[b]Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də[/b]
17.01.2018 - 09:00
[b]Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də[/b]

“Neftçi” dövrələrarası fasilədə heyətinə növbəti futbolçunu cəlb edib. Klubdan apasport.az saytına verilən məlumata görə, bakılılar qış fasiləsində ilk əcnəbi transferini gerçəkləşdiriblər.

 

Belə ki, Aqil Məmmədov, İlkin Qırtımov və Fərid Abbaslıdan sonra paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsiya “Neftçi” ilə münasibətləri rəsmiləşdirib. Paraqvay klubu "Serro Portenyo”nu Azərbaycan təmsilçisinə dəyişən hücumameyilli futbolçu yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.

 

“Neftçi” pleymeyker mövqeyi ilə yanaşı, sağ və sol cinah yarımmüdafiəçisi kimi də oynamağı bacaran Fransisko Xavyer Qarsiya Quezadanın ilk Avropa klubu olacaq. Karyerasının böyük hissəsini ölkəsində keçirən 27 yaşlı oyunçu Paraqvaydan kənarda yalnız Kolumbiya “Atletiko”sunun formasını geyinib.

 

Karyerası ərzində həmçinin “İndependiente”, “Lukeno” və “Kapiata” klublarında da çıxış etmiş Qarsiya son klubu "Serro Portenyo”ya ötən ilin yayında “Nasional”dan keçmişdi.

0