[b]Fatih Terimin istefasının təfərrüatları...[/b]
27.07.2017 - 11:30
[b]Fatih Terimin istefasının təfərrüatları...[/b]

Fatih Terimin Türkiyə yığmasından ayrılmasının təfərrüatları müəyyənləşib. Apasport.az hurriyet.com.tr saytına istinadən xəbər verir ki, “İmperator” ləqəbli məşqçinin gedişinə son illərdə baş verən hadisələr yol açıb.

 

Türkiyə Futbol Federasiyası (TFF) adı “Qalatasaray”la çəkilən 64 yaşlı mütəxəssislə bir araya gələrək, ayrılıq haqda qarşılıqlı razılıq əldə edib. TFF-nin “ay-ulduzlular”la 1 illik müqaviləsi qalan Terimə ödəyəcəyi təzminatın məğləği də açıqlanıb. Təcrübəli çalışdırıcı buna görə federasiyadan 3,5 milyon avro alacaq.

 

Türkiyə mətbuatı Terimin yığmadan gedişini yaşanan ardıcıl xoşagəlməz hadisələrlə əlaqələndirib. Aradakı soyuqluğun AÇ-2016-dan başlandığı qeyd olunub. Belə ki, həmin turnir ərəfəsində yaşanan mükafat problemi nəticəsində Terimlə federasiya prezidenti Yıldırım Dəmirörənin arası dəyib. Qəzetlərdə haqqında çıxan məqalələr TFF rəhbərini özündən çıxarıb və Dəmirörən yaşanan olaya görə “İmperator”a etirazını bildirib.

 

Mükafat böhranının ardından Terimin qərarı ilə yığmanın aparıcı üzvləri Arda Turan, Burak Yılmaz, Səlçuk İnan, Caner Erkin və Gökhan Gönül heyətdən kənarlaşdırılmışdı. Sonra bağışlanaraq, milliyə qayıdan Arda millinin təyyarəsində jurnalist Bilal Meşeyə hücum çəkmişdi. Həmin qalmaqala “İmperator”un biganə qalması federasiya rəhbərliyinin xoşuna gəlməyib. Belə ki, məsələ ilə bağlı danışan Terimin “görmədim” ifadəsi TFF-də böyük narazılıq yaradıb.

 

Ardanın milli karyerasını bitirdiyi ərəfədə Terimin davranışı da rəhbərliyin ürəyincə olmayıb. Məşqçinin mətbuat konfransında üstüörtülü açıqlamalar verməsi, bu yaxınlarda isə kürəkənləri ilə birlikdə restoranda dava etməsi münasibətləri bir qədər də korlayıb.

 

Terimin yığma karyerasına nöqtə qoyan son hadisə isə Rüştü Rəçbərlə arasındakı olay olub. Keçmiş qolkiperin yazdığı məqalə məşqçini özündən çıxarıb və o, sabiq yetirməsinə təhqir və təhdid dolu məktub göndərib. Terimin bu hərəkəti TFF rəhbərliyinin səbr kasasının dolması ilə nəticələnib. Bu hadisə prezident Yıldırım Dəmirörənin ayrılıq qərarını qətiləşdirib.

 

Qeyd edək ki, Fatih Terim 1993-1996 və 2005-2009-cu illərdə də Türkiyə yığmasının baş məşqçisi olub.

 

 

0