[b]Bakı klubunun avrokubokdan kənarlaşdırılmasının səbəbi açıqlandı[/b]
05.02.2018 - 12:39
[b]Bakı klubunun avrokubokdan kənarlaşdırılmasının səbəbi açıqlandı[/b]

“Avrokubok mövsümünə çox yaxşı başladıq”. Apasport.az saytının məlumatına görə, bunu İsveçin qadın həndbolçulardan ibarət “Kristianstad” klubunun baş məşqçisi Ulf Şebfert deyib.

 

Təcrübəli mütəxəssis komandasının “Çelenc Cup”ın 1/8 final mərhələsində Bakı “Azəryol”u ilə görüşünü analiz edib. Avrokubokda mübarizəyə Azərbaycan təmsilçisi ilə başlayan “Kristianstad”ın çalışdırıcısı bildirib ki, səfərdə hər 2 görüşdə qələbə qazanmaları heç də çətin olmayıb: “Düzdü, ilk oyunun əvvəlində rəqib bizə bir qədər çətinlik yaratdı. Yalnız bunun öhdəsindən gəlib, matçı istədiyimiz sonluğa daşıya bildik. Hesabda geri düşməyə öyrəşməmişik. Adətən oyunu nəzarətdə saxlamağı xoşlayırıq. Lakin nəzərə almalıyıq ki, rəqib komanda da öz çempionatında liderlik edir. Heyətlərində də çox güclü oyunçular var. “Azəryol”un sağ cinahı daha təhlükəli idi ki, bu, hər 2 matçda bizə problem yaradırdı”.

 

Şebfert Bakıda ilk matçda 30:23, ikinci oyunda 27:18 hesabı ilə qalib gəlmələrinin sirrini də açıqlayıb: “Mərhələ adlamağımızın əsas səbəbi Bakı klubunu daha yaxşı öyrənməyimizdi. Düşünürəm ki, onlar bizi bu qədər analiz etməmişdilər. Qarşılaşmalarda məni sevindirən digər məqam isə bütün yetirmələrimə şans verməyim oldu”.

 

Qeyd edək ki, “Azəryol”un məğlubiyyəti ilə həndbolçularımız üçün avrokubokun 2017/2018 mövsümü də başa çatıb. 

0