[b]“Yığmada vurduğum ilk qola görə doyunca sevinmədim” – MÜSAHİBƏ[/b]
16.01.2017 - 13:57
[b]“Yığmada vurduğum ilk qola görə doyunca sevinmədim” – MÜSAHİBƏ[/b]

Qazaxıstanın “Okjetpes” klubu ilə yoxlama oyununda (2:2) fərqlənən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozancan Kökcünün apasport.az saytına müsahibəsi

 

- Yığmamıza gəlişiniz necə alındı?

- Azərbaycan millisinin seleksiyaçı məşqçiləri bir müddət məni izlədilər. Hələ 3 il əvvəl Norveçdə keçirilən bir turnirdə iştirak etdim və oyunumu bəyəndilər. Komandamız turnirin qalibi, mən isə ən yaxşı oyunçusu oldum. Həmin vaxt Azərbaycan millisində oynamaq variantım ortaya çıxdı. Təbii ki, başqa təkliflər də var idi, amma Azərbaycan yığması daha erkən dəvət göndərdi və qərarımı verməyimə təsir göstərdi.

 

- U-21-in düşərgəsinə qoşulduqdan sonra, xüsusilə də, qardaş ölkənin mətbuatı sizin həm Türkiyə, həm də Hollandiya milli komandalarına namizəd olduğunuzla bağlı xəbərlər yaymağa başladılar. Bunlar nə dərəcədə həqiqətə uyğundu?

-  Həqiqətən də, Hollandiya və Türkiyənin müvafiq yaş qruplarından ibarət yığmalarda oynamaq variantım da var idi. Amma ilk təklifi Azərbaycan millisindən aldım və məşqlərə qoşuldum. Burada gördüklərimdən məmnun olsam da, mətbuatda bu cür xəbərlərin yayılmasından narahatam. Əgər seçim etmişəmsə, yenidən bu cür xəbərlərə yer verilməsi etik cəhətdən düzgün deyil. Komandamızın azarkeşlərinə səslənirəm ki, bu cür xəbərləri oxumasınlar.  

 

- Millimizin, ya da hansısa aşağıyaşlı komandaların oyununu izləmisiniz?

- İzlədiyim oyunlar olub. Əsas millinin baş məşqçisi Robert Prosineçkini yaxından tanıyıram. U-21-in də bəzi oyunlarını izləmişəm. Dinamik bir komandadı. Əlbəttə, yaşla bağlı müəyyən dəyişikliklər olub. Biz gedənlərin yerini hiss etdirməməyə çalışacağıq.

 

- U-21-ə dəvət almağınız klubunuzdakı çıxışınıza təsir edəcəkmi?

- “Feyenoord”da bu çox önəm daşıyır. Millinin üzvlərinə xüsusi yanaşılır. Çünki futbolçu daha çox beynəlxalq oyun keçirir, təcrübə toplayır. Üstəlik, bilirəm ki, Azərbaycan yığması ilə bağlı fikirləri müsbətdi.

 

- Komandamızla bağlı nə düşünürsüz?

- Ayrı-ayrılıqda götürsək, hər biri topla yaxşı rəftar edirlər. Baş məşqçimiz də kifayət qədər təcrübəli və tələbkardı, eyni zamanda futbolçuların dostudu. Texniki heyət köməkliyini əsirgəmir. Ümumiyyətlə, komanda ruhu yaratmaq üçün dostluq bağları olmalıdı. Çünki meydanda tək deyil, 11 nəfərlik heyətlə mübarizə aparırsan. Burda dil problemim də yoxdu. Hər şeyin yaxşı olduğunu deyə bilərəm.

 

- Yəqin klubunuzda da bu cür atmosfer hakimdi…

- Hollandiyada vəziyyət fərqlidi. Orda hər kəs bir növ özünə cavabdehlik daşıyır və özlərini daha böyük görürlər. Amma ilk məşqdən əvvəl baş məşqçimiz yaxınlaşıb, özümü necə hiss etdiyimi soruşdu. Həqiqətən də, xoş sürpriz oldu. Ancaq Hollandiyada belə deyil. 

 

- Gələcəkdə hansısa hadisə sizi fikrinizi dəyişməyə məcbur edə bilərmi?

- Buranı çox sevdim. Məmnun olduğum yerdən niyə qaçım ki? Komandanın səviyyəsi də yüksəkdi. Çalışacam ki, əsas komandaya yüksəlim, Azərbaycan bayrağı üçün mübarizə aparım.

 

- Robert Prosineçkinin köməkçisi oyununuzu izlədi. Bu, üzərinizdə təzyiq yaratmadı?

- Təzyiq yaratmadı. Bilirsiz, xəbərlərə çox vaxt ayırmaq istəmirəm. Fikrimi futboluma yönəltməyə çalışıram. Düzdü, meydanda olduğum ilk 10 dəqiqədə bir qədər həyəcan var idi. 

 

- U-21 Antalyada iki yoxlama oyunu keçirib və hər ikisi heç-heçə başa çatıb. Oyunlarda diqqətinizi cəlb edən nə oldu?

- Əslində, “Rot Ways Erfurt”la oyun daha yaxşı keçdi. Topla daha çox təmin olundum və meydanda fərqli nəsə etməyə çalışdım. Bu matç həm də adaptasiya baxımından vacibdi. Xüsusilə də, ikinci hissədə daha üstün oynadıq. “Okjetpes”lə matça gəlincə, hesabda geri düşsək də, əzmkarlıq göstərdik və hesabı bərabərləşdirdik. Düzdü, U-21-də ilk qolumu vurdum, amma buna doyunca sevinmədim. Adətən qol vurduqdan sonra bunu aşkar şəkildə qeyd etməyi sevmirəm, daxilimdə şükür edirəm.

 

0