[b]“Qəbələ” üçün 15 qat Albaniya çempionu[/b]
12.01.2017 - 21:42
[b]“Qəbələ” üçün 15 qat Albaniya çempionu[/b]

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2016-2017-ci illər mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, yanvarın 5-də Qəbələdə bir araya gələn Hüseynqulu Quliyevin yetirmələri məşqlərini şəhər stadionunda gerçəkləşdirir.

 

Əvəzedicilər hazırlıq prosesinin Qəbələdə keçirilən 1-ci mərhələsində yoxlama oyununda da qüvvəsini sınayıb. Komanda I divizion təmsilçisi “Ağsu” ilə görüşüb. Tural Məmmərzayevin hesabı açdığı qarşılaşma heç-heçə nəticələnib - 1:1. Əvəzedicilərin Qəbələdə keçirilən təlim-məşq toplanışı yanvarın 13-də başa çatacaq. 

 

Ertəsi gün komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. Quliyevin yetirmələri qonşu ölkədə 3 yoxlama matçında qüvvəsini sınayacaq. Bu matçlar yanvarın 16-da, 18-də və 20-də keçiriləcək. Sınaqçı rəqiblərdən birincisi artıq dəqiqləşib.

 

“Qəbələ” Albaniyanın “Partizani” klubunun əsas komandası ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan Tirana klubu ötən mövsüm Superliqada 2-ci yeri tutub.

 

Antalya toplanışını başa vurub, ayın 21-də vətənə dönəcək əvəzedicilər ikigünlük istirahətə buraxılacaq. Əvəzedicilərin çempionatının XIX turunun “Sumqayıt”la matçının hazırlıqlarına yanvarın 23-də start verəcək “qırmızı-qaralar” məşqlərini ayın 27-dək davam etdirəcək.

0