[b]“Oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi?” – Elxan Abdullayev[/b]
23.04.2017 - 19:32
[b]“Oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi?” – Elxan Abdullayev[/b]

“Meydanda çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" Avrokubok problemini 70 faiz həll etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə “Zirə” ilə qarşılaşan “ağ-qaralar” 2:2 hesablı bərabərə qalaraq Avrokubok ümidlərinin üstündən xətt çəkib. Üstəlik komandanın baş məşqçisi oyunun gedişində əvəzetmə zamanı səhvə yol verərək legioner limitini pozub və paytaxt təmsilçisini texniki məğlubiyyət gözləyir.

 

Oyun başa çatdıqdan sonra Abdullayev sualları cavablandırıb.

 

- Texniki məğlubiyyətdən nə vaxt xəbər tutdunuz?

- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.

 

- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...

- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi? Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.

 

- Kuluarlarda belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib...

- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.

 

- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədi?

- İki cəbhədə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində 4 oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik, daha yaxşı olardı.

0