[b]"Rəhbərlik deyibsə, bildiyi nəsə var" – MÜSAHİBƏ[/b]
15.01.2018 - 00:00
[b]"Rəhbərlik deyibsə, bildiyi nəsə var" – MÜSAHİBƏ[/b]

“Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azadın apasport.az saytına müsahibəsi.

 

- Komandada vəziyyət necədi?

- Qəti fikir bildirmək üçün hələ tezdi. Ancaq məşqlərimizi davam etdiririk, yeni oyunçular gəlir. Belə deyək də, hər şey yaxşılığa doğru dəyişir. Hər gün 2 dəfə məşq keçirik. Bunun da öz çətinliyi var.

 

- Yuri Maksimov komandanı toparlaya və hazırkı vəziyyətdən çıxara bilərmi?

- İşini bilən mütəxəssisdi. Məşqləri maraqlı keçir. Bunlar ilkin təəssüratlardı. Məncə, komandanı toparlamağı bacaracaq.

 

- Tələblərini  komanda üzvlərinə çatdırıbmı?

- Yaxşı oynamağımızı tələb edir. Taktiki məşqlər keçmirik. İndi fiziki hazırlıq üzrə məşqlərə yer veririk. Taktika ilə bağlı çalışmaları Türkiyədə keçəcəyik. İntizama diqqət yetirməyimizin vacibliyini qeyd edib.

 

- Ukraynalı məşqçilər atletik futbola üstünlük verdiyinə görə, fiziki hazırlıq vacibdir onlar üçün…

- Əksinə, Maksimov texnikalı futbola üstünlük verəcək. Çünki bizdən bunu istəyir.

 

- Bəs, komandaya yeni qoşulan futbolçular kömək edəcək gücdədirlər?

- Xeyri dəyəcək futtbolçulardı. Baş məşqçi hər birini hazırlıq prosesində, yoxlama oyunlarında sınayır. Kim diqqətini cəlb edir, istədiyini ala biləcəyini düşünür, onu komandada saxlayır. Yenilərin adını bir-bir çəkmək istəmirəm. Ümumi götürdükdə, pis deyillər. Həm də “transfer pəncərəsi” bağlanmayıb. Yəqin yenə 1-2 futbolçu qoşulacaq. İndidən deyə bilərəm ki, qışdan sonra başqa “Keşlə” görəcəksiniz.

 

- Qış fasiləsinə qədər “Keşlə” daha çox maliyyə sıxıntıları və futbolçuların bəzi oyunlarda bilərəkdən zəif oynaması ilə yadda qaldı. Fasilədən sonra bunların təsirindən tamamilə qurtula biləcəksiniz?

- Maliyyə ilə bağlı vəziyyətin yaxşı olacağını deyiblər. Rəhbərlik deyibsə, deməli, bildiyi nəsə var ki, futbolçulara bunu açıqlayıblar. Məncə, neqativ təsirlər keçmişdə qaldı.

 

- “Keşlə”nin ölkə kubokunu qazanıb avrokuboklara yollanmaq şansı var. Bunu real hesab edirsinizmi?

- Avrokuboklara qısa yol ölkə kubokunu qazanmaqdan keçir. Bizim də belə istəyimiz var. Əlbəttə, çempionatdakı durumumuz da yaxşı deyil və bunu düzəltmək üçün çalışacağıq.

0