[b]“Yaxşı nəticəyə iddialıyıq” - “Qəbələ”nin legioneri[/b]
27.07.2017 - 15:43
[b]“Yaxşı nəticəyə iddialıyıq” - “Qəbələ”nin legioneri[/b]

“Oyuna ciddi yanaşırıq. Yaxşı nəticəyə iddialıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Xavi Ernandes deyib.

 

“Qırmızı-qaralar” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Panatinaikos”un qonağı olacaqlar.

 

Yunanıstan mətbuatına açıqlama verən Xavi maraqlı fikirlər səsləndirib. İspaniyalı yarımmüdafiəçi Afinaya sərfəli nəticə dalınca yollandıqlarını bildirib: “Səfərdə məqsədimizə çatsaq, Bakıdakı qarşılaşmada işimiz asan olacaq. Ən vacib olan da budu. “Yagelloniya” ilə cavab matçında göstərdiyimiz oyunu təkrarlamalıyıq. Həmin görüşdə əlimizə düşən qol imkanlarından yararlana bilmişdik. Yunanıstanda da bunu etməyə çalışacağıq”.

 

Xavi əlavə edib ki, “Qəbələ”nin potensialı Afinadan yaxşı nəticə ilə qayıtmağa imkan verir: “Bizim üstünlüyümüz ondadı ki, meydanda tam gücümüzü qoyuruq. Oyuna yüksək motivasiya ilə çıxacağıq və Avropa Liqasında növbəti mərhələyə adlamaq istəyindəyik. Təbii ki, rəqibimizə çox ciddi yanaşmalıyıq. “Panatinaikos” böyük və tarixi klubdu. Onların heyətində konkret kimisə fərqləndirmək lazım deyil. Rəqib kollektiv şəklində güclüdü”.

 

28 yaşlı futbolçu “Qəbələ”nin 2 il öncə Avropa Liqasında “Panatinaikos”u mübarizədən kənarlaşdırmasını yada salıb: “Həqiqətən də, bu, böyük hadisə idi. Yenə yaxşı oyunlar keçirməli, həmin nəticəni təkrarlamalıyıq. “Qəbələ” Azərbaycanın nəhəng klublarından biridi. Komanda son illər Avroliqanın qrup mərhələsində çıxış edib. Həmin nəticələrə imza atmaq “Qəbələ” üçün vacib idi. Bunları nəzərə alaraq, “Qəbələ”yə keçməyə razılıq verdim”.

 

 

0