[b]“Ümidvaram ki, “Atletiko”ya kömək edəcəyik” - Miçel[/b]
22.11.2017 - 16:20
[b]“Ümidvaram ki, “Atletiko”ya kömək edəcəyik” - Miçel[/b]

“Qrupdakı oyunlar komandamızın inkişafına çox kömək etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Miçel deyib.

 

Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə bu gün keçiriləcək qarşılaşma öncəsi ölkəsində “Marca” nəşrinə danışan 32 yaşlı futbolçu uğurlu çıxışa ümid edir.

 

Miçel Çempionlar Liqasında “Qarabağ”a bir qələbənin çatmadığını söyləyib: “Hələ bu qrupa düşəndə rəqiblərimizin gücünü bilirdik. Onlar Avropada tarixi, böyük klublardı. İlk 4 turdakı nəticələrdən sonra vəziyyət qarışıqdı. Ancaq bizim az da olsa, şansımız var. Deməli, “Çelsi” ilə matçda nəsə etməliyik. Başa düşürük ki, “Çelsi” əla komandadı. Evdə çıxış edirik, bizim üçün çətin olacaq. Hədəfimiz Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaq idi. Qrupda ilk xallarımızı qazandıq. Bir qələbə isə hər şeyi ideal edər. Komandamız bunun üçün əlindən gələni edəcək. Ancaq çox çətin görünür. Çünki rəqib “Çelsi”di və onlar üçün də həyati əhəmiyyətli oyun olacaq”.

 

“Atletiko”nun qrupdakı vəziyyətinə də toxunan ispaniyalı həmyerlilərinə kömək etmək arzusunu da gizlətməyib: “Əldə olunan nəticələr “Atletiko”ya uyğun deyil. Onlar bundan yaxşısına layiqdilər. Ümid edirəm ki, “Atletiko”ya kömək edəcəyik. Bu o deməkdi ki, “Çelsi” ilə matçda yaxşı nəticə qazanmalıyıq. Uşaq vaxtı Çempionlar Liqası matçlarına televiziyadan baxırdım. İspaniya klublarının bu turnirdəki uğurlarını görmək çox sevindiricidi. Əgər indi “Atletiko”ya kömək edə bilsəm, buna sevinərəm. Bunu bacarsaq, deməli, biz də xallarımızın sayını artırmış və daha yaxşı nəticələr göstərmiş olacağıq. Bizim üçün hər şeydən əvvəl öz komandamızın uğurlu çıxışı gəlir.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı saat 21:00-da başlayacaq.

0