[b]Milli üzvləri üçün sevincli gün[/b]
20.12.2017 - 01:11
[b]Milli üzvləri üçün sevincli gün[/b]

Qadınlar arasında voleybol üzrə Türkiyə kubokunda ilk mərhələnin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvlərinin çıxış etdiyi komandalardan 3-ü növbəti matçlarına çıxıblar.

 

Milli üzvü Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” “Bursa B.B.” səfərinə yollanıb. Görüş milli oyuçunun komandasının 0:3 (19:25, 27:29, 20:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk qarşılaşmadan “Bəylikdüzü” qalib ayrıldığı üçün (3:1) “qızıl set” oynanılıb. Həlledici hissədə qalib gələn milli üzvünün komandası növbəti mərhələyə adlayıb (14:16). Matçı yüksək səviyyədə keçirən Yana hər kəsdən çox – 25 xal toplayıb və komandasının qələbəsində ən önəmli rollardan birini oynayıb.

 

Marqarita Əzizovanın oynadığı “Beşiktaş” isə “Çanakkale Bld.”-ni qəbul edib. Marqaritanın 13 xal topladığı görüşdə İstanbul təmsilçisi 3:1 (25:21, 23:25, 25:21, 25:19) hesablı qalibiyyətə sevinib. İlk görüşdə eyni hesabla məğlub olduğu üçün “qızıl set” oynanılıb. Bu hissədə də üstün olan “Beşiktaş” (15:12) 1/4 finala çıxıb.

 

Odina Bayramovanın forma geyindiyi “Seramiksan” da cavab oyununu keçirib. Sözügedən komanda “İlbank”ı qəbul edib və 3:0 (25:23, 25:14, 25:21) hesablı qələbəyə sevinib. İlk qarşılaşmada da qalib gələn komanda növbəti mərhələyə problemsiz keçib. Odina isə 12 xal toplayıb.

 

Qeyd edək ki, qaydalara əsasən, Türkiyə Sultanlar Liqasının birinci dövrəsini ilk 4-də bitirən komandalar kubok uğrunda yarışlara birbaşa final mərhələsindən qoşulacaqlar. Millimizin hücumçusu Polina Rəhimovanın komandası “Fənərbaxça”, “Eczaçıbaşı”, “Vakıfbank” və “Qalatasaray” da birbaşa finalda çıxış edəcəklər.

0