[b]Naxçıvanda kikboksinq turniri keçiriləcək[/b]
27.04.2017 - 00:05
[b]Naxçıvanda kikboksinq turniri keçiriləcək[/b]

Mayın 1-də Şərur Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş peşəkar kikboksçular arasında IX ənənəvi turnir keçiriləcək. Bu barədə apasport.az saytına Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib.


O bildirib ki, yarışda K-1 və low-kik versiyaları üzrə 14 idmançı mübarizə aparacaq: “Yığmanın ən güclüləri həm kəmər uğrunda, həm də kubok uğrunda döyüşəcəklər. Hesab edirəm ki, dəfələrlə dünya və Avropa çempionu adını qazanmış kikboksçularımızın yarışı olduqca maraqlı keçəcək”.


A.Əliyev qeyd edib ki, dahi şəxsiyyəti məhz Naxçıvanda anmaq heç də təsadüfü deyil: “Əlbəttə ki, Ulu Öndərin ata-baba yurdunda onun xatirəsini anmaq hər kəs kimi yerli əhalinin də ürəyincə olan hal kimi qiymətləndirilir. Məhz bu amili nəzərə alaraq hər zaman idmana, idmançılara diqqət və qayğı ilə yanaşan, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən yarışlarımızı artıq bir ənənəyə çevirmişik. Respublika səviyyəsində keçirilən tədbirlərin sırasına mütəmadi olaraq kikboksinq yarışlarını da əlavə etmək federasiyamızın qarşısında duran əsas vəzifələrdəndir”.


A.Əliyev vurğulayıb ki, Ulu Öndərin həyata keçirdiyi strategiya bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ölkəmiz dünyada bu gün idman ölkəsi kimi tanınır, ən mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bütün bunlar ölkə rəhbərinin diqqət və qayğısının bəhrəsidir. İnanıram ki, uğurlarımız, nailiyyətlərimiz bundan da çox olacaq, Azərbaycan idmançıları üçrəngli bayrağımızı möhtəşəm idman arenalarında dalğalandıracaqlar”.

 

0