[b]Daniel Seqovia: Komanda evdə hətta AZAL-a yenilib – MÜSAHİBƏ[/b]
23.04.2017 - 22:35
[b]Daniel Seqovia: Komanda evdə hətta AZAL-a yenilib – MÜSAHİBƏ[/b]

“Zirə” ilə oyunda heç-heçə edən, amma limiti pozduğuna görə texniki məğlubiyyət alacaq “Neftçi”nin hücumçusu Daniel Seqovia matçdan sonra apasport.az saytının əməkdaşının suallarını da cavablandırıb.

 

- Daha çox məşqçilər korpusunun yanlışlığı ilə yadda qalacaq oyun haqda danışmaq çətin deyil?

- Artıq olan olub və keçmişdə qalıb. Biz növbəti məşqlərimizə köklənməli, oyunumuza hazırlaşmalıyıq.

 

- “Neftçi” çempionatı “Zirə”ni məğlub etmədən qapayacaq. Rəqib bu qədər güclüdü ki, 4 oyunun heç birində onları məğlub edə bilmədiniz?

- Əvvəlki iki oyun haqda heç nə deyə bilmərəm. Komandaya qış fasiləsində qoşulmuşam və onlara qarşı iki oyunda iştirak etmişəm. “Zirə” heç bir komponentində “Neftçi”ni üstələmir. Öz meydanımızdakı oyunda hesabda öndə idik, sonradan bəsit səhvə yol verdik və cavab topunu buraxdıq. Bir qədər sonra ikinci dəfə qapımıza qol vurdular və qələbə qazandılar. Hər iki qolu hədiyyə etmişdik. Bugünkü oyuna gəldikə, yaxşı köklənə bilməmişdik. Başlanğıc uğurlu alınmasa da, hesabı açan tərəf biz olduq. Qoldan sonra yenə irəli atıldıq. Bu məqamda hesab bərabərləşdi. Həmin anda topun qapıya daxil olacağını heç zərbə vuran da gözləmirdi. İkinci qolda da kiçik fərdi səhv etdik və hesabda geri düşdük. Ümumi götürdükdə, hesabı xeyirlərinə dəyişməyi bacarsalar da, bizi hansısa göstəricidə üstələmirdilər.

 

- “Neftçi” də hansısa komponentdə rəqibindən üstün deyildi. Əksinə, real qol epizodlarının sayına görə üstünlük rəqib tərəfdə idi...

- Yenə deyirəm, birinci hissə 1:0 hesabı ilə başa çatsaydı, ikinci yarı fərqli keçəcəkdi. Onda rəqib qol vurmaq üçün irəli atılacaqdı, biz də onları əks-hücumlarda yaxalayacaqdıq. Amma fasiləyə yaxın buraxdığımız qol oyunumuza və əhvalımıza mənfi təsir etdi.

 

- “Neftçi”yə Avroliqaya vəsiqə qazanmaq şansını davam etdirmək üçün mütləq qələbə qazanmaq lazım idi. Bu gün 90 dəqiqəni heç-heçə başa vurduğunuza, yoxsa yol verilən texniki səhvə görə çox üzüldünüz?

- Oyundan 1 xalla ayrılsaydıq, yenə üzüləcəkdim. Çünki bizə mütləq qələbə lazım idi. Üç xaldan başqa heç bir nəticə bizi qane edə bilməzdi.

 

- Baş məşqçiniz komandasının nəyə qadir olduğunu qış fasiləsindən sonra göstərəcəyini deyirdi. Qış fasiləsindən sonra “Neftçi” həm ölkə kubokunda mübarizəni dayandırdı, həm də çempionatda autsayder olmaqdan qurtula bilmədi. “Neftçi”sevərlərə açıqlamanız nə olacaq?

- Komandanı yanvardan əvvəl tanımırdım. Bura gələndə nəticələrə baxdım, komanda hətta AZAL-a evdə yenilib. Yəni çempionatda uduzmadığı komanda qalmamışdı. Düzdü, yenilənmiş heyət də istənilən nəticəni qazana bilmədi: kubokda mübarizəni dayandırdı, çempionatda avrokuboklara vəsiqə verəcək yerlərdən biri tuta bilmədi. Amma qış fasiləsinə qədərki nəticələrlə indikiləri müqayisə etsək, böyük fərq yarandığını görəcəksiniz. Evdə “Qəbələ”ni də yendik, “İnter”i də udduq. Artıq şansımız qalmayıb. Ancaq sonuncu turda qarşılaşacağımız “Qarabağ”ı yenməyə, ili qələbə ilə başa vurmağa çalışacağıq.

 

- Nəticələrin yaxşılaşdığını deyirsiz, amma komanda turnir cədvəlində elə qış fasiləsinə yollandığı mövqedədi. Deməli, digər komandalar da boş oturmayıblar...

- Razıyam, yenə yeddinci pillədəyik. Lakin yalnız qış fasiləsindən sonra qazandığımız xalların sayına baxsanız, üst sıralarda olduğumuzu görərsiniz.

0