlub olan vaxtda meydançadan çıxa bilərsiz". 

 

“Rəhbərlik bu qərarla razılaşmadı”

“Neftçi” Bakıya qayıdandan sonra AFFA rəhbərliyinə müraciət edərək, oyunun yenidən, özü də neytral meydanda keçirilməsini istəyib. Nizam-İntizam Komitəsinin qərarı “ağ-qaralar”ı razı salmayıb. Nəticədə paytaxt klubu çempionatı tərk edib: “Düzdü, AFFA bununla bağlı tez qərar qəbul etmədi. Biz o arada təqvim üzrə 1 oyun da keçirməli olduq. Ondan sonra Nizam-İntizam Komitəsi "Turan"la matçın məkanını dəyişməmək şərtilə, yenidən keçirilməsinə qərar verdi. Ancaq klub rəhbərliyi bu qərarla razılaşmadı və bildirdi ki, neytral meydançada oyun keçirməyi tələb edirik. AFFA isə buna getmədi, demək olar ki, nəticəni qoruyub saxladı. Ondan sonra çempionatı tərk etdik. Digər klubların rəhbərləri ilə məsləhətləşmələr aparıldı, əksəriyyəti dəstək olduqlarını bildirdilər. O qərarı qəbul etməmişdən öncə "Kəpəz"lə görüşümüz olmalı idi. Razılaşıldı ki, heç bir komanda meydana çıxmasın, etirazımızı bildirək. Amma heyif ki, oyuna çıxmayan komanda təkcə "Neftçi" oldu. Son 8 turda bizə texniki məğlubiyyət verildi. Buna baxmayaraq, mövsümü 8-ci pillədə bitirdik".

 

Həmin mövsüm bitəndən sonra “Neftçi”nin ətrafında birləşən klublar yeni çempionat keçirmək istəyinə düşüblər. “Ağ-qaralar” və həmfikirləri AFFA-ya alternativ olaraq yaradılmış Azərbaycan Peşəkar Futbol Liqasının yaranmasına təkan veriblər. Lakin sonra AFFA “Neftçi”nin “könlünü alaraq” çempionata qaytara bilib.

 

"Turan" həmin mövsüm çempionluğa layiq idi"

Qalmaqallı “Turan” – “Neftçi” matçı haqda Tovuz klubunun qapıçısı olmuş Nizami Sadıqov da danışıb. O, qarşı tərəfin ittihamlarını qəbul etmədiyini bildirib: “Kəpəz" üzərindəki qələbədən 3 gün sonra "Neftçi" ilə oynadıq. Əsas problem bərabərlik qolundan sonra yaşandı. Yadımdadı ki, künc zərbəsindən sonra qol vurduq. "Neftçi"nin oyunçuları etiraz etdilər ki, guya qol epizodunda bizim futbolçular rəqib qapıçını itələyiblər. Buna görə bir az narazılıq yarandı. "Neftçi" ilə oyuna qələbə üçün çıxmışdıq. Kim meydana uduzmağa çıxır ki? Bizim də məqsədimiz qalib gəlmək idi. Gəncədəki qələbədən sonra çempionluğa doğru gedirdik və o şansı əldən buraxmaq istəmirdik. Bərabərlik qolumuzdan sonra "Neftçi"nin futbolçuları meydandan çıxmaq istədilər. Narazılıqları hardasa 5-6 dəqiqə çəkdi. Lakin sonra meydana qayıtdılar və oyun davam etdi. Əslində, elə böyük ajiotaj yaşanmadı, sadəcə, olanları bir az şişirdirlər. "Turan" həmin mövsüm çempionluğa layiq idi".

 

“Qurban qapıçını "korpus"u ilə saxladı, Musa isə qol vurdu”

Matçın baş hakimi Orucəli Durmuşovun fikirləri maraq doğurmaya bilməzdi. Sonuncu həmsöhbətimiz olan Durmuşov həmin oyunu yaxşı xatırladığını qeyd edib: “İlk hissədə “Neftçi”nin futbolçusu Mirbağır İsayev sağ tərəfdən zərbə endirdi və qol oldu. Bu, birinci hissənin 21-ci dəqiqəsində baş verdi və fasiləyə “Neftçi” üstün yollandı. Düzdü, həmin oyunda qalmaqal oldu. 85-ci dəqiqədə "Turan" küncdən zərbə yerinə yetirdi. Qurban Qurbanov qapıçının qabağına keçib, onu "korpus"u ilə saxladı, Musa isə qol vurdu. Hesab 1:1 olanda Yunis Hüseynov və “Neftçi”nin digər futbolçuları meydançadan çəkilib, qırağa getdilər. Çingiz İsmayılov və rəhbərliyin digər üzvləri orda idi. Onlarla məsləhətləşib gəldilər və oyuna mərkəzdən başladılar. “Neftçi”nin heyətində yarımmüdafiəçi Mais var idi, o, topu almaq istəyəndə komanda yoldaşları qışqırdılar ki, əl dəymə, “Turan” da ikinci qolu vurdu”.

 

“Oyunu saxlayıb, qayda pozuntusu qeydə almaq da olardı”

Orucəli Durmuşov “Neftçi” tərəfinin narazı qaldığı, bərabərlik qolunun vurulduğu epizod və ondan sonra baş verənlərlə bağlı da fikirlərini bölüşüb: “Neftçi” buraxdığı ilk qolda qayda pozuntusunun olduğunu deyərək, etirazını bildirdi. Orda hakim səhvi yox idi. Mən epizoda yaxın, 2 metrlik məsafədə idim. Düzdü, oyunu saxlayıb, qayda pozuntusu qeydə almaq da olardı. Amma mən bunu etmədim. Məni tanıyanlar bilirlər ki, hər epizoda görə oyunu saxlamırdım. Ola bilər ki, orda qayda pozuntusu var idi, amma bilərəkdən edilməmişdi. Hər iki futbolçu havada olarkən o an baş vermişdi. Epizod 50/50-yə idi. “Neftçi” üçün orda qayda pozuntusu var idi, amma “Turan” üçün yox. Hakim kimi mənim üçün də o epizodda kobud oyundan söhbət gedə bilməzdi”.

 

“Hesab 1:1 olanda dedim ki, canım qurtardı”

Oyundan öncə yerli komanda və azarkeşlər tərəfindən təzyiqlə üzləşmədiyini deyən Durmuşov hesabın bərabərləşməsinə sevinib: “Mənə və digər hakimlərə yerli komanda, azarkeşlər tərəfindən heç bir təzyiq olmamışdı. Həmin matçda köməkçilərim kim idi, yadımdan çıxıb. Amma hamısını özüm üçün qeyd etmişəm, kitab buraxdırmaq fikrim var. Hesab 1:1 olanda dedim ki, canım qurtardı (gülür). Nə bilim ki, axırıncı dəqiqədə “Neftçi”nin futbolçuları öz aralarında danışıb, ikinci qolu buraxacaqlar. Oyundan sonra müsahibə verdiyim qəzet indiyə qədər məndədi. Demişdim ki, “Neftçi” 1 dəqiqə qalmış oyunu satdı. Sadəcə, bütün günahı hakimin boynuna yıxmaq istəyirdilər. Bəli, matçın gedişində yerli komandanın 3-4 azarkeşi Çingiz İsmayılov və “Neftçi”nin digər rəsmilərinin üstünə hücum etdi. Sonra qonaq komandanın futbolçuları meydandan çıxmaq istədilər. 1-2 dəqiqəlik qalmaqaldan sonra hamısı geri döndü. Matçdan sonra uduzan komanda, yəni “Neftçi” ilə bir yerdə çörək yeyib, Bakıya qayıtdım”.

 

Tengiz MƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0