[b]“Bursaspor”un prezidenti Dəniz Yılmazın qovulması haqda[/b]
21.02.2017 - 10:06
[b]“Bursaspor”un prezidenti Dəniz Yılmazın qovulması haqda[/b]

“Yaşanan son hadisələrlə bağlı komandada hər kəs məyusdu. Kapitanları yanıma çağırıb, onları dinlədim. Ortaya qəribə məsələlər çıxdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bursaspor”un prezidenti Ali Ay deyib.

 

Türkiyədə televiziya proqramına telefonla bağlanan klub rəsmisi maraqlı fikirlər səsləndirib. “Bursaspor”un uğursuz çıxışı barədə danışan Ay söhbət əsnasında Azərbaycan millisinin üzvü Dəniz Yılmazın əsas komandadan uzaqlaşdırılmasına da toxunub.

 

Ay əvvəlcə kapitanlarla söhbətini ictimaiyyətə açıqlayıb: “Onlarla danışıq zamanı dövrələrarası fasilədə Antalyada yaxşı hazırlıq keçmədiklərini dedilər. Çox təəccübləndim. Bundan əlavə, Dəniz Yılmaz və Sərcan Yıldırımın komandadan kənarlaşdırılmasına görə məyus olduqlarını dilə gətirdilər. Əslində, bu sözləri xoşuma gəldi. Komanda yoldaşlarına sahib çıxmaqları sevindirici haldı”.

 

Klub prezidenti Dəniz Yılmazın Superliqanın XXI turunda “Kayserispor”la səfər görüşündə qırmızı vərəqə almasını pisləməklə yanaşı, bu hərəkətinə biganə yanaşdığına görə sərt cəzaya məruz qaldığını bildirib: “Dəniz aldığı qırmızı vərəqəyə görə komandadan, texniki heyətdən və azarkeşlərdən üzr istəmədi. Buna görə də, heyətdən kənarlaşdırıldı. Sərcan Yıldırımın məsələsi ilə tamam fərqlidi. O, bizim övladımızdı. Sərcana sahib çıxmaq istədik, amma tənbəldi”.

 

Dəniz Yılmazın “Kayserispor” – “Bursaspor” matçında (2:0) rəqib futbolçunun ayağını bilərəkdən tapdalaması azarkeşlərin kəskin narazılığına səbəb olmuşdu. Bursaya qayıdan komandanı hava limanında qarşılayan azarkeşlərdən biri millimizin hücumçusunun üzərinə şığıyaraq, onu “Bursaspor”da görmək istəmədiyini sərt şəkildə bildirmişdi. Klub rəhbərliyi isə həmin hərəkətinə görə Dənizi əsas komandadan uzaqlaşdırmaq qərarını qəbul etmişdi.

 

 

0