[b]Özü “İnter”də, ürəyi “Neftçi”də: “Getmə” deyən olsaydı...[/b]
10.01.2017 - 09:55
[b]Özü “İnter”də, ürəyi “Neftçi”də: “Getmə” deyən olsaydı...[/b]

“İnter” klubunun yarımmüdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

 

- “İnter”in məşqlərində iştirak etsəniz də, “Neftçi”yə keçəcəyinizlə bağlı xəbərlər səngimir. Məsələyə konkret izah verə və nöqtə qoya bilərsinizmi?

- Qış fasiləsindən sonra “İnter”in məşqlərində iştirak edirəm. Bütün diqqətimi komandanın hazırlığına yönəltmişəm. Qarşıda bizi Antalya toplanışı gözləyir. Komanda ilə birgə Antalyaya gedəcəyim dəqiqdi. Klub rəhbərləri arasında aparılan danışıqlarda isə yenilik yoxdu.

 

- Deməli, danışıqlar klub rəhbərliyi səviyyəsində davam etdirilir?

- Bu haqda konkret bilgim yoxdu. Hər hansı yenilik olarsa, bundan mütləq xəbərim olacaq.

 

- “İnter”də durum heç də qarışıq deyil, komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Hətta buna yaxındı. Üstəlik, oyununuzu da tapmısınız. Belə məqamda yerdəyişmə etmək nə dərəcədə düzgündü?

- Sadaladıqlarınızı nəzərə alsaq, bəlkə də, yerdəyişmə etmək düzgün deyil. Üstəlik, “İnter” cari mövsümdə çox yaxşı çıxış edir, ilk “üçlük”də qərarlaşıb. Amma “Neftçi”nin də mənə nə qədər doğma komanda olduğunu bilməyinizi istərdim.

 

- Ola bilərmi ki, həm Beynəlxalq Bankda, həm də klubun rəhbər postunda tez-tez edilən dəyişikliklər sizi düşünməyə vadar edir?

- Futbolda belə halları normal qarşılamaq lazımdı. Kənardan baxanda, dediklərinizdə həqiqət çoxdu. Lakin məsələnin içərisində olsanız, bir qədər fərqli düşünərsiz. Yəni, bu dəyişiklik klubun çıxışına hansısa təsir göstərməyəcək.

 

- Müqavilənizin sonunu gözləməyiniz mümkün deyil?

- Hazırda klubla yaya qədər anlaşmam var. Mənim nə qərar verəcəyimdən çox, klubun mövqeyi önəmlidi. “İnter”in razılığı hər şeydən vacibdi.

 

- Ağabala Ramazanovun “Qarabağ”ı seçməsi birmənalı qarşılanmadı. Sizin də indiki məqamda komandanı yarıyolda buraxıb getməyinizə görə ictimai qınağa tuş gələcəyiniz istisna deyil. Buna görə narahat deyilsiniz?

- Əvvəla, Ağabala “İnter”in xeyir-duasını aldıqdan sonra “Qarabağ”a keçdi. Klub rəhbərliyi də ona uğurlar arzuladı və keçidinə imkan yaratdı. Həqiqətən də, o, qış fasiləsinə qədər komandamıza az kömək etmədi. İctimai qınaq isə hər zaman var və bunu normal qarşılamaq lazımdı.

 

- Transfer məsələsində “Neftçi”nin təklif etdiyi maliyyə şərtləri həlledici rol oynaya bilərmi?

- Məbləğ və digər məsələlərlə böyük qardaşım Sərxan məşğul olur. Ona görə ətraflı cavab verə bilməyəcəm. Amma “Neftçi” sevgisi pulla ölçülmür.

 

- Bu cür xəbərlərin dolaşdığı məqamda komandada ab-hava necədi?

- Həqiqətən də, əsl dostluq mühiti var. “İnter”də çalışan əvvəlki işçilər də etiraf edirlər ki, klubda heç vaxt bugünkü qədər gözəl, mehriban kollektiv olmayıb. Hamımız uğur qazanmağa, bacardığımızı maksimum dərəcədə yerinə yetirməyə çalışırıq.

 

- Bəs adı transferlərdə hallanan futbolçulara baş məşqçinin münasibəti necədi?

- Baş məşqçimiz çox gözəl, alicənab insandı. Onun futbolçularla münasibətini öyrənmək üçün məşq prosesini kənardan izləmək lazımdı. Futbolçunun adının transferlərlə bağlı xəbərlərdə çıxması normaldı.

 

- Siz “Neftçi”dən ayrılıb əzəli rəqibi “Xəzər Lənkəran”a yollanmışdınız...

- Uşaqlıqdan “Neftçi” fanatı olmuşuq. Bizi yaxından tanıyan hamı bunu bilir. Məni də Ruslan Abışov edən “Neftçi” olub. O vaxt “Neftçi”dən ayrılmağım karyeramın ən böyük səhvi idi. Söhbət “Xəzər Lənkəran”a keçməyimdən getmir. Transfer zamanı klub rəhbərliyinin razılığını alıb, addım atdım. “Getmə” deyən olsaydı, mütləq qalacaqdım. Amma bunu deyən olmadı.

 

- “Neftçi”nin autsayderlər qrupunda yer alması necə, sizi fikrinizdən daşındırmır?

- Hazırda “İnter”in futbolçusuyam və diqqətimi bu komandaya yönəltmişəm. “Neftçi”yə autsayder deməyə adamın dili gəlmir. Bu komandaya keçəsi olsam, autsayder və ya iddialı olmasının mənim üçün heç bir fərqi olmayacaq. Çünki söhbət “Neftçi”dən gedir.

 

- Bəs yayda “Kayserispor”un təklifindən niyə imtina etdiniz?

- Avqustda “Qarabağ”la oyundan sonra gecə Avstriyaya, “Kayserispor”un təlim-məşq düşərgəsinə yollanmalı idim. Matçdan sonra klubun həmin vaxtı prezidenti Rəşad Qasımovla oturub xeyli müzakirə apardıq. O, “İnter”də qalmağımı məsləhət bildi. Əvvəlcə bu qərara görə pis oldum, amma indi Rəşad müəllimə təşəkkür edirəm.

 

- Niyə?

- Sonradan “Kayserispor”da heç də xoş olmayan dəyişikliklər baş verdi. Prezident və baş məşqçi postunda dəyişikliklər edildi. Buna görə də burda qalmağıma dəyərdi.

 

- Qış fasiləsindən sonra zəifləmiş “İnter” yenə iddialı ola biləcəkmi?

- “İnter”də nə qədər ki, bu cür kollektiv var, komanda hər zaman iddialı olacaq. Buna heç kimin şübhəsi olmasın.

0