Rauf Mehdiyev: “Yenə qapıda Elşən dayansa, bunu normal qarşılayacağam”
17.04.2008 - 17:48
Rauf Mehdiyev: “Yenə qapıda Elşən dayansa, bunu normal qarşılayacağam”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Yenidən əsas heyətdə yer almağa özümü hazır sayıram. Ancaq bununla bağlı qərarı mən yox, baş məşqçi verir. Onun məsləhət bildiyi qapıçı çərçivəni qoruyacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında cəza müddəti başa çatan Bakının “Olimpik” klubunun qapıçısı Rauf Mehdiyev deyib. Onun sözlərinə görə, kənarda qaldığı son iki oyunda həmkarı Elşən Poladov onu layiqincə əvəzləyib: “Qapıçı qol buraxmırsa, deməli, zəif deyil və üzərinə düşən vəzifənin öhdəsindən gəlib. Elşən də yaxşı qapıçıdır və aramızda sağlam rəqabət mövcuddur. Yenə qapıda dayansa, bunu normal qarşılayacağam”. “Olimpik”i qarşıdakı turda “Masallı” ilə səfər oyunu gözləyir ki, R.Mehdiyev bu komandanı ilk dövrədə 3:1 hesabı ilə məğlub etdikləri görüşü yaxşı xatırlayıb. Rəqibin braziliyalı legioneri Osmar Siqueyranın vurduğu qol “Olimpik”in 32 yaşlı qapıçısının “quru seriyası”nı 676-cı dəqiqədə dayandırdı: “Əsas nəticə qazanmaqdır. Komandanın qələbəsi şəxsi rekorddan üstündür. Həmçinin, qapını mənim, yaxud Elşənin qorumasında qeyri-adi bir şey yoxdur. Kimin dayanması fərq etməz, vacib olan yenə qol buraxmamaqdır. “Masallı” ilə Lənkərandakı görüşümüz çətin olacaq. Çünki oradakı meydançanın vəziyyəti heç də yaxşı deyil. Bununla belə, qol vurub, hesabda üstünlüyü sonadək qorumağa çalışacağıq”.
Qeyd edək ki, “Olimpik” R.Mehdiyevin sayəsində cari çempionatda ən az qol (3) buraxan komandadır.
0