[b]“Bu gəlir bir futbolçunun illik maaşı ola bilər” – Kamran Quliyev[/b]
15.02.2017 - 13:40
[b]“Bu gəlir bir futbolçunun illik maaşı ola bilər” – Kamran Quliyev[/b]

AFFA Klublar Komitəsinin sədri Kamran Quliyev bu gün qurumun baş tutan iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə “Sumqayıt”ın prezidenti həm müzakirəyə çıxarılan məsələlər, həm də klubla bağlı gələcək planlardan danışıb.

 

- İclasda hansı məsələlərin müzakirəsi aparıldı?

- Gündəlikdə iki məsələ var idi: uşaq komandaların yarışlarının keçirilməsi və əvəzedicilərin oyunlarının formatı. AFFA-dan da nümayəndə dəvət edilmişdi və bununla bağlı müzakirələr oldu. Bir neçə ildi ki, klub rəsmiləri və baş məşqçilər tərəfindən əvəzedicilərin oyunlarının Premyer Liqa matçlarından bir gün sonra baş tutması təklifi var. Nəhayət ki, bütün klublarda vahid fikir yaranıb. Yaxın günlərdə bununla bağlı PFL-ə müraciət edəcəyik.

 

- Ancaq bütün dünyada əvəzedicilər əsas komandalardan bir gün əvvəl oynayırlar...

- Biz dünyada gedən bu prosesləri təhlil etdik. Bir çox ölkədə əvəzedicilərin çempionatı fərqli formatda keçirilir. Bizdə əsas komandanın tərkibində 21 yaşadək bir oyunçu mütləq meydançada olmalıdı. Baş məşqçilər ehtiyatda qalacaq oyunçuları müəyyənləşdirəndə ən azı 2 gənci nəzərdə tuturlar. O futbolçular əvəzedicilərə qatıla bilmirlər. Çünki həmin vaxt Premyer Liqa oyunlarına hazırlaşırlar. Dəyişiklikləri də nəzərə alsaq, bir oyunda maksimum 14 futbolçu iştirak edə bilər. 4 nəfər isə kənarda qalır. Biz deyən format qəbul olunsa, əsas komandada ehtiyatda qalan gənc oyunçular bir gün sonra əvəzedicilərdə iştirak edə bilərlər.

 

- İclasda hakimlik də müzakirə olunub. Hakimlər Komitəsinin sədrini iclasa dəvət etmək olmazdımı?

- Klublar hakimliklə bağlı öz fikirlərini bildirdilər. Təbii ki, bəzi fikirlər narazılıq hissi ilə deyildi. Bu, gündəlikdə yox idi. Amma hər iclasda hakimlik müzakirə olunur. Hakimlər Komitəsi ilə bağlı hansısa tövsiyəyə lüzum olsa, təbii ki, rəhbərini dəvət edə bilərik.

 

- Premyer Liqanın 8 komandasından yarısı təbii ot örtüyü üzünə həstərdi. Bu isə digər 4 klubu narahat edir. Onlar oyunçularının zədələnmələrindən narazıdılar. İclasda bu məsələ müzakirə olundumu?

- Bu barədə ötən iclasda söhbət oldu. Bu dəfə gündəmə gətirən olmadı. Yeni bir şey icad etməyəcəm. Hamımız komandaların təbii örtükdə oynamasını istərdik. Təbii örtüklü meydançanın hazır vəziyyətə gətirilməsi, komandaların həftə ərzində orda məşq etməsi üçün lazımi şərait yoxdu. “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın nisbətən şəraiti var. Digər komandaların təbii örtüklü meydançaları saxlamaq imkanları yoxdu. Bizim iki futbolçumuz diz bağlarının qopması ucbatından uzun müddətə sıradan çıxıb. Hər ikisi Türkiyədəki təlim-məşq toplanışında, özü də təbii örtükdə zədələnib. Bu, təsadüf ola bilər. Nədənsə bizim oyunçular süni örtüyə öyrəşiblər.

 

- “Sumqayıt” stadionunun ot örtüyü normal olsa da, azarkeş tutumu azdı. Bununla bağlı hansısa dəyişiklik planlaşdırılırmı?

- Son vaxtlar mətbuatda məlumatlar yayılır ki, yenilik olacaq, stadion tikiləcək. Son iki ildə Sumqayıtda kifayət qədər dəyişiklik olub. İnanmaq istəyirik ki, bunun futbol təsərrüfatımıza da təsiri olacaq. Mən ilk beynəlxalq görüşü Sumqayıtda görmüşəm. Türkiyə ilə Azərbaycanın gənclər yığması üz-üzə gəlirdilər. Mən də istərdim ki, sumqayıtlılar böyük, əzəmətli stadionda oynasınlar. Stadion hazırda şəhərin balansındadı. Belə vəziyyətdə nəsə deməyim doğru olmaz.

 

- Bir ara AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbi mütəxəssisin gətirilməsi müzakirəyə çıxarılmışdı. Demək olarmı ki, həmin söhbət bağlanıb?

- Hakimlərlə bağlı bütün məsələləri klublar AFFA-ya fərdi şəkildə bildiriblər. Bu gün hansısa bir tövsiyə səslənməyib. Problem var, bunu bilirik. Bütün klublar da bunun nədən qaynaqlandığını anlayır. Klublar fərdi qaydada Hakimlər Komitəsinə və PFL-ə müraciət edirlər.

 

- Yayımdan əldə ediləcək gəlirlə bağlı yeni təkliflər olacaqmı?

- Bilirik ki, bu məsələ açıq qalıb. Futbol termini ilə desək, top hazırda “CBC Sport”un tərəfindədi. Bizə məlumat verilmişdi ki, Premyer Liqanı “CBC Sport” yayımlayacaq. Hər kluba da 70 min pul nəzərdə tutulmuşdu. Kanalın rəhbəri ilə də burda görüş təşkil etmişdik. Burdakı həmkarlar futbol sahəsində məndən də çox yer alırlar. 2011-ci ildə bir oyunun yayımlanması üçün nə qədər vəsait verirdik. Keyfiyyətdən heç danışmaq istəmirəm. Təbii ki, kanalın klublara vəsait ödəməsində biz də maraqlıyıq. Həmçinin geyimlərin satışından, yayımdan da gəlir əldə etmək istəyirik. Amma gəlin, reallığa baxaq. “CBC Sport” yayım məsələsində öz işinin öhdəsindən məharətlə gələ bilir. Premyer Liqanın oyunları yüksək səviyyədə yayımlanır. Biz də istəyirik ki, buna görə vəsait alaq. Bu, təkcə bizim, AZAL-ın, “Zirə”nin istəyi deyil. İmkanlı klubların da istəyi belədi. Yayımdan əldə edilən gəlir bir futbolçunun illik maaşı ola bilər.

 

- “Sumqayıt” avrokuboklara vəsiqə qazansa, əcnəbi futbolçu transferi ilə bağlı qadağa aradan qaldırılacaqmı?

- Avrokuboklara vəsiqə qazansaq, ola bilər. Amma indidən dəqiq bir söz deməyə çətinlik çəkirəm. Ölkəmizi təmsil etsək, ola bilsin, müvəqqəti olaraq buna getdik. Bizdə qadağa yoxdu, bu, siyasətdi. Bunda bir dəyişiklik etmək üçün komanda gərək hansısa nəticə əldə etsin.

0