[b]"Qarabağ" mərhələni keçəcək, "Qəbələ" isə..."[/b]
27.07.2017 - 17:07
[b]"Qarabağ" mərhələni keçəcək, "Qəbələ" isə..."[/b]

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

 

- Söhbətə ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”dan başlayaq. Ağdam klubu III təsnifat mərhələsində “Şerif”lə keçirdiyi ilk oyunda rəqib qapısına yol tapa bilmədi. Halbuki, əksəriyyət Qurban Qurbanovun komandasının Bakıda asan qələbə qazanacağını düşünürdü...

- Bizdə çox qəribə hal yaranıb. MDB təmsilçisi ilə qarşılaşanda deyirik ki, qalib gələcəyik, bizim üçün asan olacaq. Amma indi Avropada zəif klub yoxdu, bu, aksiomdu. Xüsusilə, Çempionlar Liqasında səhv etməməlisən. “Şerif” mənə tanış rəqibdi. Sabiq “Birlik Kuboku”nda 2 dəfə onlarla qarşılaşmışam. Həmin vaxt bu klubun böyük imkanı var idi. İndiki “Şerif”i də izlədim, zəif komanda deyil. İstəklidilər, nə etməli olduqlarını bilirlər. “Qarabağ” ilk hissədə yaxşı təsir bağışlamadı. Amma fasilədən sonra çempionumuzun ifasında tam başqa oyun izlədik. Çoxlu qol imkanlarımız oldu. Həmin epizodlarda futbolçular həyəcanlı davrandılar. Sakit, səbrli olsaydılar, qol vuracaqdılar. Bu cür rəqiblərlə qarşılaşanda gərək ilk hissədə fərqlənəsən.

 

- “Şerif” Bakıdakı görüşdə bütün diqqətini müdafiəyə yönəltmişdi. Necə düşünürsüz, moldovalılar öz meydanlarında da eyni taktikadan istifadə edəcəklər?

- Moldova çempionunun evdə və kənarda fərqli oynayıb-oynamadığını bilmirəm. Amma rəqibin də çatışmazlıqları var və bu, açıq-aşkar hiss olundu. Məncə, “Qarabağ” səfərdə də rahat oynaya bilər. Mən komandamızın mərhələ adlayacağını düşünürəm.

 

- Avropa Liqasındakı təmsilçimiz “Qəbələ” isə bu gün “Panatinaikos”la səfər matçına çıxacaq. “Qırmızı-qaralar” 2 il öncə turnirin pley-off mərhələsində rəqibi mübarizədən kənarlaşdıra bilmişdilər. Həmin nailiyyəti təkrarlamaq mümkün olacaqmı?

- “Qəbələ”də heyət dəyişib. Amma mən bu komandanın legionerlərini bəyəndim. “Qəbələ”nin “Yagelloniya” ilə həm Bakı, həm də Polşada keçirdiyi oyuna baxdım. Çox yaxşı xarici futbolçuları var. Əlbəttə ki, onlara öz oyunlarını göstərmək üçün vaxt lazımdı. Vaxt isə azdı. Bir də ki, indi 5-10 il əvvəlki vəziyyət deyil. Yaxşı hazırlaşıb, istənilən komandaya qarşı oynamaq olar.

 

- “Qəbələ”dən Yunanıstanda necə oyun gözləyirsiz?

- “Qəbələ” Polşadakı matçda gücünü hamıya göstərdi. Əsas odu ki, komanda həm evdə, həm də kənarda öz oyununu sərgiləyə bilsin. Avropada uğur əldə etmək istəyiriksə, bütün matçları eyni səviyyədə keçirməliyik. Məlum məsələdi ki, kənarda daha diqqətli olmalı, az səhv etməlisən. Rəqibin cərimə meydançasına tez daxil olmaq lazımdı. Belə matçlarda komandanın liderlərinin üzərinə böyük yük düşür. Azərbaycanda olduğu kimi, Yunanıstanda da çempionat hələ başlamayıb. Onlar da hazırlıq dövrünü keçirlər. Amma “Qarabağ”dan fərqli, “Şerif” daxili çempionatda artıq 3 görüş keçirib. Oyun praktikasının olması çox vacibdi.

 

- Avropa Liqasında mübarizəni dayandırmış “İnter” və “Zirə”nin çıxışını necə qiymətləndirirsiz?

- Hər ikisi bir mərhələ adladı. Həm “Zirə”, həm də “İnter” bütün güclərini qoydular. Mən onların normal səviyyədə çıxış etdiklərini düşünürəm.

 

- Gələn ay start götürəcək Azərbaycan çempionatında qızıl medallara ən şanslı kimi sayırsız?

- Çempionluq mübarizəsi yenə “Qarabağ” və “Qəbələ” arasında gedəcək. Həm yerli, həm də xarici futbolçuların səviyyəsi, hazırlıq prosesi və maddi imkan baxımından bu klublar digərlərini qabaqlayırlar.

 

- Sabiq yetirməniz Rəşad Sadiqov bu günlərdə “Zirə”dən uzaqlaşdırıldı. Baş məşqçi Ayxan Abbasov buna səbəb kimi futbolçunun intizamsızlıq etdiyini göstərib. Keçmiş məşqçisi kimi, Rəşaddan bu cür hərəkət gözləyirdizmi?

- Onların arasında nə söhbət olduğunu bilmirəm. Amma Sadiqovu yaxşı tanıyıram. Cavan ikən futbolçum olub, birgə çalışmışıq. Rəşad böyük futbol oynamaq istəyirdi və üzərində çox çalışırdı. Dediyimiz hər sözə qulaq asırdı. Mən Sadiqovun məşqə, təlim-məşq toplanışına gecikdiyini heç vaxt görmədim. Saat 3-də yığılırdıqsa, o, 1 saat qabaq gəlirdi.  

 

0