[b]“Hakim qərəzindən söhbət gedə bilməz” – “Astra”nın baş məşqçisi [/b]
19.07.2017 - 19:29
[b]“Hakim qərəzindən söhbət gedə bilməz” – “Astra”nın baş məşqçisi [/b]

“Bütün fikrimizi növbəti məhələyə çıxmağa cəmləmişik. Sabahkı oyunu düşünürük”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Astra”nın baş məşqçisi Edvard Yordaneskuya məxsusdu.

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində öz meydanında “Zirə”ni 3:1 hesabı ilə məğlub edən Rumıniya klubu sabah “Dalğa Arena”da cavab matçına çıxacaq.

 

Matçöncəsi keçirilən mətbuat konfransında Yordanesku komandasının şanslarını dəyərləndirib: “İlk görüşdə 3:1 hesablı qələbəyə baxmayaraq, hələ də bir çox məsələyə aydınlıq gəlməyib. Hələ növbəti mərhələyə adlamamışıq. Bunu ağlımızda tuturuq. İlk oyundakı qələbə bizi şanslı edir. Ancaq daha yaxşı oynasaydıq, fərqli hesablı qələbə qazana bilərdik. Çox qol imkanlarından yararlana bilmədik. Bu qələbə növbəti mərhələyə təminat vermir. Futbolda bu üstünlük heç nə demək deyil, vəziyyət asanlıqla dəyişə bilər. “Zirə”nin ilk mərhələdəki “Differdanj”la oyununu izləmişəm. Belə qənaətə gəlmişəm ki, “Zirə” evdə tam fərqli, aqressiv, hücumameyilli oynayır, çox qol imkanları yaradır. Ümid edirəm ki, sabahkı oyuna hazır olacağıq. Biz də yeni yaranmış komandayıq. 6 həfə əvvəl bu komanda yenilənməyə başlayıb. Yayda 16 futbolçu gedib və çoxlu oyunçu gəlib. Bəzi oyunçularımız birbaşa Avropa Liqası öncəsi gəliblər. Komanda hələ oturuşmayıb, futbolçuların uyğunlaşma prosesi davam edir. Mənfi cəhət odu ki, futbolçuların fiziki hazırlığı istədiyim səviyyədə deyil. Bununla belə, bütün diqqətimizi sabahkı görüşə cəmləmişik”.

 

- Sabah əks-hücum futbolu sərgiləyəcəksiniz?

- Yəqin ki, taktikamızı sabah görəcəksiniz. Biz komanda olaraq hücumameyilli oyuna üstünlük veririk. Darıxdırıcı oyundansa, hücumameyilli futbol yaxşı olar. Ümumiyyətlə, bizim oyun fəlsəfəmiz hücum futbolu göstərməkdi. Komandaya bunu aşılayıram. Sabah da bunu tətbiq etməyə çalışacağıq.

 

- İlk oyundakı hakim belaruslu, bu dəfə isə gürcüstanlıdı. Bunun sizin üçün bir önəmi varmı?

- Hakim təyinatlarını məntiqli sayıram. Buna UEFA qərar verir. Avropa Liqasında hər hansı hakim qərəzindən söhbət gedə bilməz. Ədalətli hakimliyin olacağına inanıram.

 

- “Zirə”nin hansı futbolçularını xüsusi fərqləndirə bilərsiniz?

- Komandama hər zaman rəqibin həm zəif, həmdə güclü tərəflərini çatdırmağa çalışıram. Bu dəfə də rəqibin hər iki cəhətini oyunçulara çatdırmışam. Bunu müzakirə etmişik və sabahkı görüşə hazırıq. Meydanda öz oyunumuzu göstərmək istəyirik. “Zirə”nin heyətində hücumameyilli futbolçuların çıxışını qeyd etmək istərdim. Kerven Belford, David Manqa, Orxan Əliyev və Riçard Qadze həm kollektiv, həm də fərdi şəkildə matçın taleyini həll etmək iqtidarındadılar.

0