[b]“Almeyda kimi futbolçunun önündə oynamaq çox rahat idi, amma burda...”[/b]
23.10.2017 - 10:15
[b]“Almeyda kimi futbolçunun önündə oynamaq çox rahat idi, amma burda...”[/b]

“Səbail” klubunun hücumçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının IX turunda “İnter”i (1:0) məğlub etdiniz. Bunu nə ilə əlaqələndirərdiniz?

- Çətin oyun oldu. Bizə xal lazım idi. Qələbə qazanmaq üçün köklənmişdik. Son məğlubiyyətlər düşərgədə əhval-ruhiyyəni aşağı salmışdı. Ancaq futbolda belə şeylər olur. Əsas odu ki, uduzanda komanda bir yerdə olsun.

 

- Bəlkə rəqibin ağır durumda olması bu qələbədə sizə kömək etdi?

- Biz rəqibin düşərgəsində nə baş verdiyini fikirləşmirik. Bütün diqqətimizi öz matçımıza yönəldirik. Oyundan əvvəl də danışdıq ki, bütün gücümüzü ortaya qoyub qələbə qazanaq. Məncə, bu istəyin hesabına qələbə qazandıq.

 

- Meydana sonradan daxil olmağınız nə ilə bağlı idi?

- Baş məşqçimiz Samir Əliyev sonradan oyunu dəyişmək, komandanın gücünü artırmaq üçün bu addıma əl atmışdı. Biz də çalışırıq onun tapşırıqlarını yerinə yetirək.

 

- Yəni 90 dəqiqə oynamağa fiziki gücünüz çatır?

- Əlbəttə ki, çatır.

 

- Ancaq azarkeşlərin tanıdığı Vüqar Nadirov bu deyil...

- Bilirsiniz, “Səbail” iki ayın komandasıdı. “Qarabağ”da olanda hamını gözüyumulu başa düşürdüm. Riçard Almeyda, Çumbinyo kimi oyunçuların önündə oynamaq çox rahat idi, amma burda mənə “Qarabağ”dakından 5 qat artıq güc düşür. Belə vəziyyətdə isə istədiyin kimi çıxış etmək çətin olur. Amma oyundan-oyuna bu da düzələcək.

 

- Kapitan Eltun Yaqublu “İnter”lə qarşılaşmada çox aqressiv idi, hətta komanda yoldaşı ilə mübahisəyə girişirdi. Onun bu hərəkəti nə dərəcədə doğrudu?

- Eltun qələbə qazanmağımız üçün aqressiv görünürdü. Hansısa futbolçu ilə problemi yoxdu.

 

- Ancaq həmin mənzərə kənardan heç də yaxşı görünmürdü...

- Hər bir komandada belə hallar baş verə bilir. Bəzən oyun zamanı əsəblərini cilovlaya bilmirsən. İnşallah, bu məsələ də yoluna qoyulacaq.

 

- Oyundan sonra paltardəyişmə otağında Samir Əliyevin bu hərəkətə reaksiyası necə oldu?

- Hər ikisinə irad bildirdi ki, bir-birinizə qarşı belə davranmaq olmaz. Elə ciddi bir şey olmadı.

 

- Hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmısınız. Hədəfiniz nədi: daha da irəliləmək, yoxsa son pilləyə düşməmək?

- Əsas hədəfimiz mümkün qədər çox xal toplayıb Premyer Liqada qalmaqdı.

 

- Əvvəlki formanızdan çox uzaqsınız. Yenidən yüksəlişə keçəcəyinizə nə dərəcədə inanırsınız?

- Komandaya gələndən çalışmışam hər matçda qol vurum. Qol vurduqca da öz oyunumu tapacam. Meydandan qolsuz çıxanda özümü pis hiss edirəm. Çalışacam ki, daha da “artırıb”, yenidən milliyə dəvət alım. Robert Prosineçkinin qalıb-qalmayacağı da hələ bilinmir. İstənilən halda millidə oynamaq şərəfdi.

 

- “Səbail”də olduğunuz müddətdə yığmaya çağırılmağınız nə dərəcədə real görünür?

- Belə düşünmürəm. Millinin məşqçisi yəqin ki, çempionat oyunlarımıza gəlib baxacaq və öz seçimini edəcək.

 

Ruslan SADIQOV

0