[b]“Kişi sözü” yüz müqavilədən dəyərlidi"[/b]
27.05.2017 - 18:01
[b]“Kişi sözü” yüz müqavilədən dəyərlidi"[/b]

“İnter”in kapitanı Nizami Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Mövsüm başa çatdıqdan sonra sizin “Neftçi”yə keçdiyiniz haqda xəbərlər yayıldı. “Ağ-qaralar”la anlaşmaq üzrə ikən niyə imtina etdiniz?

- Yayılan xəbərlər doğru idi. Danışıqlar olmuşdu, bütün məsələlərdə razılaşmışdıq. Müqavilənin imzalanması müəyyən səbəblərdən gecikirdi. Tez-tez ölkə xaricinə gedirdim, həm də “Neftçi”də müəyyən gecikmələr oldu. Buna görə də anlaşma gecikirdi. Sözün açığı, “Neftçi” ilə müqavilə bağlayacağım gün “İnter”ə yeni rəhbərlik təyin edildi. Anlaşmanı imzalamazdan əvvəl Zaur Axundovla danışdım. Təxminən 15 dəqiqəlik söhbətdən sonra geri çəkildim. Çünki qarşıma məni qane edən şərtlər qoyuldu. İndiyə qədər çox klub rəhbəri ilə söhbətimiz olub. Amma budəfəki söhbət tam fərqli atmosferdə keçdi. Artıq müqavilənin imzalanıb-imzalanmaması əhəmiyyət daşımırdı. Çünki öz aramızda “kişi sözü”nə üstünlük verdik. Hələ də “İnter”lə müqavilə imzalamamışam, amma komandadayam, məşqlərdə iştirak edirəm. Çünki həmin “kişi sözü” yüz elə müqavilədən dəyərlidi. Bir-birimizin əlini sıxdıq və hərə öz sahəsində görəcəyi işlərlə bağlı söz verdi. “Neftçi” ilə aramızdakı danışıqlar da bu söhbətdən sonra qüvvədən düşmüş oldu. Açığı, Zaur müəllimi yaxşı tanıyıram, haqqında da çox eşitmişəm. O insan hansı sahədə çalışmağından asılı olmayaraq, ancaq yüksək nəticə haqda düşünüb. Futzalda bunu dəfələrlə sübut edib. Həm də illərdi “İnter”də çıxış edirəm, hörmət, ad-san qazanmışıq, klubda bizə güvənən insanlar var. Pul hər şeyi həll etmir. İnsanlıq ön planda olmalıdı. Bu anlaşma zamanı rəhbərlik qarşısına hansısa şərt irəli sürmədim. Onların təklifi məni qane etdiyindən, söhbətimiz baş tutdu.

 

- “Neftçi” ilə aradakı fərq çoxdu?

- Fərq var idi, bunu gizlətməyə ehtiyac yoxdu.

 

- “Neftçi” daha artığını təklif etmişdi?

- Əlbəttə, onların təklif etdiyi məbləğ çox idi. Amma pul hər şey demək deyil. İnsanlığımızı itirməməliyik. Həyatımı belə yaşamışam. Özümə dost seçən zaman da pulu əsas tutmamışam.

 

- Millinin baş məşqçisi Robert Prosineçki sizi dəvət etmir ki, fəlsəfəmə uyğun gəlmir. Amma onun köməkçisi rəhbərlik etdiyi komandada sizi görməkdə maraqlıdı. Ziddiyyətli deyilmi?

- Bu haqda mən də düşünmüşəm. Əgər Robert milliyə dəvət etmirsə, əvəzində köməkçi-məşqçisi öz komandasına dəvət edirsə, deməli, hər məşqçinin öz yanaşma tərzi, üslubu var. Prosineçkinin fəlsəfəsinə uyğun deyiləm, amma Elxan Abdullayevin, Zaur Svanadzenin fəlsəfəsinə uyğunam. Bu haqda çox danışmaq olar, amma susuram, fikrimi oyunuma yönəldirəm. Yenə qollarımı vuracam, göstərəcəm ki, futbol oynamağı bacarıram.

 

- “İnter”də rəhbərlik dəyişdi. Vəziyyət necə, dəyişibmi?

- Azərbaycanda deyildim, ölkə xaricində idim. Bir neçə gündü burdayam, işlər gedir. Avtobus alınıb, digər sahələrdə hər kəs öz işini görür. Futbolçu da istəyir ki, klubunda problem olmasın. Futbolçu meydanda, rəhbərlik isə öz sahəsində işini görsün. Atmosfer çox dəyişib. Uşaqlarda, klubun işçilərində inam artıb. Maaş almayan vaxtlarda məsuliyyətimizi itirməmişdik. Bunu uşaqlara da ötürməyə çalışırdıq. Onda əsas yük futbolçuların üzərinə düşürdü. İndi rəhbərlik də çiynini işin altına verib.

 

- Mart və aprel aylarının borcları ödənilib?

- Borclar qalıb. Amma Zaur müəllim toplanışa qədər bunun bir hissəsini, avrokuboklara qədər isə qalan hissəsini bağlayacağını, çempionatın əvvəlindən isə heç bir gecikmənin olmayacağını deyib. Biz ona inanırıq. Tanıyan necə insan olduğunu bilir. Sözünə bütov adamdı. Məsuliyyətini anlayır.

 

- Müqavilənizin şərtlərində dəyişiklik varmı?

- Xeyr, heç bir dəyişiklik yoxdu. Hələ rəsmi sənədə qol çəkməmişik, amma sözümüz müqavilədi. Qalırıq demişiksə, qalacağıq. Baş məşqçi istəmirsə, o ayrı məsələdi.

 

- Məşqlər başlayıb. Uşaqlar necə görünür?

- Hamımız yaxşı dincəlmişik. Düzdü, pulsuz istirahət etdik, amma çalışdıq ki, problemləri unudaq, atmosferi dəyişək. Maaşı vaxtlı-vaxtında alanda cibində nəyin olduğunu bilirsən. Bununla belə, beynimizi yeniləməyə çalışdıq. İlk məşqlər fiziki xarakter daşıyır. Avrokuboklara hazırlaşırıq.

 

- Səlahət Ağayev, Abbas Hüseynov və Zurab Xizanişvili artıq “İnter”də deyillər. Onların yeri görünəcəkmi?

- Səlahətin gedişi ürəkaçıcı deyil. Abbasin mövqeyini Slavik dolduracaq. Onlar da oynayan uşaqlardı. Ən çox Səlahətin gedişinə təəssüflənirəm. Onun yerini heç kim doldura bilməyəcək.

 

- Yeni rəhbərlik bir qədər tez gəlsəydi, Səlahət komandada qala bilərdimi?

- Yüz faiz qalacaqdı. Onda hər şey fərqli olacaqdı.

 

- Deyəsən, ən çox Səlahətin gedişinə üzülmüsünüz?

- Onunla neçə ildi çiyin-çiyinə oynayırıq. Hər ikimiz kapitan idik. O, qapıda dayananda özümü rahat hiss edirdim. Qol buraxanda da bilirdim ki, tutmaq mümkün deyildi. Nəyə qadir olduğunu bilirəm. Bu gün ölkəmizdə bir nömrəli qapıçıdı. Yenə dostluq edirik. Amma gedişinə çox təəssüflənirik.

 

- Ramazan ayı başladı. Bu, hazırlığa problem yaratmayacaq?

- Hər zaman Ramazanda orucumuzu tutmuşuq, ibadətimizi vaxtında etmişik. Heç vaxt problem olmayıb. Yəqin məşq prosesi elə salınacaq ki, iftar vaxtı ilə üst-üstə düşməsin. Yəni məşqdən sonra iftarımızı aça bilək.

 

- İstirahətinizi harda keçirdiniz?

- Moskvaya getdim. Dostlarımız bizi layiqincə qarşıladılar. Pulumuz olmasa da, yaxşı dincəlməyimiz üçün hər cür şərait yaratdılar. Başqa şəhərlərdə də olduq. Bizi elə qarşılayırdılar ki... Geri qayıtmaq istəmirdik. Onlarla hər gün danışırıq.

 

- Yeni mövsümdə çempionat yenə 8 komanda ilə keçiriləcək. Darıxdırıcı olmayacaq?

- Demək olar, ölkə çempionatına maraq qalmayıb. Düzdü, bütün oyunlar məsuliyyətlidi, amma mövsüm ərzində “Qarabağ” və “Qəbələ”yə qarşı oyunlarda gərginliyi, ajiotajı hiss edirsən. Qalan matçlar çox sönük keçir. Komandalar elə olmalıdı ki, bir-birinə “boy” versin, hamı meydanda “döyüşsün”. Amma son çempionat elə olmadı. İndi qərar veriblər, biz də işimizi meydanda görməliyik.

0