[b]Reynaldo oynadı, azarkeşlər arasında dava düşdü [/b]
14.02.2017 - 09:46
[b]Reynaldo oynadı, azarkeşlər arasında dava düşdü [/b]

Türkiyə Superliqasının XX turunda keçirilən “Qaziantepspor” – “Adanaspor” matçında xoşagəlməz hadisə baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Qaziantepdə keçirilən görüş azarkeşlər arasında dava-dalaşa səhnə olub.

 

Hər şey qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə “Adanaspor”lu Bəkir Yılmazın topdaşıyanın yavaş hərəkət etməsinə əsəbiləşməsindən başlayıb. Topdaşıyan yeniyetməyə sərt şəkildə etirazını bildirən Bəkirə meydan sahiblərinin oyunçusu Nabil Gilas eyni formada cavab verincə, gərginlik artıb. Araya girən təhlükəsizlik əməkdaşları onları güclə sakitləşdiriblər.

 

Baş hakim Cüneyt Çakır hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırmasına baxmayaraq, meydandakı gərginlik tribunalara da sirayət edib. “Adanaspor”lu fanatlar rəqib azarkeşlərin yer aldığı tribunaya keçib, oturacaqları sökərək meydana atıblar. Yaranan qarışıqlıq zamanı “Qaziantepspor”un bir azarkeşi yaralanıb. Matçdan sonra polis aranın sakitləşməsi üçün qonaq komandanın azarkeşlərini bir müddət tribunada saxlayıb.

 

Qeyd edək ki, “Qaziantepspor”un 1:0 hesablı qələbəsi ilə nəticələnən oyunda sabiq “Qarabağ”lı Reynaldo Silva son 25 dəqiqədə meydanda olub.

0