[b]Nazarov “partlayış” etmək istəyir: Bir il əvvəlki kimi qayıda bilərəm[/b]
23.01.2018 - 12:53
[b]Nazarov “partlayış” etmək istəyir: Bir il əvvəlki kimi qayıda bilərəm[/b]

“İstirahət mənə faydalı oldu. Yenə isti yerə, Abu-Dabiyə getmişdim. Orda hava günəşli idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.

 

II Bundesliqa klubu “Aue”nin formasını geyinən yarımmüdafiəçi Almaniya mətbuatına açıqlama verib. O, çempionatda yaranmış fasilədən maksimum yararlandığını və ikinci dövrəyə hazır olduğunu bildirib.

 

Nazarov ötən mövsüm olduğu kimi, qış fasiləsindən sonrakı oyunu ilə “partlayış” etmək istədiyini deyib: “Yenidən tam hazıram. Bir il əvvəlki kimi qayıda bilərəm. Komandaya kömək etmək gücündə olduğumu bilirəm. Fasiləyə qədər uğursuz oyunlarımız da oldu. Amma vacib xallar toplaya bildik. Liqada bəzi komandalardan üstünlüyümüz var. Əvvəldən bilirdik ki, çempionatda qalmaq uğrunda mübarizədə rəqiblərimiz “Darmştadt”, “Braunşveyq”, “Kayzerslautern” və “Qreyter Fürt” olacaq. Ağıllı şəkildə işləməyə davam etməliyik”.

 

Nazarovun komandası çempionatın XIX turu çərçivəsində, yanvarın 24-də “Düsseldorf”un qonağı olacaq. “Aue” 18 turdan sonra 13-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Nazarov ötən mövsüm qış fasiləsindən sonrakı oyunu ilə “Aue”nin II Bundesliqada qalmasında mühüm rol oynamışdı.

0