[b]“Azərbaycanda gimnastikanın inkişafını çox yüksək dəyərləndirirəm” - FIG prezidenti[/b]
01.05.2017 - 13:10
[b]“Azərbaycanda gimnastikanın inkişafını çox yüksək dəyərləndirirəm” - FIG prezidenti[/b]

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabeyə bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib. Apasport.az saytının məlumatına görə, yaponiyalı funksioner təltifetmədən sonra KİV nümayəndələri üçün brifinq keçirib.

 

- Mən burda iştirak etdiyim və fəxri ada layiq görüldüyüm üçün şadam. Tədbirdə də qeyd etdiyim kimi, bu qədər media nümayəndələrini də gördüyüm üçün çox təəccüblənirəm.

 

- Azərbaycan gimnastikasının durumu ilə bağlı nə deyə bilərsiz?

- Azərbaycanda gimnastikanın inkişafını çox yüksək dəyərləndirirəm. Əminəm ki, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında idmançılarınız həm idman, həm bədii, həm də batut gimnastikası üzrə yarışlarda təmsil olunacaq.

 

- Siz FİG-ə bir qədər öncə prezident seçilmisiz. Bilmək istərdik, bu idman növündə hansısa dəyişikliklər etməyi planlaşdırırsızmı? Məsələn, qaydalar, təbliğat və ya digərlər məsələlərlə bağlı. Ümumilikdə hansı planlarınız var?

- Təbii ki, biz yeniliklər etmək niyyətindəyik. Bu yeniliklər arasında yarışlara çoxsaylı media nümayəndələrinin və azarkeşlərin cəlb olması da var.

 

- Ölkəmizdə hər il keçirilən gimnastikanın 3 növü üzrə Dünya Kuboku barədə nə deyə bilərsiz?

- Azərbaycan Gimnastika Federasiyasının yarışları keçirməkdə böyük bir təcrübəsi var. Bundan öncəki illərdə də burda Dünya Kuboku təşkil edilib. Hər dəfə bu turnirlərdə yenilikləri görürük və bütün iştirakçılar həmişə bu yarışlardan məmnun qalırlar.

 

- Siz Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun da ölkəmizdə bu növün inkişafında xidmətləri olduğunu vurğuladız. İlin sonunda Avropa Gimnastika İttifaqına prezident seçkiləri olacaq ki, Qayıbov da namizədlərdən biridi. Bununla bağlı fikirləriniz də maraq doğurur.

- Fərid mənim qardaşımdı, onu yaxşı tanıyıram. Onun fəaliyyətini çox bəyənirəm. Mən Qayıbova yalnız uğurlar arzulayıram.

 

0