Azərbaycan çimərlik futbolu yığması Yunanıstana uduzub
13.05.2008 - 14:08
Azərbaycan çimərlik futbolu yığması Yunanıstana uduzub
Bakı. Aqşin Əliyev - APA-Sport. İspaniyanın Benidorm şəhərində təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində növbəti turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, C qrupunda çıxış edən Azərbaycan milli komandası üçüncü oyununa çıxıb. Braziliyalı baş məşqçi Qustavo Enrike Zlokkovik Silvanın yetirmələri bu dəfə Yunanıstanla qarşılaşıblar. Görüş yunanıstanlıların 5:1 hesablı qələbəsi ilə nəticələnib. Bu məğlubiyyətə görə yığmamızın növbəti mərhələyə yüksəlmək şansı azalıb. Milli komandamızın 1/8 finala vəsiqə qazanıb-qazanmayacağı bu gün İtaliya və Norveç arasında baş tutacaq oyundan sonra müəyyənləşəcək.
Dünya çempionatının Avropa üzrə seçmə mərhələsində 24 kollektiv 6 qrupda 4 vəsiqə uğrunda mübarizə aparır. Qruplarda ilk iki pillədə qərarlaşan, eləcə də ən yaxşı göstəricilərlə üçüncü yeri tutan 4 yığma 1/8 finala yüksələcəklər. Yarımfinaladək irəliləyəcək komandalar iyulda Fransanın Marsel şəhərində keçiriləcək dünya çempionatına qatılacaqlar.
Qeyd edək ki, qrup mərhələsinin ilk turunda İtaliyaya (2:4) uduzan Azərbaycan milli komandası növbəti oyunda Norveçə qalib gəlmişdi (3:2).
0