[b]Tahir Gözəl: Ən böyük zövqü həmin oyun verəcək [/b]
15.03.2017 - 11:55
[b]Tahir Gözəl: Ən böyük zövqü həmin oyun verəcək [/b]

“Qarabağ”ın prezidenti Tahir Gözəl AFFA-nın Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, klub rəhbəri komandasının çıxışı və planlar haqda danışıb.

 

-  Komandanın AZAL-la, xüsusilə qış fasiləsindən sonrakı oyunları “Qarabağ”da hansısa problemin olması barədə narahatçılıq yaradır...

- Mən belə düşünmürəm. Mövsümün sonuna 6 tur qalıb. Hələlik turnir cədvəlində hamıdan öndəyik. “Neftçi”nin “Qəbələ” ilə oyunu çox maraqlı alındı. Mən “Qarabağ”a inanıram və hesab edirəm ki, hədəfimizə nail olacağıq.

 

- Builki “Qarabağ”ın avrokubokda yenə qrupa düşməyə gücü çatacaqmı?

- Hesab edirəm ki, buna gücümüz çatacaq.  

 

- Amma nəzərə alaq ki, əsas oyunçularınızı itirmisiz. Reynaldo klubdan getdi, Dani Kintana zədəlidi...

- Daninin zədəli olması bizim üçün itkidi. Sizinlə razıyam. Biz də imkanımız çatan qədər oynayacağıq. Komandada motivasiya yüksəkdi. Gücümüzə inanıram və əminəm ki, komandamız öz oyun sxemini quracaq.

 

- Çempionlar Liqası, yoxsa Avropa Liqasının qrupuna düşəcəyinizə inanırsız?

- Əlbəttə ki, mənim arzum Çempionlar Liqasıdı.

 

- Onda yeni oyunçular gözlənilirmi?

- Qurban Qurbanov futbolçu bəyənib, seçir. Biz sponsor kimi oyunçu transferinə hazırıq. Onu eşidirik. Yeni transfer etməyin özü də asan deyil. Qurbanov da baxır, nümayəndələri də ölkə xaricinə göndərir. Əgər hansısa futbolçu bəyənilsə, biz onu heyətə qatmağa hazırıq.

 

- Cari mövsüm “Qarabağ”ın “Qəbələ” ilə oyunları ajiotaj yaradır. Azarkeşlər arasında yaşanan bu gərginlik sizi narahat etmir ki?

- Hamımız Azərbaycan klublarıyıq. Ona görə belə hallara üzülürəm. “Qəbələ” həmişə güclü klub olub və olacaq da. Futbolda qələbə də, məğlubiyyət də var. Əksinə, mən “Qəbələ”ni təbrik etdim. Bizə qarşı gözəl oynayıb, qələbə qazandı. Mən orda başqa nəsə görmədim. Hesab edirəm ki, problem olmamalıdı.

 

- 8 komandalı çempionatın liderlərinin böyük xal fərqi ilə öndə olması “Qarabağ”ın avrokuboklardakı çıxışına təsir göstərməyəcək ki?

- Əlbəttə, təsir edəcək. Bugünkü imkanlar nədisə, biz əlimizdən gələni edəcəyik. Amma istərdik ki, çempionatda ən azı 10 komanda olsun. Lakin çox da pis deyil. “Qəbələ” kimi bizim işi çətinə salan klublar var.

 

- Kubokun yarımfinalında əzəli rəqibiniz “Neftçi” ilə üz-üzə gələcəksiz. Onlar da qış fasiləsindən sonra çox güclənib. Matç haqda nə düşünürsüz?

- Düzdü, o oyun gözəl keçəcək. Mənim üçün bu qarşılaşmalar ilin tarixi matçı olacaq.

 

- Komandanı necə motivasiya edəcəksiz?

- Bunun üçün öz yollarımız var. Hər sirrimizi açıqlaya bilmərik. Ancaq mən şəxsən müdaxilə edəcəm.

 

- Son turda da “Neftçi”nin qonağı olacaqsız. Bu komandanın stadionunda qazanıla biləcək çempionluq nə hisslər yaşadacaq?

- Ən böyük zövqü də bu verəcək. “Neftçi”ni öz meydanında məğlub etmək. Amma “Qarabağ” iddialıdı. Bu barədə “Neftçi”yə xəbərdarlıq edirəm. Amma doğrudan da onlar əla komanda yığıblar, gözəl formadadı. İnanıram ki, həmin matçda möhtəşəm “Qarabağ” görəcəksiz. Biz buna hazırlaşırıq və futbolçular da matçın dəyərini dərk edir.

 

- Sizin üçün “Neftçi”yə qarşı oynamaq “Qəbələ” ilə matçdan daha prinsipialdı?

- Mənim üçün “Neftçi” – “Qarabağ” görüşünün yeri ayrıdı. Bu, “Şirlərin savaşı”dı. Çox maraqlı matç izləyəcəyik.

 

- Dünyada baş verən iqtisadi problemlər “Qarabağ”ın büdcəsinə təsir edibmi?

- Şükürlər olsun ki,  problemimiz yoxdu. Büdcəmiz sabitdi, nə böyümür, nə azalmır. Bunu olduğu kimi saxlayırıq. Ona görə siz deyəndə yeni transfer edəcəksizmi buna uyğun büdcəmiz var, cavablarımız realdı. Amma bir şey deyim. Bütün neft ölkələrində çətin şəraitdi. Buna baxmayaraq, sponsorumuz “Azərsun Holdinq” böyük fədakarlıq göstərir. Amma “Qarabağ” adı bizə dəyərlidi. Bilirsiz ki, bu gün cəbhədə savaş var. Hərdən acı şəhid xəbərləri də alırıq. Ona görə də məsuliyyətimizi bilirik. Bu gün “Qarabağ”ın adını yaşatmaq bizim üçün çox önəmlidi. Mən də “Qarabağ”ın prezidenti kimi bunu həmişə dəstəkləyirəm. Bu üzdən də şükürlər olsun ki, büdcəmiz azalmır.

0