[b]"Nəhəng iş görməli, məktəb təhsili alınmalı, qurbanlar verilməlidi"[/b]
12.01.2018 - 14:28
[b]"Nəhəng iş görməli, məktəb təhsili alınmalı, qurbanlar verilməlidi"[/b]

Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı yeni layihəyə start verib. Apasport.az xəbər verir ki, bu il Bakıda keçiriləcək dünya çempionatının startınadək davam edəcək ekspert-müsahibə layihəsinin qonaqları 5 suala cavab verəcək. Rubrikanın ilk qonağı isə qurumun prezidenti Marius Vizer olub.

 

-  2018-ci ildən nə gözləyirsiniz?

- Öncə hamıya – beynəlxalq cüdo ictimaiyyətinə uğurlu il və nailiyyətlər arzulayıram. Bu il bizim cari layihələrinin konsolidasiya ili olacaq və sosial şəbəkələrdə fəaliyyətimizi daha da gücləndirəcəyik. Hakimlik qaydalarına daha yaxşı nəzarət təşkil olunacaq. Olimpiya təsnifat yarışlarına düzgün yanaşılacaq. Bakıdakı dünya çempionatı və bütün beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunacaq. Bütün cüdoçular üçün elektron təlim platformasının yaradılacağına ümid edirik. Bu idmançılara idman karyerası boyu öz təhsillərini davam etdirmək imkanı verəcək. Cüdonun KİV-də geniş işıqlandırılmasına nail olmaq, müasir idman növləri arasında “Top-10”da yerimizi qorumaq istəyirik. Hazırda sosial şəbəkələrdə idman növləri sırasında səkkizinciyik.

 

- Dünyada cərəyan edən hadisələr axarından çıxır. Cüdo daha yaxşı cəmiyyət qurmağa xidmət edə bilərmi?

- Cüdoda çox yüksək dəyərlər var. Biz bu dəyərlərin cəmiyyətə inteqrasiyası üçün bütün qüvvəmizi qoymalıyıq.

 

- Dünya çempionu olmaq istəyən gənc cüdoçulara nə demək istəyərdiz?

- Çempion olmaq möhtəşəm nailiyyətdi. Əlbəttə, bunun üçün nəhəng iş görməli, qurbanlar verməli, işə sadiqlik nümayiş edilməli, həmçinin məktəb təhsili alınmalıdı. Fikrimcə, məktəb təhsili ilə idman təlimi ayrılmamalıdı. Hesab edirəm ki, əksər cüdoçular nə vaxtsa əsl çempion olmaq şansına malikdi. Amma əminəm ki, bizim idman növü sayəsində milyonlarla gənc həyatda çempion ola bilər.

 

- Qarşıdakı mövsümün sürprizi kim olacaq?

- Hazırda cüdoda bir sıra çempionlar və dəyərli idmançılar var. Onlardan hansının mövsümün kəşfi olacağını öncədən söyləmək düz olmaz. Amma mən səylə işləyib, cüdo dəyərlərini inkişaf etdirməyə çalışanlara istədikləri bütün uğurlara çatmalarını arzulayıram.

 

- Yeni ildə kifayət qədər turnirlər olacaq. Yarışı zaldan izləyərkən hansı hissləri keçirirsiz?

- Dolu tribunaların olması yarışın dəyərini göstərir. Bu, idmançı və pərəstişkarların idman növünə sevgisinin sintezini də təcəssüm edir. Cüdoda daha bir önəmli faktor rəqabətlə bağlıdı. Hesab edirəm ki, yarışlarda idmançıların inkişaf etməsində bu amilin də rolu böyükdü.

 

0