[b]“İlk turlarından dominantlıq etməyi planlaşdırmışdıq” – Yoahim Löv[/b]
23.02.2017 - 10:45
[b]“İlk turlarından dominantlıq etməyi planlaşdırmışdıq” – Yoahim Löv[/b]

“Seçmə mərhələnin ilk turlarından dominantlıq etməyi planlaşdırmışdıq. Buna nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Bundestimin çalışdırıcısı FİFA-nın rəsmi saytına müsahibə verib.

 

57 yaşlı çalışdırıcı həm komandasının hazırkı durumu, həm də yayda keçiriləcək Konfederasiyalar Kuboku barədə danışıb.

 

Löv dünya çempionatının seçmə mərhələsində komandasının 4 oyundan sonra maksimum nəticə - 12 xal topladığını xatırladaraq, bu tempdə davam etməyə çalışacaqlarını söyləyib: “Maksimum nəticə göstərməliyik. Çünki yalnız qrup birinciləri mundialın final mərhələsinə birbaşa vəsiqə qazanır. İlk 4 oyunda imza atdığımız nəticədən tam razıyam. Yaxşı çıxış göstəririk”.

 

Martın 26-da millimizlə qarşılaşacaq almanların çalışdırıcısı dünya çempionu titulunu qorumağın çətin olduğunu qeyd edib: “2014-cü ildəki uğura imza atanda bir sıra çətinliklərdən üzüağ çıxmışdıq. Çempion olmaq üçün çoxlu fiziki və emosional güc sərf etməlisən. Halbuki futbolçular həmin vaxt qısa tətil keçirmişdilər və hazırlaşmaq üçün geniş zamanları olmamışdı. Qısası, heç də asan deyil”.

 

Yayda Konfederasiyalar Kubokunda iştirak edəcək Bundestim B qrupunda Kamerun, Çili və Avstraliya yığmaları ilə mübarizə aparacaq.

 

Bu turnirlə bağlı da fikirlərini bildirən Löv birinci olmaq istədiklərini söyləyib: “Konfederasiyalar Kuboku vacib turnirdi. 2005-ci ildə bu həyəcanı yaşamışıq. Əla atmosfer var idi. Həmin vaxt 3-cü olmuşduq. Əsas odu ki, futbolçuları turnirə qədər hazır vəziyyətə gətirəsən. Onda kimin nəyə qadir olduğunu görə bilirsən. Konfederasiyalar Kubokuna ciddi yanaşacağıq. Çalışacağıq ki, konsentrasiya baxımından problemimiz olmasın. Yaxşı nəticəyə imza atmaq istəyindəyik”.

 

 

 

0