[b]"Zəif oynayırlar ki, əvəzləyirəm" - Samir Əliyev[/b]
08.12.2017 - 21:30
[b]"Zəif oynayırlar ki, əvəzləyirəm" - Samir Əliyev[/b]

"Pis oynamadıq". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.

 

Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış oyunda "Qarabağ"la qarşılaşan paytaxt klubu 0:2 hesabı ilə uduzub.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Əliyev bunları deyib: "Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi".

 

- Oyunun gedişində elə təəssürat yarandı ki, sanki siz meydanda olsaz, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiz...

- Meydanda mən yox idim. Əlimizdə olan futbolçular isə bunlardı. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq.

 

- Bu gün Nurlan Novruzovu əvəzlədiz, keçən oyunda isə Amit Quluzadəni əvəzləmişdiz. Demək olar ki, bu oyunçular artıq “qara siyahı”ya düşüb?

- Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.

 

- “Səbail”in əsas məqsədi milli komandalar üçün oyunçu yetişdirməkdi. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, sizi əlavə təzyiqdən azad etmir ki?

- Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək. Əlimizdə olan istedadlı futbolçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular da cəlb etmək istəyirik.

 

- Sistemə görə oyunçu axtarırsız, yoxsa futbolçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsız?

- Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Həmin müddət ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik.

0