[b]8 martda anadan olan əfsanə - LAYİHƏ[/b]
08.03.2017 - 15:40
[b]8 martda anadan olan əfsanə - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin onuncu yazısı Azərbaycan tarixinin ən güclü məşqçilərindən birinə həsr olunur.

 

Titulsuz dahi

Karyerası ərzində böyük uğurlar qazanmasa belə, onu Azərbaycan futbol tarixinin dahi məşqçisi hesab edirlər. Yaşasaydı, bu gün 73 yaşını qeyd edəcəkdi və bəlkə də, yığmamızın Berti Foqts, Robert Prosineçki kimi əcnəbi məşqçilərə ehtiyacı olmayacaqdı. Söhbət nə Əhməd Ələsgərov, nə Anatoli Banişevski, nə də bir başqasından gedir. Bu, Sovet dövründə hətta SSRİ-dən kənarda da məşqçilik etmiş Ruslan Abdullayevdi. Həmin Abdullayev ki, həm futbolçu, həm də məşqçi kimi uzun illər “Neftçi”də çalışıb, SSRİ idman ustası (1966) və Azərbaycanın əməkdar məşqçisi (1990) adına layiq görülüb.

 

 

SSRİ çempionatının 2-ci bombardiri

Gəncə futbol məktəbinin tapıntısı olan Abdullayevi “Neftçi” 17 yaşında kəşf edib. Karyerası ərzində yalnız “Neftçi” və “Dinamo” (Kirovabad) klublarında çıxış etmiş hücumçunun ən uğurlu dönəmi 1969-cu ilə təsadüf edib. Həmin il SSRİ çempionatında 11 qolla bombardirlər yarışında ikinci olub.

 

 

Futbolçu karyerası

1963 - 3 oyun (“Neftçi”)

1964 – 7 oyun (“Neftçi”)

1965 – 5 oyun (“Neftçi”)

1966 – 25 oyun, 5 qol (“Dinamo”, Kirovabad)

1967 – 14 oyun, 3 qol (“Neftçi”)

1968 – 34 oyun, 7 qol (“Dinamo”, Kirovabad)

1969 – 28 oyun, 11 qol (“Neftçi”)

1970 – 12 oyun (“Neftçi”)

1971 – 11 oyun (“Neftçi”)

1972 – 9 oyun (“Neftçi”)

Cəmi - 148 oyun, 26 qol

 

 

Əlcəzair və Slovakiya macərası

1972-ci ildə 28 yaşında “Neftçi”də karyerasını bitirən Ruslan Abdullayev iki il sonra elə paytaxt klubunda məşqçilik fəaliyyətinə başlayıb. Cəmi bir mövsümün ardından komandadan ayrılan gənc mütəxəssis 1978-ci ildə Gennadi Bondarenkonun köməkçisi kimi yenidən qaytarılıb. Baş məşqçi postunda debütünü 1982-ci ildə Naxçıvan “Araz”ında edib. Ardından 5 il “Neftçi”də çalışdıqdan sonra 80-ci illərin sonlarında qısa müddət Əlcəzairdə fəaliyyət göstərib. “Neftçi”yə görə vətənə dönən Abdullayev tezliklə yenidən ölkə xaricinə yollanıb. Budəfəki məkan Slovakiya olub. Həmin ölkənin III liqasında mübarizə aparan “Peştyani”nin sahibi olan azərbaycanlı iş adamı Marat Manafov onu baş məşqçi postuna dəvət edib. Abdullayevin rəhbərliyi altında komanda 1994/95 mövsümündə II liqaya yüksəlib. Lakin çox keçmədən Manafovla birlikdə o da komandadan ayrılmalı olub.

 

 

Ayrılığa dözməyən ürək

Azərbaycana növbəti qayıdışından sonra yenidən “Neftçi”nin “sükanı arxası”na keçən Abdullayev komandanı Çempionlar Kuboku matçına çıxarıb. Polşa təmsilçisi “Vidzev” hər iki görüşdə qələbə qazanaraq (2:0, 8:0) mərhələ adlayıb. Bir müddət doğma klubu “Kəpəz”də də çalışmış Ruslan Abdullayevin son iş yeri “Ərzurumspor” olub. Özü ilə birlikdə Vidadi Rzayev və Nadir Şükürovu da Türkiyəyə aparan Abdullayev Superliqada “Qalatasaray”a 0:7 hesablı məğlubiyyətdən sonra istefa verib.

Ruslan Abdullayevin bundan artığını etməyə vaxtı çatmayıb. Belə ki, qırx gün öncə vəfat edən həyat yoldaşının ayrılığına dözə bilməyib və 2002-ci ilin yanvar ayının 30-da, 57 yaşında ürəktutmasından dünyasını dəyişib.

 

Baş məşqçi karyerası

1974 – “Neftçi” (köməkçi)

1978-79 – “Neftçi” (köməkçi)

1982 – “Araz” (Naxçıvan)

1983-84 – “Neftçi” (köməkçi)

1984 – “Neftçi”

1985 – “Neftçi” (köməkçi)

1985-86 – “Neftçi”

1990-91 – “Neftçi”

1993 – “Turan”

1994-95 – “Peştyani” (Slovakiya)

1997-98 – “Neftçi”

1997-98 – “Kəpəz” (köməkçi)

1999-2000 – “Ərzurumspor” (Türkiyə)

 

 

“Neftçi”dəki göstəricisi

Çempionatda         141    43      48      50      166-177

Kubokda                 3        0        0        3        2-6

Avrokubokda           2        0        0        2        0-10

 

“Dostları deyirdilər ki, “xaxol” kimi tərs adamsan”

Ruslan Abdullayevin futbolçu və məşqçi karyerasına qısa göz gəzdirdik. Bəs görəsən, Azərbaycanın ən güclü mütəxəssislərindən biri necə insan olub, hansı özəllikləri ilə seçilib? Bütün bu sualların cavabını oğlu Elxan Abdullayevdən başqa heç kəs dəqiq verə bilməz. Atasının uzun illər çalışdığı “Neftçi” komandasına hazırda baş məşqçilik edən Elxan bəy Ruslan Abdullayevlə bağlı xatirələrini bizimlə bölüşdü, bilinməyən məqamlara toxundu.

 

- Ruslan Abdullayev necə insan idi?

- O, mənim atam olub, əlbəttə ki, xoş sözlər deməliyəm. Mənfi cəhətləri o idi ki, çox sərt olardı. Anası ukraynalı idi. Bəzi dostları atama deyirdilər ki, sən “xaxol” kimi tərs adamsan. “Xaxol”lar kimi, bir istiqamətdə gedirdi, onda güzəşt olmurdu. Təsadüfi hallarda atamın güldüyünü görmüşəm. Hətta evdə də gülməzdi. Halbuki gülüş ona çox yaraşırdı. Öz işinin fanatı idi. Belə insanlar 100 ildə bir dəfə doğulur. Anam həmişə atamdan inciyirdi. Təzə evli olanda dostları soruşub ki, sənin üçün həyatda ən vacib nədi? Cavabında bildirib ki, əvvəlcə iş, sonra ailə. Buna görə, anam ondan inciyirdi, deyirdi ki, bəs mən, uşaqlar? Futbolsuz qala bilmirdi.

 

 

“Evdən stadiona getmək üçün təhlükəli məhəllələrdən keçməli olurdu”

- Futbolçu vaxtı necə olub?

- Atam futbolçu karyerasını bitirəndə körpə olmuşam. Məndə şəkilləri var, oyunlarının videoyazılarına baxmışam. Çox gözəl futbol oynayıb. 17 yaşlı bir gənci Gəncədən “Neftçi”yə boş yerə gətirməzdilər. Həmin vaxt Gəncədə bombardir idi, ləqəbi də “malış” olub. Valideynləri atamın futbola getdiyini heç bilməyiblər. Nənəm atamın futbolçu olmasını istəməyib. Çünki həmin vaxt yaşadıqları evdən stadiona getmək üçün təhlükəli məhəllələrdən keçməli olurdu. Nənəm bundan qorxduğu üçün atamın futbola getməsini istəməyib. Məşqə gedəndə anasına deyirmiş ki, yüngül atletikaya gedirəm. Çünki ora yaxınlıqda yerləşirdi. Bir gün babam məhəllədə nərd oynayanda qonşular yaxınlaşıblar ki, təbrik edirik, oğlun yenə 2 qol vurub. Kişi şoka düşüb ki, bu uşaq harda qol vurub? Atama heç nə deməyib, növbəti oyununa xəlvət gedib. Atam həmin matçda da qol vurub. Babam da nənəmi razı salmağı öz boynuna götürüb. Atamın yaxşı zərbəsi və texnikası var idi. Amma bəxti gətirmədi. O mənada ki, həmin vaxt “Neftçi”nin hücumunda Markarov-Banişevski-Tuayev “trio”su var idi. Hər üçü milli komandada oynayırdı. Onlar SSRİ yığmasına gedəndə atam meydana çıxıb, qollarını vurardı. 1969-cu ildə atam ilin idmançısı adına layiq görülüb. Həmin il yüksək liqada 11 qolla “Neftçi”nin bombardiri olub. Digərləri həmin vaxt SSRİ millisinə tez-tez getdiyindən, atam çox oynamaq imkanı qazanıb. SSRİ çempionatının bombardiri olmaq üçün 2 topu çatmayıb.

 

- Futbolçu Ruslan Abdullayevlə məşqçi Ruslan Abdullayev arasında nə kimi fərqlər olub?

- Ruslan Abdullayev kimi futbolçu çox olub. Düzdü, idman ustası idi. Amma SSRİ-də onun səviyyəsində hücumçu çox olub. Amma məşqçi kimi hamıdan fərqlənirdi. Elə böyük bir uğuru olmasa da, həmin vaxt titul qazanmaq çox çətin idi. Azərbaycanı yüksək liqada yalnız “Neftçi” təmsil edirdi. Ən yaxşı nəticə kimi, 1986-cı ili göstərə bilərəm. I dövrədən sonra komanda 2-3-cü yerləri bölüşüb. Ondan sonra haqsızlıq edərək, onu komandadan uzaqlaşdırıblar. Həmin il “Neftçi” çempion da ola bilərdi. Amma atamı işləməyə qoymadılar.

 

 

“Atama görə məni sıxırdılar”

- Evdə də futboldan danışardı?

- Açığı, üzünü az görürdük. Uşaqlığımız, demək olar ki, onsuz keçib. O vaxt uzunmüddətli toplanışlara gedirdilər. Elə olurdu ki, 3 ay evə gəlmirdi. Uşaq idik, bizimlə çox danışmırdı. Ən yaxın dostu anam olub. Həmişə onunla futbol barədə danışardı.

 

- Atanız təmkinli, sərt adam kimi tanınıb. Evdə də belə olub?

- Bəli. Çox ağır baxışı var idi, üstümə qışqırsaydı, ondan yaxşı olardı.

 

- Ən çox nəyə əsəbləşərdi?

- Düzgünlüyü sevən adam olub. İndi alman nizam-intizamı deyirik. Atam bu baxımdan almandan da betər idi. Bir dəqiqə gecikmə onun üçün faciə idi.

 

- Yetirmələri arasında ən çox hansı futbolçunu bəyənirdi?

- Gəncəli olduğu üçün öz yerlilərinə üstünlük verirdi. Vidadi Rzayevi, Yunis Hüseynovu çox sevirdi.

 

- Atanızın futbolçusu olmaq sizə nə kimi problemlər yaradırdı?

- Mənim karyerama böyük problemlər yaradırdı. Sərt olduğundan, rəhbərlikdə bəzi adamlarla yola getmirdi. Buna görə də məni sıxırdılar. Qırmızı vərəqəyə görə başqasına 2 oyunluq cəza verəndə, məni 10 matçlıq diskvalifikasiya edirdilər. Atamla düşmən kimi idilər. Amma o, sözün düzünü deyən insan idi, bu da kimlərəsə sərf eləmirdi.

 

“Hamıdan çox məni cərimələyirdi, onun futbolçusu olmaq istəmirdim”

- Digərlərindən fərqiniz nə idi?

- Ümumiyyətlə, yaxşı futbolçunun, məşqçinin oğlu olmaq çox çətindi. Hamı gözləyirdi ki, mən də Ruslan Abdullayev kimi oynayım. Amma onun kimi ola bilməzdim. Əlbəttə ki, məndən qat-qat güclü oyunçu olub. İkiqat məsuliyyət daşıyırdım. Adi insan səhv edəndə, onu normal qarşılayırdılar. Futbolçunun oğlunun səhvini isə bağışlamırdılar. Həmişə təzyiq altında olursan. Çalışırdım elə davranım ki, ona zərəri olmasın. Buna görə çox danışmırdım. Başqalarına nümunə olmalı idim.

 

- Atanız necə, sizə təzyiq edirdi?

- Onun rəhbərliyi altında bir neçə komandada oynamışam. Çox ağır məsələdi. Məni əsas heyətə salanda bilirdim ki, buna layiqəm. Meydana buraxmayanda isə fikirləşirdim ki, bəlkə qəsdən oynatmır. Amma mənə inanmasaydı, heç vaxt meydana buraxmazdı. Mənə oğul yox, futbolçu gözü ilə baxırdı. Hamıdan çox da məni cərimələyirdi. Düzü, onun rəhbərliyi altında oynamaq istəmirdim (gülür). Bir çox məşqçi ilə çalışmışam. Amma onun kimi məşqçi görməmişəm. İki eyni məşq keçməzdik. Həmişə məşqə gələndə yeni bir şey gözləyirdik. Buna görə də, məşqindən həzz alırdıq. Üzərində daim işləyirdi. Moskvada məşqçilik məktəbini qızıl diplamla bitirmişdi. SSRİ-də 3 nəfər qızıl diplom almışdı ki, biri də atam olub.

 

 

“Rəhbərliyin ayağına getməməsi üçün futbolu atdım”

- Onu çox əziyyətə salmısız?

- O adam mənə görə heç kimə ağız açmayıb. Atamı heç vaxt kiminsə qarşısında başıaşağı eləməmişəm. Futbolçu karyeramda son klubum Buzovna “Xəzri”si olub. Slovakiyadan qayıtdıqdan sonra “Neftçi”dən təklif almışdım. Amma “Xəzri”yə keçdim və onlarla 1 illik formal müqavilə bağladım. Yarım ildən sonra getmək istədim, amma vərəqəmi vermədilər ki, Ruslan müəllim gəlsin. Atamın kiminsə ayağına getməsinə isə heç vaxt razı olmazdım. Atama dedim ki, futbolu ataram, amma sənin ora getməyinə imkan vermərəm. Elə də oldu, futbolu atdım.

 

- Sizə ən çox nə məsləhət görərdi?

- Onun fikri mənim üçün çox önəmli idi. Futboldan gedəndə 26-27 yaşım var idi. Azərbaycanda orta səviyyəli futbolçu sayılırdım. Ən yaxşıların sırasına düşmürdüm. Soruşdum, ata, nə məsləhət görürsən, karyeramı bitirim? Mənə dedi ki, fiziki hazırlığın çox yaxşıdı, Azərbaycanda 40-42 yaşına qədər rahat oynaya bilərsən. Onu da əlavə elədi ki, səndən yaxşı məşqçi çıxa bilər, vaxt itirmə. Məsləhət gördü ki, pulu ayaqla yox, ağılla qazan, futbolçu kimi çox yaxşı deyilsənsə, keç məşqçiliyə. Atam əvvəldən mənim futbolçu olmağımı istəmirdi. Bilirdi ki, ağır peşədi. Məktəbdə yaxşı oxumağımı, hüquqşünas olmağımı istəyirdi. Babam, dayılarım hüquqşünas olublar. Mənim də təhsilim pis deyildi. Hamı deyirdi ki, səndən yaxşı diplomat olar, futbola getmə. Amma qulaq asmadım, futbolu üstün tutdum.

 

“5-10 il də yaşasaydı...”

- Futbolu seçməyinizdə atanızın bu sahədə çalışmasının da yəqin ki, rolu az olmayıb...

- Atamı tez itirdim. 31 yaşım var idi, məşqçilikdə yeni addımlayırdım. 5-10 il də yaşasaydı, məni daha çox öyrədərdi, məsləhətləri köməyimə çatardı. Məşqçiliyə başladığımı görəndə sevindi. 30 yaşımda “Dinamo”nun baş məşqçisi idim, qələbələrim atamı qürurlandırırdı.

 

- Xarakter baxımından özünüzü ona bənzətmirsiz?

- Onun anası ukraynalı, mənim anam azərbaycanlı idi (gülür). Bəzi şeylərə güzəşt eləmək olar. Fərqimiz onda idi ki, atam heç nəyə güzəşt etməzdi. Sovet məktəbi görən adam idi, bir yolla gedərdi.

 

- Məşqçi kimi Ruslan Abdullayev səviyyəsinə çatmaq üçün nə qədər vaxta ehtiyacınız var?

- Çox çətin sualdı. Mən özümə qiymət verə bilmərəm. Onun kimi olmaq üçün illər keçməlidi, təcrübə toplamalıyam. Onda Allah vergisi idi, mən isə çalışqanlığımla o səviyyəyə yüksəlməliyəm.

 

 

“Başa düşürəm ki, yoxdu, amma gözlərim axtarır”

- Atanızın ölümündən 15 il vaxt keçib. Onun yoxluğunu hələ də hiss edirsiz?

- Əlbəttə ki, vaxt öz sözünü deyir. Tofiq Bəhramov adına Respublika Stadionuna gedəndə ilk olaraq, onun o vaxtlar oturduğu yerə gözüm sataşır. Başa düşürəm ki, yoxdu, amma istər-istəməz gözlərim axtarır.

 

- Atanız yadınıza düşəndə rahatlıq tapmaq üçün nə edirsiz?

- Mənim arzum odu ki, nə vaxtsa onu sevindirim. “Neftçi”nin baş məşqçisi olacağımı heç yuxumda da görməzdim. “Neftçi” ilə çempion olsam, atam o dünyada ikiqat sevinər ki, komandanı oğlu çempion edib. Mənə elə gəlir ki, atam daim yanımdadı, bizimlədi və qələbələrimə sevinir.

 

- Övladlarına nə qoyub getdi?

- Mən özüm də atayam, iki qızım var. Çalışıram onlara elə tərbiyə verim ki, cəmiyyət üçün xeyirli insanlar olsunlar. Atam mənə necə tərbiyə veribsə, mən də övladlarıma bunu aşılamağa çalışıram. Hazırda 47 yaşım var. Harasa gedəndə ağsaqqal bir kişi soruşur ki, sən Ruslan müəllimin oğlusan? Pulsuz-parasız adama elə hörmət edir ki... Bir ada görə. Deməli, düzgün həyat yaşayıb, hörmət qazanıb. Mən də istəyirəm ki, öləndən sonra heç kim ardımca söyməsin, “Allah rəhmət eləsin” desin. Onun kimi həyat yaşamaq istəyirəm.

 

“Fuad Musayevlə yola getmədiyi üçün ən böyük arzusu gerçəkləşmədi”

- Hansı arzusunu gerçəkləşdirə bilmədi?

- Milli komandanı çalışdırmaq, yüksəklərə qaldırmaq istəyirdi. Sovet dönəmində “Neftçi” elə yığma demək idi. Atam vətənini çox sevirdi və müstəqillik əldə etdikdən sonra Azərbaycan yığmasında işləməyi arzulayırdı. Əlcəzairdə çalışanda 5 illik müqavilə bağlamışdı, maliyyə şərtləri də əla idi. Bakıya məzuniyyətə gələndə dedilər ki, “Neftçi”yə gəl. Bir sözə görə gedib ordan ayrıldı, “Neftçi”yə gəldi. Anası ukraynalı olsa da, vətənini təmiz azərbaycanlılardan çox sevirdi. O vaxt ən böyük futbolçular sayılan İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovla konflikti olub. Hər üçünü komandadan uzaqlaşdırıb, Vidadi Rzayev, Nazim Süleymanov, Yunis Hüseynov kimi gənclərə şans verib. Komanda həmin il (1986) heç də pis təsir bağışlamırdı, 3-cü yerdə idi. 3 aparıcı futbolçunun kənarda qalması bəzilərinə sərf eləmirdi. Rəhbərlik də atamı yox, futbolçuları dəstəkləyirdi. Rəhbərlikdən heç kimi paltardəyişmə otağına girməyə qoymurdu. AFFA-nın keçmiş prezidenti Fuad Musayevlə yola getmirdi. Hər ikisi prinsipial insan olub. Fuad Musayevdən indi soruşsanız, atam haqda ancaq xoş sözlər deyəcək. Atam da həmişə onun haqqında müsbət danışardı. Amma ikisinin bir yerdə işi alınmazdı. İkisi də diktator idi, avtoritetliyi sevirdi. Atam öz bildiyini edirdi, heç kimlə məsləhətləşmirdi. Bu da Fuad müəllimin xoşuna gəlmirdi. Buna görə də ən böyük arzusu olan yığmada işləmək ona müyəssər olmadı.

 

- Onunla bağlı hansı maraqlı xatirəni bölüşə bilərsiniz?

- Anatoli Bışovetslə birlikdə olimpiya millisində işləyəndə bir dəfə İsveçdə səfərdə olublar. Ordan qayıdanda bütün komanda aeroportda yoxlamadan keçib, amma atamı saxlayıblar. Ona deyiblər ki, sizdə tapança var. Sən demə, orda ona verdikləri suvenir tapançaya oxşayırmış. Buna görə, komanda 2 saat atamı gözləyib. Deyir ki, həmin vaxt o dünyanı görüb qayıtdım. Özü ddə utancaq olub.

 

- Son olaraq, atanızın doğum günü 7 mart göstərilir. Bu, doğru tarixdi?

- Əslində, atam martın 8-də anadan olub. Həmin gün təbrik edəndə, bir hədiyyə alanda hirslənirdi. Ata-anasının üstünə düşürdü ki, gərək 8 martda olaydım? (gülür) Axırda gedib doğum gününü martın 7-nə dəyişdi.

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0