[b]Azərbaycan çempionundan tarixi nəticə - YENİLƏNİB[/b]
29.11.2017 - 21:15
[b]Azərbaycan çempionundan tarixi nəticə - YENİLƏNİB[/b]

Kişi voleybolçular arasında “Çelenc Cup” turnirinin II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən Azərbaycan çempionu “Lokomotiv” ikinci matçında Kiprin “Apoel” klubunun qonağı olub.

 

Fərid Cəlalovun rəhbərlik etdiyi komanda ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəlsə də, cavab görüşü gözlənildiyi kimi çətin keçib.

 

Matça təmsilçimiz üstün başlayıb və ilk setdə qələbə qazanıb. Ancaq sonradan toparlanın meydan sahibləri ardıcıl iki hissəni qələbə ilə başa vurublar. Vəziyyətin dəyişdiyini başa düşən komandamızın baş məşqçisi Fərid Cəlalov taktiki gediş edib.

 

Belə ki, 4-cü seti rəqibə “hədiyyə” edən mütəxəssis əsas oyunçularını həlledici – “qızıl set” üçün saxlayıb.

 

Qarşılaşmanın əsas hissəsi “Apoel”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Qızıl set”də isə Cəlalovun taktikası özünü doğruldub. 15:11 hesablı qələbə qazanan “dəmiryolçular” ilk dəfə qatıldıqları “Çelenc Cup”da 1/16 final mərhələsinə yüksələrək tarix yazıblar.

 

29 noyabr

“Çelenc Cup”

II təsnifat mərhələsi, cavab oyunu

 

“Apoel” (Kipr) - “Lokomotiv” (Azərbaycan) - 3:1 (19:25, 25:22, 25:11, 25:15)

Qızıl set: 11:15

 

“Lokomotiv”: Aleksey Çervyakov, Abbas Cəfəri, Ruslan Əliyev, Dmitri Baranov, İvan Kazaçkov, Dmitri Obodnikov, Vüqar Bayramov, Murad Abdurazakov, Rəsul İbrahimov, Əli Maqomedov, Pərviz Səmədov, Andrey Vasilenko, Asif Əliyev, Kənan Allahverdiyev, Zeynalabdin Qasımov

Hakimlər: Vitali Parşin (Ukrayna), Lukas Kraloviç (Slovakiya)

Nikosiya. “Lefkozeo” Sarayı

 

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Apoel” (Kipr) - 3:0 (25:20, 25:21, 25:19)

 

0