[b]DÇ-2017: Cüdoçularımız günü medalsız başa vurdular - YENİLƏNİB[/b]
01.09.2017 - 18:54
[b]DÇ-2017: Cüdoçularımız günü medalsız başa vurdular - YENİLƏNİB[/b]

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 5-ci gündə Azərbaycan millisinin daha 2 idmançısı tatamiyə çıxıb.

 

Kişilər
90 kq

Yığmamızın hər 2 cüdoçusu bu çəki dərəcəsində qüvvəsini sınayır. Təmsilçilərimizdən ilk olaraq mübarizəyə Məmmədəli Mehdiyev qoşulub. O, 1/64 finalda Kristian Bodirlaunu (Rumıniya) sınağa çəkib və qələbə qazanıb. Cüdoçumuz ikinci cəhdində ukraynalı Kedjau Nyabali ilə güləşib. Mehdiyib bu döyüşü də üstün bitirib. O, mərhələni ipponla adlayıb. Məmmədəli ardınca tunisli Mahmud Snoussinu də mübarizədən kənarlaşdırıb. Həmyerlimiz 1/8 finalda İspaniyanı təmsil edən gürcü əsilli Nikoloz Şerazadişvili ilə qüvvəsini sınayıb. "Böyük dəbilqə"nin mükafatçısı bu dəfə də tatamidən qalib ayrılıb. O, 1/4 finalda macarıstanlı Kristian Totla qüvvəsini sınayıb. Təəssüf ki, Mehdiyev qələbə seriyasını davam etdirə bilməyib. 

 

O, yarımfinala yüksələ bilməsə də, təsəlliverici görüşə qatılıb. Cüdoçumuz gürcüstanlı Uşanqi Marqiani ilə qarşılaşıb və bu rəqibinə də uduzaraq, mundialı medalsız başa vurub.

 

Tural Səfquliyevin isə Budapeştdə debütü 1/32 finala təsadüf edib. Həmyerlimiz ilk cəhdində Xose Luis Arroyo Osorno (Peru) ilə üz-üzə gəlib və rəqibini asanlıqla məğlub edib. O, 61-ci saniyədə qalib elan olunub. Səfquliyev 1/16 finalda Şaxzodbek Sabirovla (Özbəkistan) münasibətinə aydınlıq gətirib. Qarşılaşma Turalın xeyrinə yekunlaşıb. O, üçüncü sınağında Aleksandr Kukoljla gücünü yoxlayıb. Lakin Səfquliyev bu rəqibini keçə bilməyib və mübarizəni dayandırıb.  

 

Qeyd edək ki, dünya çempionatında hələlik 2 cüdoçumuz medal qazanıb. Təmsilçilərimizdən Orxan Səfərovla (60 kq) Rüstəm Orucov (73 kq) ikinci yeri tutub.

0