[b]7 yığma oyunçusu rəsmən “Neftçi”də![/b]
10.08.2017 - 11:38
[b]7 yığma oyunçusu rəsmən “Neftçi”də![/b]

Kişi voleybolçulardan ibarət “Neftçi” klubu yeni mövsüm üçün heyətini gücləndirməyi davam etdirir. Apasport.az saytının məlumatına görə, Ziya Rəcəbovu baş məşqçi gətirən komanda rəhbərliyi bir neçə voleybolçu ilə də güclənib.

 

Belə ki, yeni mövsümdə çempionluğu hədəfləyən Bakı təmsilçisi yığma üzvləri Elmin Alışanov, Vadim Kutukov və Emil Abdullayevlə müqaviləni yeniləyib. Bu voleybolçular ən azı 2017/2018 mövsümünü “ağ-qaralar”ın heyətində keçirəcək.

 

“Neftçi” həmçinin ötən il “Lokomotiv”lə çempionluq sevinci yaşayan oyunçuları da transfer edib. Yeni mövsümdən millinin toppaylayıcılarından olan Tural Həsənli Ziya Rəcəbovun rəhbərliyi altında çıxış edəcək. Ötən çempionatın ən dəyərli voleybolçusu adını qazanmış Aqil Ağazadə də artıq “Neftçi”yə transfer olunub. Yığmada onlarla birgə oynayan hücumçu Cavid Süleymanov və blokçu Dmitri Baranov da yeni mövsümdən “ağ-qaralar”ın uğurları üçün mübarizə aparacaq. Bütün yeni transferlərlə ilkin olaraq 1 illik razılıq əldə edilib. Bu siyahının yaxın günlərdə artması da istisna deyil.

 

Bu arada “Neftçi”də rəhbər vəzifəyə təyinat da olub. Ziya Rəcəbovun əvəzlədiyi Elçin Orucov komandanın inzibati direktoru elan edilib. 

0