[b]80 yaşlı klubun 5 rəmzi[/b]
30.03.2017 - 15:19
[b]80 yaşlı klubun 5 rəmzi[/b]

Bu il 80 illik yubileyini keçirən “Neftçi” tədbirlər silsiləsini davam etdirir. Apasport.az saytı ölkənin ən köklü klubunun yaranmasının 80 illiyinə həsr olunan növbəti statistikanı hazırlayıb.

 

Paytaxt təmsilçisinin 1937-ci ildən indiyədək olan ərzində keçirdiyi oyunlarda ən çox iştirak edən 5 futbolçunu təqdim edəcəyik. “Neftçi”nin “Böyük beşliy”i sayılan bu futbolçular klubda ən çox oyun keçirən, bununla da onun rəmzlərinə çevrilənlərdi.

 

Bəlkə də kimsə daha çox oyun keçirməyin önəm daşımadığını düşünə bilər. Ya da ki, 1-2, maksimum 3 mövsüm parlayan və həmin zaman kəsiyində “ağ-qaralar” üçün böyük simaya çevriləni də komandanın rəmzi saya bilər.

 

Amma bu, qısa dövr üçün rəmz, lider və bu tip sima olacaq. Klub tarixinin ən yaxşısı olmasını isə onun illər ərzində yüzlərlə matçda iştirak etməsi daha vacibdi.

 

Məsələn, “Futbol kralı” Pele “Kosmos”da oynasa da bu klubun deyil, “Santos”un rəzmi sayılır. Maradona isə “Napoli” üçün simvoldu. Nə “Barselona”, nə də “Sevilya” onu öz rəmzi saya bilməz. Bu üzdən də “Neftçi”də qısa müddət parlayanlar onun tarixinə düşsə də, bu tarixdə özünə böyük iz qoymayıb.

 

Ən böyük izi qoyanlardan 5-i ən çox oyun keçirənlərdi. Çünki “Neftçi”də ən çox oyun keçirən 5 futbolçu da məhz rəmz sayıla biləcək simalardı. Təbii ki, ən yaxşı bombardirlər, həmçinin  çox sayda oyun keçirən, amma “beşliy”ə düşməyənlər də klubun rəmzlərindəndi.

 

Təkcə “Neftçi”nin deyil, bütün Azərbaycan futbol tarixinin ən yaxşısı olan Anatoli Banişevski, həmçinin digər əfsanələri deyil, məhz oyun sayındakı “beşliy”i təqdim edirik. Çoxlarının xəbərsiz olduğu bu “beşliy”i qısaca tanıtmaq zəruridi.

 

“Neftçi”də ən çox oyun keçirənlər

 

1. Sergey Kramarenko – 412 oyun

Gəncə futbolunun yetirməsi olan əfsanəvi qapıçı 1964-cü ildə Azərbaycanın 1 nömrəli komandasına keçib. 1984-cü ilə qədər ağ-qara forma geyinən qolkiper “Çernomorets” (1976) və “Xəzər” Lənkəran (1982) klublarında oynadığı vaxt “Neftçi”dən ayrılıb. Bu müddət, həmçinin cəzalandığı vaxt olmasaydı, Kramarenko 412 deyil daha çox matçda çıxış edəcəkdi. Qapıçı bu oyunları SSRİ çempionatının güclülər və birinci dəstəsi, həmçinin kubokunda keçirib. Sonradan doğma komandasında məşqçi kimi çalışan əfsanə bir müddət baş məşqçi kimi də fəaliyyət göstərib.

 

2. Əsgər Abdullayev – 411 oyun

Peşəkar karyerasına 1979-cu ildə məhz “Neftçi”də başlayan müdafiəçi 1994-cü ildə karyerasını bitirib. Yalnız bir klubda oynayan və sadiqliyi ilə seçilən arxa xətt oyunçusuna Kramarenkoya çatmaq üçün bir matç çatmayıb. Karyerasını 1992-ci ilin sonunda bitirib, qısa fasilədən sonra geri döndüyü vaxtı itirməsi, həmçinin “Neftçi”nin 1993/94 mövsümünün son 8 matçına çıxmaması onun rekorda sahiblənməsinə imkan verməyib. O, SSRİ çempionatının güclülər və birinci dəstəsi, həmçinin ölkə kuboku və federasiya kubokunda, müstəqillikdə isə Azərbaycan çempionatı və kubokunda forma geyinib. Abdullayevin də sonrakı karyerasında rəmzlərindən olduğu klubun baş məşqçisi kimi çalışmaq yer alıb. Müdafiəçi 1992-ci ildə komandası ilə ilk Azərbaycan çempionu olmağı da bacarıb.

 

3. Səməd Qurbanov – 393 oyun

Hazırda klubun Müşahidə Şurasında yer alan sabiq yarımmüdafiəçi də ancaq bir klubun şərəfini qoruyub. 1971-ci ildə peşəkar karyerasına başlayan Qurbanov 1982-ci ilədək “ağ-qaralar”ın heyətində çıxış edib. O, bu müddətdə SSRİ çempionatının güclülər və birinci dəstəsi, həmçinin kubokunda çıxış edib. Bəlkə də həmin dövrdə ümumi statistikanın aparılmaması üzündəndi ki, 400-ə qalan 7 oyununu keçirmədən futbolla vidalaşıb.

 

4. Nikolay Smolnikov – 372 oyun

SSRİ çempionatının güclülər və birinci dəstəsi, həmçinin kubokunda “Neftçi” forması geyinən sabiq hücumçu karyerası boyu komandasına sadiq qalıb. 1967-ci ildə, bürünc medal qazanılandan sonrakı il əsas komandada peyda olub. O, 1979-cu ilə qədər “ağ-qaralar”ın şərəfini qoruyub. Hücumçu SSRİ yığmasına da Bakı klubundan dəvət olunub.

 

5. Yunis Hüseynov – 363 oyun

Sabiq yarımmüdafiəçi “Neftçi”nin heyətində ən çox turnirdə iştirak edən futbolçulardan biridi. SSRİ çempionatının həm güclülər, həm birinci dəstəsində, ölkə kuboku və federasiya kubokunda oynayan Hüseynov müstəqillik dövründə daha çox yarışa qatılıb. O, Azərbaycan çempionatı, Azərbaycan kuboku, ölkə Superkuboku, Birlik kuboku, həmçinin avrokuboklarda iştirak edib. Gəncə futbolunun yetirməsi 1984-98-ci illərdə qısa fasilələrlə paytaxt təmsilçisində forma geyinib. Karyerasının son illərini fərqli klublarda – “Kəpəz” və “ANS Pivani”də keçirməsi üzündən “Neftçi”dəki oyun sayını artıra bilməyib.

 

Vüqar XEYRULLAYEV

0