Berti Foqts Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib - YENİLƏNİB- FOTOSESSİYA
30.03.2008 - 14:49
Berti Foqts Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib - YENİLƏNİB- FOTOSESSİYA
Uzun fasilədən sonra İK-nin iclasında iştirak edən C.Hacıyevlə yanaşı, müzakirələrə AFFA-nın yeni prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, baş katibin müavini Elxan Əsədov, eləcə də Mahir Məmmədov, Elxan Tağızadə, Hafiz Məmmədov, Yaşar Sultanov və səlahiyyətləri dondurulan birinci vitse-prezident Rauf Əliyev qatılıb. Qurumun digər üzvləri Kazbek Tuayevlə Mirkamil Rəhimov isə qeyri-müəyyən səbəblərdən yığıncaqdan kənarda qalıblar. Rövnəq Abdullayev ilk dəfə sədrlik etdiyi iclası giriş sözü ilə öz açaraq, gündəlikdə duran əsas məsələ - milli komandanın baş məşqçisinin təsdiqlənməsi haqda məlumat verilməsini məqsədəuyğun sayıb. Bununla bağlı çıxış edən E.Nəsirov danışıqların gedişi haqda geniş danışıb: “İlkin mərhələdə milli komandanın baş məşqçi postuna 400-dək namizəd vardı. Onlar arasında Ektor Kuper, Lui Van Qal, Jak Santini, Bora Milutinoviç, Artur Jorje, Jak Santini, Rudi Föller də olub. Son mərhələdə üç namizəd qaldı ki, bunlar almaniyalılar Berti Foqtsla Hörnst Köpkel və fransalı Filipp Trussye idi. Danışıqların yekununda Foqts üzərində dayandıq”. R.Abdullayevin B.Fotqsun təyinatına münasibəti isə belə olub: “Almaniyanı Avropa çempionu etməsi və Nigeriya kimi zəif komanda ilə Afrika Millətlər Kubokunda uğur qazanmasını nəzərə alaraq, Foqtsun yığma komandamızı çalışdırmasını məqsədəuyğun saydıq”. Ardından B.Foqtsun namizədliyi səsə qoyulub və qərar yekdilliklə qəbul olunub.
62 yaşlı almaniyalı mütəxəssislə iki illik müqavilə imzalanacaq. Millimizdə müvəqqəti çalışan makedoniyalı Qyoko Hacievskini nəzərə almasaq, B.Foqts braziliyalı Karlos Alberto Torresdən sonra Azərbaycan yığmasını çalışdıracaq ikinci əcnəbi olacaq. K.Torres kimi, B.Foqts futbolçu karyerası dövründə yığma komandasının heyətində dünya çempionu olub. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən almaniyalı 1974-cü ildə vətənində keçirilən mundialda qızıl medal qazanıb. B.Foqts məşqçi kimi Almaniya yığmasını 1996-cı ildə Avropa çempionu edib. Sonradan Şotlandiya milli komandasını çalışdıran B.Foqtsun sonuncu iş yeri Nigeriya yığmasında olub.


























0