[b]Yığmamızı azlıqda qoyan hakim “Qəbələ”nin matçında[/b]
17.07.2017 - 09:45
[b]Yığmamızı azlıqda qoyan hakim “Qəbələ”nin matçında[/b]

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya” ilə səfər matçının hakimi Konstantin Sebastian Koltesku tanış hakimdi. Apasport.az saytının məlumatına görə, rumıniyalı 2 dəfə Azərbaycan komandalarının görüşünə təyinat alıb.

 

40 yaşlı Kolteskunun təmsilçilərimizlə yolu ilk dəfə 10 il əvvəl kəsişib. Belə ki, o, 2007-ci il sentyabrın 11-də 21 yaşadək futbolçular arasında AÇ-2009-un seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Azərbaycan matçında fit çalıb. Zapreşiç şəhərində keçirilən və ev sahiblərinin 3:2 hesabı ilə qələbə qazandıqları qarşılaşmada Koltesku yığmamıza qarşı rəhmsiz olub. Referi görüşün 70-ci dəqiqəsində Namiq Yusifovu ikinci sarı vərəqə ilə meydandan qovub. Xorvatların 3-cü qolu Ruslan Abışovun passivinə yazılıbsa (avtoqol), yığmamızın heyətində dubl edən Asif Məmmədov hazırda məhz “Qəbələ”nin formasını geyinir.

 

Koltesku 2015-ci ildə “Qarabağ”ın matçı üçün Bakıya səfər edib. Çempionlar Liqasının 2015-16 mövsümü çərçivəsində Ağdam klubunun II təsnifat mərhələsində “Rudar”la oyununa məhz rumıniyalı göndərilib. İyulun 15-də baş tutan matç qolsuz bərabərliklə nəticələnib. Hakim təmsilçimizdən yalnız Qara Qarayevə sarı vərəqə göstərməklə kifayətlənib.

 

Ümumiyyətlə, 2006-cı ildə FİFA referisi adını daşıyan Konstantin Sebastian Koltesku indiyə qədər beynəlxalq arenada 23 qarşılaşmada idarəçilik edib. Bunlar arasında İntertoto Kuboku, UEFA Kuboku, Avropa Liqası və Çempionlar Liqası matçları da var. U-17, U-19 və U-21-lərin seçmə mərhələ oyunlarında da ədalət təmsilçisi olmuş Kolteskunun ən böyük uğuru kimi 2013-cü ildə U-19-ların Avropa çempionatının elit raundunda idarə etdiyi 2 görüşü qeyd etmək mümkündü.

 

Əsas yığmalar arasında keçirilmiş 2 yoldaşlıq matçında (İrlandiya – Gürcüstan – 4:0, Serbiya – İsrail – 3:1) da fit çalmış referi üçün “Yagelloniya” – “Qəbələ” qarşılaşması 2017-ci ilin ilk təyinatıdı.

 

Koltesku idarə etdiyi 23 oyunda 12 dəfə penalti nöqtəsini göstəribsə, 89 sarı, 9 qırmızı vərəqədən istifadə edib.

 

Qeyd edək ki, “Yagelloniya” – “Qəbələ” oyunu iyulun 20-də keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

0