[b]“Qarabağ” işimizi çətinə saldı” – “Atletiko”nun prezidenti[/b]
15.11.2017 - 11:02
[b]“Qarabağ” işimizi çətinə saldı” – “Atletiko”nun prezidenti[/b]

“Mən bunu yüksək səslə demək istəyirəm: Simeone “Atletiko”da futbolçular, rəhbərlik və azarkeşlər üçün toxunulmazdı. Klubda buna şübhə etmək qadağandı”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun prezidenti Enrike Serezo deyib.

 

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi cari mövsümə uğurlu start götürmədiyindən, baş məşqçi Dieqo Simeone ilə bağlı müxtəlif söz-söhbətlər yayılmağa başlayıb. Onun Madrid klubunu tərk edəcəyi və İngiltərə Premyer Liqa komandalarından biri ilə anlaşacağı iddia olunur.

 

Lakin klub prezidenti bunu qətiyyətlə təkzib edib. O, yerli mətbuata açıqlamasında həm La Liqada, həm də Çempionlar Liqasında işlərinin yoluna düşəcəyinə inandığını söyləyib: “La Liqada o qədər də zəif çıxış etdiyimizi düşünmürəm. 11 turdan sonra məğlub olmamışıq və liderlər qrupundan da uzaq deyilik. Çempionlar Liqasında isə şansımız davam edir. Doğrudu, “Qarabağ”la oyunlardakı xal itkiləri və “Çelsi”yə məğlubiyyət işimizi çətinə saldı. “Roma” ilə qalib gəlməli olduğumuz görüşdə isə bəxtimiz gətirmədi. Halbuki bu matçların hamısını yüksək səviyyədə keçirmişik. Hələ də şansımız davam edir və bunun üçün sona qədər mübarizə aparacaq gücə sahibik”.

 

Serezo “Çelsi”dən transfer edilən Dieqo Kosta və “Las Palmas”dan icarədən qayıdacaq Vitolo sayəsində daha güclü olacaqlarını düşünür: “Bu yay qadağaya görə, transfer etmək istədiyimiz oyunçuları gətirə bilmədik. Əla futbolçulara sahib komandayıq. Üstəlik, heyəti gücləndirmək istədiyimiz futbolçuların da bir çoxu Avropanın böyük liqalarında yüksək səviyyədə çıxış edirlər. Yanvarda iki yeni oyunçu kollektivə qoşulacaq. Onlarla birlikdə daha da güclənəcək və ikinci dövrədə möhtəşəm nəticələr əldə edəcəyik”.

 

69 yaşlı futbol funksioneri La Liqanın XII turu çərçivəsində noyabrın 18-də keçiriləcək “Atletiko” – “Real” matçı ilə bağlı proqnoz da verib. Onun fikrincə, komandaların şansları 50/50-yədi: “Hər iki komandanın xala ehtiyacı var. Qalib gələn aktivinə növbəti 3 xalı yazdıracaq. Vacib olan yaxşı oynamaq və sakit olmaqdı. Biz həmişəki kimi, qələbə üçün meydana çıxacağıq. Şanslar isə yarı-yarıyadı”.

 

Qeyd edək ki, 23 xalla La Liqada 4-cü pillədə qərarlaşan “Atletiko”nun Çempionlar Liqasında aktivində 3 xal var və 3-cü yerdə gedir.

0