[b]“Həvəsdən düşsəm, kimə nə edəcəm ki?” – Əliyar Ağayev[/b]
23.06.2017 - 16:00
[b]“Həvəsdən düşsəm, kimə nə edəcəm ki?” – Əliyar Ağayev[/b]

“Bu təyinatı gözləyirdik. Deyilmişdi ki, Çempionlar Liqasının II təsnifat mərhələsinə təyinat olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında FİFA dərəcəli hakim Əliyar Ağayev deyib.

 

30 yaşlı referi Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununa təyinat alıb.

 

Ədalət təmsilçisi qismində ilk dəfə Norveçə səfər edəcək beynəlxalq dərəcəli hakim bunun da özü üçün yeni bir təcrübə olacağını düşünür: “İndiyə qədər nə baş, nə də ehtiyat hakim kimi Norveçdə olmuşam. Həm Norveç, həm də İrlandiya komandaları bizə yad olan oyun üslubuna malikdilər. O vaxta qədər komandaları təhlil edib, hərtərəfli hazırlaşacağıq”.

 

Ağayevin yeni mövsümdən I kateqoriyaya yüksəlməsi gözlənilsə də, FİFA onu II kateqoriyada saxlamışdı. Referi bu qərarın ona mənfi təsir göstərdiyini etiraf edib. Ancaq o, həvəsdən düşmədiyini də vurğulayıb: “Əlbəttə ki, bir az təsiri oldu. Ancaq hər şey bununla bitmir. Deyiblər ki, gözləmək lazımdı, biz də gözləyirik. Yəqin ki, yenə baxmaq lazımdı. Qərar mənə az da olsa, təsir etdi. Ancaq bu, əllərimi yanıma salıb, ruhdan düşməyim üçün səbəb deyil. Əksinə, çalışmalıyam oyunlarda yenə yüksək nəticə göstərim, desinlər ki, doğrudan da, stabil hakimdi. Qətiyyən həvəsdən düşmürəm. Həvəsdən düşsəm, kimə nə edəcəm ki? Bununla ancaq özümə ziyan vuraram. Digər tərəfdən, daha əzmlə işləməyim üçün mənə stimul oldu”.

 

FİFA referisi həmçinin qarşıda Avropa Liqası matçlarına təyinat alacağını da istisna etməyib: “Bu qarşılaşmanın ardından Avropa Liqasının III təsnifat mərhələsinə təyinat alacağımı düşünürəm. İnşallah, hər şey yaxşı olsa, sonrakı təyinatım yenidən Avropa Liqasının qrup mərhələsinə olmalıdı”.

0