[b]“Mən çətinliklərdən “sınan” insan deyiləm”[/b]
24.01.2017 - 12:11
[b]“Mən çətinliklərdən “sınan” insan deyiləm”[/b]

Bu gün 31 yaşını tamamlayan Azərbaycan yığmasının sabiq futbolçusu Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi

 

- Ad günü keçirməklə aranız necədi?

- Çox xoşlamıram. Amma ən azından, uşaqlarla, yaxın dostlarla yığışırıq. Buna qeyd etmək deməzdim, ancaq hardasa oturub yemək yeyib, çay içə bilərik.

 

- Bu dəfə də doğum gününüzü eyni qaydada keçirəcəksiz?

- Yenə elə olacaq. Mən ad günümü təmtəraqlı qeyd etməyi xoşlamıram. Axşama kimi ailəmlə bir yerdə olacam. Sonra isə uşaqlarla görüşəcəm, 2-3 saat oturub, dərdləşəcəyik.

 

- İlk təbriki kimdən aldınız?

- Evdəkilərdən, ailə üzvlərimdən.

 

- Bu vaxta qədər ad günlərinizdən sizin üçün ən yadda qalanı hansı olub?

- Açığı, çox ad günü keçirən deyiləm. Buna görə də, hansınısa fərqləndirə bilmirəm. Mənim üçün xüsusi yadda qalan ad günüm olmayıb.

 

- Bəs ən unudulmaz ad günü hədiyyəsi?

- Təbii ki, uşaqlıq vaxtları ilə sonrakı illərdə aldığın hədiyyələr fərqli olur. Amma hansı hədiyyə daha unudulmazdı, yada sala bilmirəm.

 

- Təlim-məşq toplanışları ilə əlaqədar, yəqin ki, ailədən kənarda keçirdiyiniz ad günləriniz də az olmayıb...

- Düz qeyd etdiniz. Çox vaxt ad günümü ölkədən kənarda, təlim-məşq toplanışlarında keçirmişəm. Amma heç bir çətinliyi olmayıb. Çünki ad günü mənim üçün digər günlərdən bir o qədər də fərqlənmir. Buna görə də, həmin günü xüsusi şəkildə qeyd etməyə heç vaxt can atmamışam.

 

- “Futbolçu ömrü qısa olur” deyirlər. Bu mənada, yaşın artmağı sizi qorxutmur ki?

- Mən bununla bağlı heç bir narahatlıq keçirmirəm. Allah bilən məsləhətdi. Artıq 31 yaşımı tamamladım. Yaşın artmağı problem deyil. Hazırda özümü çox yaxşı hiss edirəm, futbolu rahat oynayıram. Qismətdi, idman rejiminə yaxşı fikir versəm, yaxşı məşq etsəm, hələ çox oynayaram.

 

- Həyatınızın bura qədərki hissəsini istədiyiniz kimi yaşaya bilmisiz?

- Allaha şükürlər olsun, istədiyim kimi yaşamışam.

 

- Ən böyük mənəvi qazancınız nə olub?

- Mən heç vaxt maddi qazancı fikirləşməmişəm. Mənim üçün əsas insanlıqdı. Təkcə futbolda yox, adi həyatda da şəxslərə insanlıqlarına görə hörmət edirəm, nəyəsə görə yox. Özüm də çalışıram ki, elə insan kimi qalım.

 

- Həyatınızda elə bir şey olub ki, hələ də onun peşmanlığını çəkirsiz?

- Nəyisə edirsən, ola bilsin, sonra düşünürsən ki, bunu səhv etmişəm. Əslində, peşmanlıq çəkmək lazım deyil. Qismətdi, yəqin ki, elə də olmalı imiş.

 

- Həyatda üzləşdiyiniz çətinliklər sizi heç ruhdan salıb?

- Hər insanın həyatında çətinliklər olur. Buna görə də, sınmağa dəyməz. Mən çətinliklərdən “sınan” insan deyiləm. Nəyəsə nail olmaq istəyəndə Allahın köməkliyi ilə nail oluram.

 

- İnsanda ən dəyər verdiyiniz xüsusiyyətlər hansılardı?

- Sözün əsl mənasında, insan olmaq lazımdı. Həmişə düzgün danışmalısan. Mənim üçün əsas düzgünlükdü. Dost seçəndə də bu xüsusiyyətlərə fikir verirəm. 3-4 dostum var. Maşallah, hamısı canlara dəyən qardaşlardı.

 

- Dostlarınızdan birinin Rahid Əmirquliyev olduğunu bilirik. Bəs digərləri kimlərdi?

- Futbolda Rahiddi. Amma digərləri bu sahənin adamları deyil.

 

- Belə çıxır ki, futbolda sizin dostluq kriteriyalarınıza cavab verən təkcə Rahid Əmirquliyevdi?

- Bir də Tural Cəlilov. Futbolda ən yaxın dostlarım Rahidlə Turaldı.

 

- Bir qədər də karyeranız barədə danışaq. Son olaraq çıxış etdiyiniz “Kolxeti” ilə müqaviləniz başa çatıb və hələ ki, heç bir komandaya keçməmisiz. Gələcək karyeranızla bağlı nə düşünürsüz?

- Düzdü, “Kolxeti” ilə müqaviləmin müddəti başa çatıb. Gürcüstan klubunun rəhbərliyi qalmağımın tərəfdarıdı. Lakin ailə məsələsi ilə bağlı Azərbaycana qayıtmağı düşünürəm. Sözün düzü, burda hələ təklif yoxdu. İnşallah, yaxşı olar.

 

- Robert Prosineçki Azərbaycan yığmasının baş məşqçisi olandan milliyə çağırılmamısız. Xorvatiyalı çalışdırıcı bunu onun oyun tərzinə, fəlsəfəsinə uyğun gəlməməyinizlə əlaqələndirib...

- Prosineçkinin şəxsi fikridi, mən hörmətlə yanaşıram. Baş məşqçidi, kiminlə işləməyin rahat olduğunu özü seçməlidi. Çünki ondan nəticə tələb edəcəklər. Kimi istəyir seçsin, təki milli qələbələr, yaxşı nəticələr qazansın. Təbii ki, yığmaya qayıtmaq istərdim. Amma məşqçinin şəxsi fikrinə qarışa bilmərəm. Sözün düzü, “Kolxeti”də yaxşı çıxış edib, qollar vuranda yığmaya çağırılacağımı gözləyirdim. Lakin mənə dəvət göndərmədilər.

 

  

0