[b]"Elə fikirləşmək ziyanımıza olar" - Elvin Yunuszadə[/b]
08.12.2017 - 22:00
[b]"Elə fikirləşmək ziyanımıza olar" - Elvin Yunuszadə[/b]

"Səbail" - "Qarabağ" matçından (0:2) sonra qonaqların futbolçusu Elvin Yunuszadə jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə müdafiəçi maraqlı fikirlər səsləndirib.

 

- Öncə oyunla bağlı fikirlərinizi bilmək istərdik...

- İlk dövrədəki kimi, bu dəfə də "Səbail"lə matçın çətin keçəcəyini bilirdik. Meydança da ağır idi. Üstəlik, Roma səfərindən qayıtmışdıq. Düzdü, heyətdə dəyişikliklər edilmişdi. Amma komandada psixoloji cəhətdən istər-istəməz yorğunluq var idi. Əsas odu ki, 3 xal qazandıq. Çempionatın ən vacib oyunlarından biri idi. Şükürlər olsun ki, ikinci dövrənin son matçında da qalib gəldik.

 

- Meydançada futbolçular tez-tez sürüşürdülər. Bu nə ilə bağlı idi?

- Belə deyim, top qaçırdı. Sözün düzü, buna görə də çətinlik çəkirdik. Öz meydançamızla müqayisədə bu dəfə texniki səhvlər daha çox edirdik.

 

- İkinci hissə ilə müqayisədə ilk yarı sizin üçün sanki ağır keçdi. Bu fikirlə razısızmı?

- Mən belə deməzdim. Çünki hər iki hissə bizim üçün ağır keçdi. Heyətdə daim bir-biri ilə oynayan futbolçular yer almamışdılar. Buna görə də, birinci hissədə anlaşma baxımından bir az problem yaşayırdıq. Həmin problemi fasilədən sonra qaydasına qoyduq. Nəticədə qollar vurub, qalib gəldik.

 

- Çempionatda qış fasiləsinə ən yaxın izləyiciniz "Qəbələ"dən 6 xal öndə yollandınız. Bu barədə nə düşünürsüz?

- Səhv etmirəmsə, keçən il də belə vəziyyət yaranmışdı. Amma "Qəbələ" sonra bizə çatmışdı. Rahatlaşmaq olmaz. 6 xallıq fərq hələ heç nə demək deyil. Çempionatın ikinci yarısına elə hazırlaşmılıyıq ki, sanki xal fərqi yoxdu, hətta "Qəbələ"dən geridəyik.

 

- Belə bir fikir formalaşıb ki, Çempionlar Liqasındakı çıxışını başa vurduqdan sonra "Qarabağ" çempionatda hər oyunu qələbə ilə başa çatdıracaq...

- Belə deməzdim. Elə fikirləşmək bizim ziyanımıza olar. Məncə, bizi istəməyənlər bu cür fikirləşər. Biz də elə düşünsək, motivasiyamız aşağı düşər. Hər oyuna yaxşı hazırlaşıb, ciddi yanaşmaq lazımdı. 

0