[b]İçən, öpüşən, natəmiz almanlar...[/b]
10.10.2017 - 12:10
[b]İçən, öpüşən, natəmiz almanlar...[/b]

Uşaqlıqdan ən çox tərif eşitdiyim ölkə Almaniya olduğundan, ora mənim üçün çox maraqlı gəlirdi. Yığma komandamızın Bundestimlə səfər oyunu mənə almanların yaşayış tərzlərini görmək imkanı yaratdı.

 

Orda qaldığımız 4 gün ərzində Kayzerslautern və Maynts şəhərlərini görmək imkanımız oldu. Açığı, gördüklərim məni olduqca təəccübləndirdi.

 

Alman “dəqiqliyi”...

Bütün dünyada qəbul edilmiş bu fikir, deyəsən elə sözdə qalıb. Rəqibin baş məşqçisi Yoahim Lövün oyunöncəsi mətbuat konfransına gec gəlməsinə əvvəlcə çox da önəm vermədik. Ancaq Bakıya döndüyümüz gün bizi oteldən hava limanına aparmalı olan avtobusun sürücüsünün 18 dəqiqə gecikməsi və yolu tanımamağı almanların bu baxımdan heç də ideal olmadıqlarını göstərdi.

 

...“Təmizliyi”...

Mayntslılar əsl payız fəslini yaşayırdılar. Şəhər yaşıllıqlarla bəzədilmiş, ağaclar xüsusi gözəllik və təravət gətirmişdi. Yolboyu saralmış yarpaqlar da payızı təsvir edirdi. Ancaq küçələrə atılmış kağızlar, yemək qırıntıları və sellofanları təmizliyi ilə öyünən almanlara heç yaraşdırmadım.

 

...Tıxacı...

Elə bilirdim ki, tıxac təkcə Bakı və İstanbul şəhərlərinin məhsuludu. Sən demə, almanlar da yol qazmaq, asfalt çəkmək işini gündüz vaxtı edirlər. Mayntsdan Kayzerslauternə gedərkən ikizolaqlı yolun birini bağladıqları üçün tıxaca düşdük. Düzdü, orda avtomobil Bakıdakı kimi çox olmadığından, saatlarla oturub gözləmədik. Qayıdarkən isə sürücü başqa yolla sürməli oldu. Ümumiyyətlə, yolları heç də “güzgü kimi” deyildi. Avtobusun tez-tez çalaya düşməsindən bunu başa düşmək çətin olmadı.

 

...Mədəniyyəti...

Hər zaman Avropa mədəniyyətinin əleyhdarlarından olmuşam. Mayntsın mərkəzində yerləşən istirahət parkında gördüklərim bu fikrimi daha da qətiləşdirməyimə kömək oldu. Cavanlı-qocalı hər kəs küçənin ortasında qruplara bölünərək spirtli içki qəbul edir, min hoqqalardan çıxırdılar. Üstəlik, bunu balaca uşaqların yanında edirdilər. Qocalar bir tərəfdə, cavanlar bir tərəfdə qucaqlaşıb, uşaqlara “dərs keçirdilər”. Kimlər üçünsə bu, adi hal sayıla bilər. Şəxsən mən ölkəmdə belə Avropa mədəniyyətini qəbul edə bilmərəm.

 

...İtə marağı...

Almanların itə olan sevgiləri, hörmətləri tam fərqlidi. Az qala ailədə hər kəsin bir iti var. İnsanlar istirahət etmək üçün bir araya gələndə itlərin sayı onlardan çox olur.

...“Qonaqpərvərliyi” və təşkilatçılığı

Tərslikdən, oyun günü bizi stadiona aparan avtobusun sürücüsü də yolu düz-əməlli tanımırdı. Stadionun yaxınlığından keçərkən polislər ona başqa istiqamət göstərdilər. Bizi bir qədər yollarda gəzdirdikdən, 2-3 küçəyə girib-çıxdıqdan sonra saxlayıb, düşməyimizi tələb etdi. Halbuki orda ins-cins gözə dəymirdi. Təxminən 3 km məsafəni piyada yüksəkliyə qalxdıqdan sonra qan-tər içində arenanı tapdıq. Mətbuat daxil olan qapıdan girərkən isə polislər 7-8 nəfərdən 1-ni yoxlayır, o sırada digərləri keçib gedirlər. “Qarabağ”ın avrokubok oyunu zamanı stadionun qapısında basabas yaradan azarkeşlər kimi, almanlar da bir-birilərinin az qala üstünə çıxalar.

 

Maraqlıdı ki, yerli sakinlərdən biri söhbət zamanı bildirdi ki, böyük dövlət olduqlarından, artıq təşkilatçılıq və bu kimi digər məsələlərə ciddi önəm vermirlər. Yəni özlərini yüksək təşkilatçılıqla dünyaya göstərmək mərhələsini çoxdan keçdiklərini və nəyisə sübut etmək məcburiyyətində olmadıqlarını düşünürlər.

 

Qrindel şoku

Məni ən çox şoka salan isə Almaniya Futbol İttifaqının (DFB) prezidenti Reynhard Qrindel oldu. Oyunöncəsi mətbuat konfransına Lövlə birlikdə gələn Qrindel oturar-oturmaz nitqə başladı və 4 məsələdən danışacağını söylədi: Mundiala vəsiqə, Cavid Hüseynovun həbsdən buraxılması, AÇ-2024-ün loqosunun təqdimatı və Almaniyada uşaq futbolu. Bəli, Cavidi məhz gündəmin ikinci mövzusu etmişdi. Başqa bir dövlətin futbolçusunun düz bir il əvvəl həbsdən buraxılmasının Qrindeli bu qədər “yandırması” mənə qəribə gəldi. Adamdan soruşan lazımdı, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədrisən ki, başqa bir dövlətin daxili işinə qarışırsan? Qrindel necə danışdısa, bir anlıq mənə elə gəldi ki, Bakıdakı matçda Cavid Hüseynov het-triklə yığmamıza qələbə qazandırmış, bu da onlara yer etmişdi.

 

Bahalı maşın, sadə həyat...

Əslində, yuxarıda sadaladığım amillər (Qrindelin açıqlaması istisna – R.S.) istənilən ölkə üçün normaldı. Fransa, İtaliya, İngiltərə kimi ölkələrdə belə, bunu görsəydim, bu qədər təəccüblənməzdim. Sadəcə, gözümü açandan Almaniya barədə yalnız tərif eşitdiyimdən, gördüklərimi qəribə qarşıladım. Almanların böyük dövlətlərə xas bir çox üstün özəllikləri də var. İnsanlarının istiqanlı olmasalar da, bir-birilərinə qarşı səmimilikləri, hörmətlə yanaşmaları, səsdən-küydən uzaq, sakit həyat sürmələri diqqət çəkməyə bilməz. 100-200 minlik avtomobillərin önlərində olan evlər sıradan, sadə, bəlkə də, bir çoxumuzun bəyənməyəcəyi dizaynda idi.

 

İnsanlar standart boyda və çəkidədilər. Pivəyə olan sevgilərini demək artıq olar. Ancaq yağlı və xəmir yeməklərindən qaçdıqları, ümumiyyətlə, yeməyə böyük həvəs göstərmədikləri üçün hamısı idmançıya bənzəyir. Həftəsonu, xüsusən də, bazar günü şəhərlərdə heç bir ərzaq dükanı və alış-veriş mərkəzləri işləmir. Şənbə-bazar günlərini sırf istirahətə ayırırlar.

 

P.S.: Almaniya – Azərbaycan oyununda isə qəribə heç nə baş vermədi, hər şey gözlədiyimiz kimi keçdi.

 

Ruslan SADIQOV

0