SİZİN REKLAM BURADA

Dünya çempionluğundan klub qəbiristanlığınadək - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Voleybol: tarixi zəfərlər və gələcəyə baxış. Prioritetlər: Azərbaycanda voleybolun ənənələri, inkişaf mərhələləri və klub voleybolunun tənəzzülü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Ölkə voleybolunu daim diqqətdə saxlayan “apasport” “Azərbaycan voleybolu: Müstəqilliyin 25 ili” layihəsinin növbəti yazısında klublarımızın daxili və beynəlxalq arenadakı çıxışlarına yer verəcək. Həmçinin artıq fəaliyyətini dayandıran komandalarımızdan söhbət açacağıq.

 

Formal çempionat

“Azərreyl” “Top-komandalar kuboku”nu qazanmaqla, Azərbaycan voleybolunun inkişafına təkan verdi. Artıq avrokuboklara qatılmaq üçün Azərbaycan çempionatlarının bərpası zərurəti yaranmışdı. Amma adıçəkilən klubdan başqa, komanda olmadığından Azərbaycan Voleybol Federasiyasının üzərinə çətin yük düşürdü. Belə bir vəziyyətdə qurum rəhbərliyi daha sanballı turnirdə - Çempionlar Liqasında çıxış edəcək “dəmiryolçular”ın bütün fikrini beynəlxalq arenaya yönəltməsi üçün onlarsız birinciliyə start verdi. “Azərreyl”in aşağı yaş qruplarının hegemonluq etdiyi bu turnir daha çox formal xarakter daşıyırdı. Çünki bu komandanın bir neçə təmsilçisi əsasən rayon məktəbləri, həmçinin “Lokomotiv”, “Nəqliyyatçı” və tarixinin ilk illərini yaşayan “Rabitə” ilə mübarizə aparırdı.

 

“Neftçi”nin hegemonluğu

Qadınlarla yanaşı, kişilərin də çempionatında yeni dönəm başladı. “Azərreyl”in uğuruna qədər kişi voleyboluna diqqət daha çox idisə, xanımlar öz uğuru ilə onları kölgədə qoydular. Amma ölkə çempionatında müəyyən rəqabət müşahidə olunurdu ki, buna qadınların çempionatı yalnız həsəd apara bilərdi. Bu yarış digərləri ilə müqayisədə çempionun dəyişməməsi ilə də diqqət çəkirdi. Ötən əsrin 90-cı illəri OİK-in təkhakimiyyətliyi ilə yadda qalmışdısa, sonradan liderlik kürsüsünə “Metro” əyləşdi. 1999-2002-ci illərdə qızıl medalları heç kimə güzəştə getməyən komanda “Azərnetf”in (müxtəlif illərdə “Azəriol” də adlanıb) yığmanın bazasına çevrilməsi ilə ikinci plana keçdi. 2003-2009-cu illərdə 7 dəfə fəxri kürsüdə yer alan bu komandanı zirvədən “Sərhədçi” endirdi. Onların 2 illik hakimiyyəti “Azərneft”in varisi olan “Neftçi”nin səhnəyə qayıtması ilə başa çatdı. “Ağ-qaralar”ın 5 illik hegemonluğu isə yalnız bir neçə ay öncə “Lokomotiv”in zəfəri ilə başa çatdı.

 

Dünyaya səs salan Super Liqa

“Azərreyl”in ölkədə rəqibinin olmaması qadın voleybolunu uçuruma aparırdı. Aparıcı komandamızın liderləri legioner həyatı yaşamağa üz tutur, daxili çempionat isə məhəllələrarası yarışa çevrilirdi. Belə bir vaxtda “Azərreyl”ə meydan oxumaq iqtidarında olan “Rabitə” səhnəyə çıxdı. Yarandığı ilk ildən ölkə çempionatının ikinciliyini özəlləşdirən “rabitəçilər” 2007-ci ildə “dəmiryolçular”ı da taxtdan salmağı bacardılar. Növbəti il yarış bir qədər gücləndi, “Lokomotiv” və digər iddialılar da idmanın bu növünün inkişafına sərmayə yatırmağa başladılar. Bunun nəticəsində də Azərbaycana legionerlərin ilk axına start verildi. Bu, 2007/2008 mövsümünə təsadüf etdi. Yenə “Rabitə”nin qələbəsi ilə başa çatan çempionat federasiya rəhbərliyini turnirlə bağlı ciddi addım atmağa vadar etdi. Nəticədə 2008-ci ildən ölkədə Super Liqa yaradıldı. Yarışın ilk günündən zirvəni əla alan “Rabitə” fəaliyyətini dayandırana kimi - daha 7 dəfə çempionluq sevinci yaşadı. Məhz həmin 7 il Azərbaycan çempionatının yüksəliş dövrü sayılır. “Rabitə”, “Azərreyl” və “Lokomotiv”lə yanaşı, “Bakı”, “İqtisadçı”, “Azəryol” kimi klublar dünya ulduzlarını ölkəmizə gətirdilər. Onlar arasında Kimberli Qlass, Angelina Qrün, Katarjina Skavronska, Nataşa Osmokroviç, Nansi Metkalf, Riikka Lehtonen, Sara Anzanello, Yuko Sano, Yovana Brakoçeviç, Madeleyne Montano kimi oyunçular, Marçello Abbondanza, Zoran Qayiç, Draqutin Baltiç, Alessandro Çiappinini, Jan de Brant kimi məşqçilər diqqət çəkirdi. Ölkə xaricində çıxış edən voleybolçularımızın da vətənə dönməsi ilə çempionatımız dünyanın ən güclü liqalarından birinə çevrildi. Təsadüfi deyil ki, Avropa Voleybol Konfederasiyasının reytinqində Super Liqa 4-cü pillədə möhkəmlənib. Bu isə Çempionlar Liqasında 3 komanda ilə təmsil olunmaq kimi üstünlüklərlə nəticələnib.

 

“Rabitə” ilə canlanan ölkə çempionatı bu komandanın gedişi ilə də demək olar ki, həyatını tapşırdı. Artıq say düzəltmək üçün Gürcüstandan komanda dəvət edilir. “Rabitə”nin kölgəsində qalan “Azərreyl” və “Telekom” isə artıq çempionluq sevinci yaşamağa da nail oldular.

 

Super Liqanın bütün mükafatçıları

 

Mövsüm

Qızıl

Gümüş

Bürünc

2008/2009

Rabitə

Azərreyl

Lokomotiv

2009/2010

Rabitə

Lokomotiv

İqtisadçı

2010/2011

Rabitə

Azərreyl

İqtisadçı

2011/2012

Rabitə

Lokomotiv

Bakı

2012/2013

Rabitə

İqtisadçı, Azərreyl

 

2013/2014

Rabitə

Azərreyl*

İqtisadçı

2014/2015

Rabitə

Lokomotiv

Azərreyl*

2015/2016

Azərreyl

Telekom

Lokomotiv

2016/2017

Telekom

Azərreyl

Azəryol

 

Gerçəkləşməyən xəyal

“Top komandalar kuboku”nun qalib olduqdan sonra “Azərreyl” Çempionlar Liqasının iştirakçısına çevrildi. Paytaxt təmsilçisi ilk cəhdində qrupda qalsa da, 2003/2004 mövsümündə tarixi uğura imza atdı. Faiq Qarayevin yetirmələri qitənin ən nüfuzlu klub turnirində “Dördlər finalı”na yüksələn ilk Azərbaycan təmsilçisi oldu. Növbəti 3 ildə qrupdan çıxmağı bacaran bakılılar pley-offda “ilişdilər”. 2007/2008 mövsümündə isə qrupda qalan komanda bununla da Çempionlar Liqası ilə 4 illik vidalaşdı.

 

Çempionlar Liqasında ilk medal

Bu da “Rabitə”nin ölkə voleybolunun liderinə çevrilməsi ilə bağlı idi. Düzdü, bu komanda 2010/2011 mövsümündə qitənin ən nüfuzlu klub turnirində debüt şansı qazandı. Bakılılar elə ilk cəhddə “Dördlər finalı”na yüksəlib, yarımfinalda da “Skavolini”ni (İtaliya) 3:1 hesabı ilə məğlub etdilər. Bununla da Azərbaycan voleybol tarixində ilk dəfə komandamız Çempionlar Liqasının finalına çıxdı və özü üçün medalı təmin etdi. İstanbulda baş tutan həlledici görüşdə isə “Rabitə” ev sahibi “Vakıfbank”a 0:3 hesabı ilə uduzaraq, gümüş medalla kifayətləndi.

 

2 dəfə mundialın finalında

Çempionlar Liqasının finalına vəsiqə tariximizdə yeni səhifələr açdı. Artıq növbəti mövsümdə Azərbaycan qitənin ən nüfuzlu klub turnirində 2 komanda – “Rabitə” və “Azərreyl”lə təmsil olunmaq hüququ qazandı. Həmçinin İstanbulda ikinci olan Zoran Qayiçin komandası klublararası dünya çempionatına vəsiqə əldə etdi. Qətərin paytaxtı Dohada baş tutan mundialda isə heç kimin gözləmədiyi halda “Rabitə” planetin ən yaxşısı adını qazandı. Onlar həlledici görüşdə “Vakıfbank”dan qisaslarını da aldılar – 3:0.

 

2011/2012 mövsümündə Çempionlar Liqasında çıxış edən hər 2 təmsilçimiz həm qrup səddini, həm də 1/8 finalı adlasa da, 1/4 finalda büdrəyərək, mübarizəni dayandırdı. Lakin dünya çempionu olan “Rabitə” ardıcıl ikinci dəfə mundiala qatıldı. Bu dəfə son qalib kimi yarışa yollanan komanda yenə də finala qədər irəlilədi. Amma Braziliya “Sollis Nestle”si keçilməz oldu – 0:3.

 

Nəhənglərin savaşına “3-lük”lə davam

2012/2013 mövsümü daha bir önəmli hadisə ilə diqqət çəkdi. Azərbaycan Çempionlar Liqasında 3 komanda ilə təmsil olunmağa başladı. “Rabitə” və “Azərreyl”ə “Lokomotiv” də qoşuldu. Hər 3 klubumuz qrup səddini adladı. I pley-off mərhələsində isə Bakı derbisi yaşandı. Həmin matçda “Azərreyl” “Lokomotiv”i mübarizədən kənarlaşdırdı (3:0, 3:0). Bu qələbəyə baxmayaraq, “Azərreyl” “Dördlər finalı”na yüksəlməsə də, “Rabitə” bunu bacardı. Dünya çempionatında olduğu kimi bu yarışa da Marçello Abbondanzanın rəhbərliyi altında yollanan komanda yenə İstanbulda keçirilən “Dördlər finalı”na qələbə ilə başladı. Bu dəfə də yarımfinal səddini keçən “Rabitə” yenə “Vakıfbank”a 0:3 hesabı ilə uduzdu.

 

Növbəti il “Rabitə” və “Azərreyl”ə (həmin vaxt “Azəryol” adlanırdı)  Çempionlar Liqasında “İqtisadçı” yoldaş oldu. Sonuncular debüt mövsümündə I pley-off mərhələsinə kimi irəliləsələr də, “Azərreyl” heç qrup səddini keçə bilmədi. Əvəzində “Rabitə” Bakıda keçirilən “Dördlər finalı”nın iştirakçısı oldu. Bu dəfə çempionumuz bürünc medalla kifayətləndi.

 

2014/2015 mövsümü uğursuz alındı. “Rabitə” analoji yarışda ilk dəfə qrupda qaldısa, “Azərreyl” pley-offun I mərhələsində nəhənglərin savaşından çəkildi.

 

2015/2016 mövsümü isə “Rabitə”siz baş tutdu. Avropa Voleybol Konfederasiyasının klub reytinqində 4-cü olmağımızda böyük pay sahibi olan ən titullu komandamız tarixin yaddaşına köçdü. Amma onlar yerini əvəzləyiciləri hesab olunan “Telekom”a verdilər. Bu mövsüm debütantla yanaşı, 3 komanda ilə təmsil olunduğumuz son yarış oldu. Yenidən səhnəyə qayıdan “Lokomotiv” qrup mərhələsini keçsə də, “Azərreyl”lə “Telekom” bunu bacarmadı. “Dəmiryolçular” isə I pley-off mərhələsində dayandılar.

 

Ötən mövsüm isə Çempionlar Liqasında hələlik son çıxışımız kimi yadda qaldı. “Telekom”la “Azərreyl” əsasən gənclərə güvəndiklərindən qrupda qaldılar. Bu yarışın yeni ilində isə Azərbaycan klubları olmayacaq. Azarkeşlər qitənin ən nüfuzlu klub turnirinə qayıtmağımızı ən azı 1 il gözləyəcəklər.

 

 

“Bizim kubok”

“Azərreyl”in “Top-komandalar kuboku”nu qazanması ilə qadın voleybolçularımızın təkcə Çempionlar Liqasında deyil, digər kuboklara da yolu açıldı. Təmsilçilərimiz CEV kuboku və “Çelenc Cup”da sözlərini deməyə başladılar. “Azərreyl”in ardınca qitənin nüfuzuna görə ikinci yarışında “Rabitə” də medal qazandı. “Top-komandalar kuboku”nun xələfi hesab edilən CEV kubokunda bakılılar 2009/2010 mövsümdə bürünc medala yiyələndilər. Analoji yarışda daha 3 dəfə yarımfinal həyəcanı da yaşamışıq. 2013/2014 mövsümündə “Azərreyl”, 2014/2015 mövsümündə “Rabitə” və 2015/2016 mövsümündə “Azəryol” finalın bir addımlığında büdrədi. Həmin illər 3-cü yer uğrunda oyun olmadığından yarımfinalda uduzanlar 3-cü yerin sahibi hesab edildilər.

 

Qitənin üçüncü dərəcəli klub turniri olan “Çelenc Cup”da isə uğurlarımız daha yaddaqalan oldu. Düzdü, bu cəmi 2 mövsümü əhatə edib. Lakin 2010-2012-ci illərdə klublarımız “Çağırış kuboku”nu az qala Azərbaycan kubokuna çevirdilər. 2011-ci ildə “Azərreyl” birinci, “Lokomotiv” ikinci oldusa, “İqtisadçı” yarımfinala kimi irəlilədi. Növbəti il yenidən Azərbaycan finalı baş tutdu. 1 il əvvəl “Azərreyl”ə uduzan “Lokomotiv” bu dəfə “Bakı”nı üstələdi.

 

İştirak xətrinə iştirak

Qadınlarla yanaşı, kişi komandalarımız da avrokuboklarda mübarizə aparıblar. 2001-ci ildə “Azəroil”in debütü ilə başlayan marafon daha çox iştirak xarakteri daşıyıb. Çünki “Azəroil”in xələfi olan “Azərneft”, həmçinin “Metro” müxtəlif illərdə “Top-komandalar kuboku”, CEV kuboku və “Çelenc Cup”da oynasalar da, hansısa uğura imza ata bilməyiblər. Onlardan “neftçilər” mövsümü yalnız 2 qələbə ilə başa vurmağı bacarıblar. 2010/2011 mövsümünə kimi davam edən bu uğursuz çıxışlar son 6 ildə yarışdan kənar qalmaqla nəticələnib.

 

Sabaha baxış

Tək kişilər deyil, qadın komandalarımız da tez-tez dağılması ilə diqqət çəkir. Təəssüf doğuran bu tendensiyanın qurbanları sırasında “Rabitə”, “Bakı”, “İqtisadçı”, “Lokomotiv”, “Lokomiotiv-Biləcəri”, “Şirvan”, “Metro”, “Nəqliyyatçı”, “Sərhədçi” və digərlərinin adlarını çəkmək mümkündü. Bu il isə onlara “Telekom”un da qoşulacağı istisna deyil. Belə bir vəziyyətdə Super Liqanın yeni mövsümün taleyi qaranlıq qalır. Təsadüfi deyil ki, uzun illərdən sonra ilk dəfə qadın voleybolumuz Avropada cəmi 1 komanda ilə - “Azərreyl”lə təmsil olunacaq. Onlar da nüfuzuna görə ən aşağı səviyyəli “Çelenc Cup”da mübarizə aparacaqlar. “Dəmiryolçular”a kişilərdən ibarət “Lokomotiv”in qoşulması isə yalnız kiçik təsəlli ola bilər. Çünki 6 ildən sonra kişilər Avropa səhnəsinə - “Çelenc Cup”da mübarizəyə başlayacaqlar. Bu komandaların heç birindən ciddi uğur gözlənilmir. Bunlara baxmayaraq, ilin sonunda Azərbaycan və Gürcüstanda keçirilək Avropa çempionatının yenidən voleybolumuzun canlanmasına təkan verəcəyinə ümidlər böyükdü.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Fotosessiya
SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10